Edvards və Levis (Edwards and Lewis) Birləşmiş Krallığa qarşı [BP] - 39647/98 və 40461/98

Qərar 27.10.2004 [BP]

Maddə 6

6-cı Maddənin 1-ci bəndi

Ədalətli məhkəmə araşdırması

Prokurorluq tərəfindən ictimai maraqlar əsası ilə əldə olunmuş materialların gizli əməliyyatla bağlı işdə müdafiə tərəfinə açıqlanmaması: pozuntu

Faktlar - Birinci ərizəçi gizli polis əməkdaşı ilə birlikdə ikən həbs olunmuş və narkotik maddə ilə bağlı cinayətə görə məhkum olunmuşdur. Cinayətdə ittiham olunan yeganə şəxs ərizəçi olduğundan, o, digər iştirakçıların da gizli polis əməkdaşları və ya polis təlimatı əsasında fəaliyyət göstərən polis informatorları olduqlarından şübhələnirdi. Məhkəmədən öncə prokurorluq orqanı müdafiə tərəfinə məlumat vermişdir ki, sübutun açıqlanmaması barədə ex parte müraciət edilmişdir. Müdafiə tərəfinin iştirakı olmadan materialları nəzərdən keçirən hakim müdafiə tərəfinin xahişini qəbul etməyəcəyi və bu sübutların açıqlanmaması üçün həqiqi ictimai marağın mövcud olması barədə nəticə çıxarmışdır. Qərardad müdafiə tərəfinin ifadələrini dinləndikdən sonra məhkəmə hakimi tərəfindən qüvvədə saxlanmışdır. Məhkəmə hakimi, ərizəçinın cinayət üstündə yaxalandığını əsas gətirərək gizli polis əməkdaşının ifadəsinin çıxarılması barədə vəsatəti də rədd etmişdir. Ərizəçinın hökmdən verdiyi apellyasiya şikayəti, açıqlanmayan materialı nəzərdən keçirən Apellyasiya Məhkəməsi tərəfindən rədd edilmişdir.

Saxta pul əskinazlarının təchiz olunması ilə bağlı məhkum olunan ikinci ərizəçi də gizli polis əməkdaşı və ya polis informatoru tərəfindən təhrik edildiyini bildirmişdir. Sübutun açıqlanmaması barədə prokurorluğun ex parte müraciətini araşdıran hakim ictimai maraqlar əsasıyla sübutu açıqlama qərarı verməkdən imtina etmişdir. O, gizli polis agentlərindən əldə olunan sübutları kənarlaşdırmaqdan da imtina etmişdir. Nəticədə, ərizəçi təqsirini etiraf etmişdir.

Hüquqi məsələlər - Maddə 6 § 1: İşin Böyük Palataya göndərilməsini xahiş edən Hökumət artıq göndərilmə prosesinə can atmadıqlarını və Böyük Palatanın Palatanın qərarını dəstəkləməsinin lehinə olduğunu bildirdi. Böyük Palata Palatanın nəticələrindən kənara çıxmaq üçün heç bir əsas görmədiklərini və Palata tərəfindən qeyd edilmiş əsaslarla, 6-cı Maddənin pozulduğunu elan etmişdir.

[Palatanın qərarının xülasəsi - Ədalətli məhkəmə araşdırması tələbləri polis təhrikinin nəticəsi olaraq əldə edilmiş sübutların istifadəsini istisna edir. İngilis qanunvericiliyində təhrik maddi müdafiə arqumenti olmasa da, bu hal məhkəməni ya məhkəmə prosesindən sui-sitifadə əsası ilə işə xitam vermək, ya da təhrik yolu ilə əldə edilmiş sübutları kənarlaşdırmaq öhdəliyi qarşısında qoyur. Müvafiq məlumatlar açıqlanmadığından, hazırki işlərdə 6-cı Maddəyə zidd təhrikin olub-olmadığını müəyyən etmək mümkün deyil. Bu səbəbdən,müdafiə hüquqlarınına adekvat qaydada riayət edildiyindən əmin olmaq üçün hər bir iş üzrə təhrik arqumentinin müəyyənləşdirildiyi prosesin Məhkəmə tərəfindən yoxlanılması zəruridir. 6-cı Maddə, çəkişmə prosesi və tərəflərin bərabərliyi prinsiplərinə riayət olunmasından əlavə tələb edir ki, ittiham tərəfi bütün maddi sübutları müdafiə tərəfinə açıqlamalıdır. Bu hüquq mütləq deyil, müdafiə tərəfinin hüquqlarını məhdudlaşdıran, lakin zəruri hesab edilən bu cür tədbirlərə icazə verilir. Bundan əlavə, müdafiə tərəfi üçün yaranan çətinlik, ondan sonra gələn və mümkün dərəcədə çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin tələblərinə uyğun olan və adekvat təminatlar verən prosedurlar vasitəsilə balanslaşdırılmalıdır. Jasper-in işində (16 fevral 2000-ci il qərarı) Məhkəmə hesab etmişdi ki, bu, 6-cı Maddənin müddəalarına riayət etmək üçün kifayət idi, belə ki, məhkəmə hakimi məhkəmə işi haqqında tam məlumatı əsasında dövlət marağı və müdafiə hüquqları arasında balanslaşdırma həyata keçirmişdi. Buna baxmayaraq, həmin işdə vacib məqam o idi ki, gizli saxlanılan sübutlar ittiham materiallarına daxil edilməmiş və andlılara təqdim edilməmişdi. Əksinə, hazırki işdə fakt ilə bağlı olan və ya əlaqədar olması ehtimal edilən açıqlanmamış sübutlar məhkəmə hakiminin qərar verəcəyi işlə bağlı idi. Təhrik nəticəsində əldə olunan sübutların istisna edilməsi barədə müraciətlər çox böyük əhəmiyyət daşıyırdı, çünki bu müraciətin uğuru işin xitamına gətirib çıxara bilərdi və açıqlanmamış sübutlar bu müraciətlər ilə əlaqəsi olan faktlarla bağlı ola bilərdi. Sübutların açıqlanmaması müdafiə tərəfinə işin təhriklə bağlı olmasını tam şəkildə sübut etməyə imkan verməmişdir. Bundan əlavə, təhrik arqumentini rədd edən hakimlər artıq həmin məsələ ilə əlaqədar ola biləcək ittiham sübutlarını nəzərdən keçirmişlər. Belə olan halda, proses çəkişməli məhkəmə prosesi və tərəflərin bərabərliyi prinsipi tələblərinə cavab verməmiş və təqsirləndirilən şəxsin maraqlarını müdafiə etmək üçün adekvat təminatlar nəzərdə tutmamışdır].

Nəticə: pozuntu (yekdilliklə).