Ringvold (Ringvold) Norveçə qarşı -34964/97

Qərar 11.2.2003 [III Bölmə]

Maddə 6

Mülki icraatlar

6-cı Maddənin 2-ci bəndi

Təqsirsizlik prezumpsiyası

Eyni faktlarla bağlı cinayət işində öncədən bəraət almış şəxsə mülki məhkəmə prosesində təzminatın verilməsi: pozuntu yoxdur

Faktlar - Təqsirləndirilən şəxs azyaşlılara qarşı cinsi zorakılıq ittihamlarından bəraət almışdır. Məhkəmə həmçinin zərərçəkən şəxsin təzminat ilə bağlı iddialarını rədd etmişdir. Buna baxmayaraq, o, bu imtina ilə bağlı Ali Məhkəməyə şikayət vermiş və Ali Məhkəmə öz növbəsində şəhər məhkəməsinə şifahi sübutların alınması və cinayət işindən bəzi sənədlərin işə daxil edilməsi barədə tapşırıq vermişdir. Ali Məhkəmə işə mülki prosessual qaydalar əsasında baxmış və tərəfləri və çoxsaylı şahidləri dinlədikdən sonra, ərizəçi tərəfindən zərərçəkən şəxsə 75 000 Norveç kronu təzminat ödəməsi haqqında qərar çıxarmışdır. Məhkəmə "... işin cinayət və mülki nəticələri üçün sübutetmə tələbinin fərqli olduğunu" qeyd etmişdir. Bununla bağlı, o qeyd etmişdir ki, müdafiə tərəfinin nüfuzu ilə bağlı ciddi nəticələrə gətirib cıxaracağı nəzərə alınaraq, mülki prosesdə sübutetmə tələbi ehtimalların tarazlaşdırılmasından daha ciddi olsa da, bu sübutetmə cinayət məsuliyyətinin müəyyən olunmasındakı qədər ciddi deyildir. Bu test, ehtimalların tarazlaşdırılması vasitəsilə, cinsi zorakılığın "aşkar ehtimal olaraq" törədilib-törədilməməsi ilə bağlıdır. Nəhayət, məhkəmə vurğulamışdır ki, onun bu qərarı ərizəçi barəsindəki bəraət qərarına təsir etmirdi.

Hüquqi məsələlər - Maddə 6 § 2: Təzminat ilə bağlı məhkəmə prosesi Mülki İcraat Məcəlləsinin müddəalarına əsasən həyata keçirilirdi və iddia Ali Məhkəmənin qərarında "mülki" olaraq təsvir olunmuşdur. Belə ki, təzminat ilə bağlı iddia yerli qanunvericiliyə əsasən "cinayət ittihamı" olaraq nəzərdə tutulmamışdır. Məhkəmə prosesinin mahiyyətinə gəldikdə isə, iddia zərərlə bağlı mülki qanunun ümumi müddəalarına əsasən müəyyən olunmalı idi. Cinayət prosesinin nəticələri mülki iddia üçün həlledici deyildi; təzminat məsələsi cinayət məsuliyyətinə tətbiq edilmiş müddəalardan bir sıra mühüm aspektdən fərqlənən meyar və sübut standartlarına əsasən ayrı hüquqi qiymətləndirməyə əsaslanmalı idi. Nə mülki iddianın qaldırılmasına səbəb olan hərəkətlərin həm də cinayət əməlinin müvafiq obyektiv elementləri ilə müşayiət olunması faktı, nə də cinayət işi üzrə sübutların mülki hüquqlarla bağlı nəticələrin müəyyənləşdirilməsi üçün istifadə olunması faktı cavabdehin" cinayət əməli törətməkdə ittiham olunduğu"nu iddia etmək üçün kifayət qədər əsas vermir. Əks halda, Maddə 6 § 2 məhkəməyə müraciət etmək hüququna özbaşına və qeyri-mütənasib məhdudiyyət yaradar və zərərçəkən şəxsin təzminat iddiası qaldırmaq imkanlarına arzuolunmaz təsir göstərə bilər. Bu cür geniş şərh nə Maddə 6 § 2-nin müddəaları, nə də Razılığa gələn Dövlətlərin ümumi yanaşmasına əsaslanmır. Nəticədə, bəraət daha az sərt hesab olunan sübutlara əsaslanmaqla təzminatın ödənilməsi ilə bağlı mülki məsuliyyəti aradan qaldırmamalıdır. Hazırki işdə, bəraət barədəki qərardan fərqli bir qərarda, Ali Məhkəmə ərizəçinin cinayət məsuliyyəti daşıdığını qərara almaq üçün bütün şərtlərin yerinə yetirildiyini birbaşa və ya dolayı şəkildə ifadə etməmişdir. Bundan əlavə, nə təzminatın ödənilməsi məqsədi, nə də onun həcmi bu işə Maddə 6 § 2 altında cinayət cəzası xarakteri vermirdi. Yekun olaraq, təzminat işi cinayət işinin davamı deyildi və onlar arasındakı əlaqə Maddə 6 § 2-nin əhatə dairəsini genişləndirib təzminatla bağlı işə tətbiq olunması üçün kifayət deyildi.

Nəticə: pozuntu yoxdur (yekdilliklə).