Avropa İnsan Hüquqları Məhkəməsi
İKİNCİ SEKSİYA
ÜLKƏ (ÜLKE) TÜRKİYƏYƏ QARŞI məhkəmə işi
(Ərizə Nº 39437/98)
QƏRAR
Strasburq
24 yanvar 2006-cı il
Qüvvəyə minmə tarixi
24.04.2006
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli düzəlişlər edilə bilər.
Ülkə Türkiyəyə qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (İkinci Seksiya), hakimlər:
cənab J.-P. Kosta (J.-P. Costa), sədr;
cənab A.B. Baka (A.B. Baka);
cənab R. Türmən (R. Türmen);
cənab K. Yunqvert (K. Jungwiert);
cənab M. Uqrexelidze (M. Ugrekhelidze);
xanım A. Mularoni (A. Mularoni);
xanım E. Fura-Sandström (E. Fura-Sandström);
habelə Seksiya katibi xanım S. Dolledən (S. Dollé) ibarət tərkibdə Palatada iclas keçirərək,
15 noyabr 2005-ci ildə və 5 yanvar 2006-cı ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) keçmiş 25-ci maddəsinə əsasən Türkiyə vətəndaşı cənab Osman Murat Ülkə (“ərizəçi”) tərəfindən 22 yanvar 1997-ci ildə Məhkəməyə təqdim edilmiş Türkiyə Respublikasına qarşı ərizə (Nº 39437/98) əsasında başlanmışdır.
2. Ərizəçini Esseks Universitetinin professoru cənab K. Boyl və Esseksdə vəkillik fəaliyyəti ilə məşğul olan cənab T. Fişer təmsil etmişlər. Türkiyə Hökumətini (“Hökumət”) onun nümayəndəsi təmsil etmişdir.
3. Ərizəçi konkret olaraq iddia etmişdir ki, əqidəsinə görə hərbi qulluqdan imtina edən şəxs statusuna iddia etdiyinə görə ona qarşı bir sıra ittiham hökmləri ilə nəticələnmiş məhkəmə prosesləri silsiləsi Konvensiyanın 3, 5, 8 və 9-cu maddələrini pozub.
4. Ərizə 11 saylı Protokolun qüvvəyə mindiyi tarixdə, 11 noyabr 1998-ci ildə Məhkəməyə baxılmağa verilmişdir (11 saylı Protokolun 5-ci maddəsinin 2-ci bəndi).
5. Ərizə Məhkəmənin İkinci Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 26-cı Qaydanın 1-ci bəndinə uyğun olaraq, həmin Seksiyanın tərkibində işə baxacaq Palata təşkil edilmişdir (Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi).
6. 1 iyun 2004-cü il tarixli qərarı ilə Palata ərizəni qəbul olunan elan etmişdir.
7. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə yazılı izahatlarını təqdim etmişlər (59-cu Qaydanın 1-ci bəndi).
8. 1 noyabr 2004-cü ildə Məhkəmə öz Seksiyalarının təşkilində dəyişiklik etmişdir (25-ci Qaydanın 1-ci bəndi). Bu iş yeni təşkil edilmiş İkinci Palatanın icraatına verilmişdir (52-ci Qaydanın 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1970-ci ildə anadan olub və İzmirdə yaşayır.
10. 1985-ci ilədək o, Almaniyada yaşayıb, təhsilinin bir hissəsini orda başa vurub. Sonradan Türkiyəyə köçərək orada təhsilini davam etdirib və sonra universitetə gedib.
11. 1993-cü ildə o, 1992-ci ildə təsis edilmiş Müharibə Əleyhdarları Dərnəyinin (Savaş Karşıtları Derneği – “SKD”) aktiv üzvünə çevrildi. 1993-cü ilin sonunadək o, SKD-ni müxtəlif ölkələrdə keçirilən müxtəlif beynəlxalq konfranslarda təmsil etdi. 1993-cü ildə SKD ləğv olunduqdan sonra İzmir Müharibə Əleyhdarları Dərnəyi (İzmir Savaş Karşıtları Derneği – “İSKD”) təsis edildi və ərizəçi 1994-cü ildən 1998-ci ilədək onun sədri qismində fəaliyyət göstərdi.
12. 1995-ci ilin avqustunda ərizəçi hərbi xidmətə çağırıldı. O, pasifist (sülhpərvər) əqidələrini əsas gətirərək hərbi xidmətə getməkdən imtina etdi və 1 sentyabr 1995-ci ildə İzmirdə mətbuat konfransında çağırış vərəqələrini ictimaiyyət qarşısında yandırdı.
13. 8 oktyabr 1996-cı ildə o, həbs olundu. 18 oktyabr 1996-cı ildə o, Ankara Hərbi Baş Qərargah Məhkəməsi (“Baş Qərargah Məhkəməsi”) yanında fəaliyyət göstərən hərbi prokuror tərəfindən Cinayət Məcəlləsinin 155-ci maddəsinə və Hərbi Cəza Məcəlləsinin 58-ci maddəsinə əsasən çağırışçıları hərbi qulluqdan yayınmağa təhrik etməkdə ittiham edildi.
14. 28 yanvar 1997-ci il tarixli hökmündə Ankara Baş Qərargah Məhkəməsi 18 oktyabr 1996-cı il tarixli ittihamnamə əsasında ərizəçini altı aylıq azadlıqdan məhrum edilmə və cərimə cəzasına məhkum etdi. Məhkəmə həmçinin ərizəçinin fərari olduğunu müəyyən etdi və məhkəmə yanında fəaliyyət göstərən hərbi prokurora göstəriş verdi ki, onu hərbi qulluğa cəlb etsin.
15. 3 mart 1997-ci ildə ərizəçi hüquqi məsələlərlə bağlı apellyasiya şikayəti verdi. O, şikayətini əsaslandırarkən digər müddəalarla yanaşı Konvensiyanın 9-cu və 10-cu maddələrinə istinad edərək iddia etdi ki, əqidəsinə görə hərbi qulluqdan imtina edən şəxsdir.
16. 13 iyul 1997-ci il tarixli qərarı ilə Hərbi Kassasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladı.
17. Bu ərəfədə ərizəçi 22 noyabr 1996-cı ildə Bilecik jandarmeriya komandanlığı nəzdindəki 9-cu alaya göndərilmişdi. O, hərbi forma geyməkdən və ya alay zabitinin əmrlərini yerinə yetirməkdən imtina etdi. O, alayın həbsxanasına salını və orada da hərbi forma geyməkdən imtina etdi.
18. 26 noyabr 1996-cı ildə Eskişehir Taktiki Hava Qüvvələri Komandanlığı Məhkəməsi (“Komandanlıq Məhkəməsi”) yanında fəaliyyət göstərən hərbi prokuror ərizəçini “inadkarcasına itaətsizlikdə” ittiham etdi və Hərbi Cəza Məcəlləsinin 87-ci maddəsinə əsasən məhkum olunmasını tələb etdi.
19. Komandanlıq Məhkəməsi təcili icraatdan sonra ərizəçinin hərbi forma geyməkdən imtina etməsi ilə bağlı qərar çıxararaq 2 dekabr 1996-cı il tarixli hökmü ilə intizam tədbiri qismində onun ziyarətçiləri ilə görüşmək hüququnu on beş gün müddətinə məhdudlaşdırdı.
20. Sonda 6 mart 1997-ci il tarixli hökmü ilə Komandanlıq Məhkəməsi onu “inadkarcasına itaətsizliyə” görə beş ay müddətinə azadlıqdan məhrum etdi.
21. 4 iyul 1997-ci ildə Hərbi Kassasiya Məhkəməsi 6 mart 1997-ci il tarixli hökmü qüvvədə saxladı.
22. Bu arada ərizəçi 27 dekabr 1996-cı ildə azadlığa buraxıldıqdan sonra alayına qayıtmadı. O, tutuldu və həbsxanaya salındı.
23. 7 mart 1997-ci ildə o, Komandanlıq Məhkəməsi yanında fəaliyyət göstərən hərbi prokuror tərəfindən fərarilikdə və “inadkarcasına itaətsizlikdə” ittiham edildi.
24. 23 oktyabr 1997-ci il tarixli hökmü ilə Komandanlıq Məhkəməsi ərizəçini on ay müddətinə azadlıqdan məhrum edilmə və cərimə cəzasına məhkum etdi.
25. Bu ərəfədə 29 may 1997-ci ildə onu belə bir şərtlə azad etmişdilər ki, hərbi xidmət keçmək üçün mayın 31-də alayına qayıtsın. O bunu etmədiyinə görə 9 oktyabr 1997-ci ildə tutulmuş və Komandanlıq Məhkəməsinin 6 mart 1997-ci ildə təyin etdiyi cəzanı çəkməsi üçün Eskişehir həbsxanasına göndərilmişdi.
26. 16 oktyabr 1997-ci il tarixli ittihamnamədə Komandanlıq Məhkəməsi yanında fəaliyyət göstərən hərbi prokuror ərizəçinin 31 may 1997-ci il ilə 9 oktyabr 1997-ci il arasında fərariliyinə görə məhkum edilməsini tələb etdi.
27. 22 yanvar 1998-ci ildə Komandanlıq Məhkəməsi ittiham aktındakı ittihamlar əsasında ərizəçini on ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum etdi.
28. 30 sentyabr 1998-ci il tarixli qərarı ilə Hərbi Kassasiya Məhkəməsi 22 yanvar 1998-ci il tarixli ittiham hökmünü qüvvədə saxladı.
29. 26 yanvar 1998-ci ildə ərizəçi nəzarət altında Bilecikdəki alayına göndərildi. O, hərbi forma geyməkdən imtina etdiyinə görə həbs edildi.
30. 11 iyun 1998-ci il tarixli hökmü ilə Komandanlıq Məhkəməsi onu 28 yanvar 1998-ci ildə baş vermiş insidentlərə görə yeddi ay on beş gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum etdi.
31. 7 oktyabr 1998-ci ildə Hərbi Kassasiya Məhkəməsi 11 iyun 1998-ci il tarixli hökmü qüvvədə saxladı.
32. 20 mart 1998-ci ildə alayına geri göndərildikdən sonra ərizəçi hərbi forma geyməkdən imtina etdiyinə görə 21 mart 1998-ci ildə həbs edildi.
33. 4 may 1998-ci il tarixli hökmü ilə Komandanlıq Məhkəməsi onu 20 və 21 mart 1998-ci ildə göstərdiyi “inadkarcasına itaətsizliyə” görə yeddi ay on beş gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum etdi.
34. 7 oktyabr 1998-ci ildə Hərbi Kassasiya Məhkəməsi 4 may 1998-ci il tarixli hökmü qüvvədə saxladı.
35. Bu ərəfədə 4 may 1998-ci ildə ərizəçi alayına geri göndərilmiş və orada hərbi forma geyməkdən imtina etmişdi.
36. 11 iyun 1998-ci il tarixli hökmü ilə Komandanlıq Məhkəməsi onu 4 may 1998-ci ildə baş vermiş insidentə görə yeddi ay on beş gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum etmişdi.
37. 7 oktyabr 1998-ci il tarixli qərarı ilə Hərbi Kassasiya Məhkəməsi birinci instansiya məhkəməsinin 11 iyun 1998-ci il tarixli hökmünü qüvvədə saxladı.
38. Ərizəçi 24 noyabr 1998-ci ildə alayına göndərildi, amma yenə də hərbi forma geyməkdən imtina etdi.
39. O, 24 noyabr 1998-ci il insidentlərinə görə cinayət təqibinə məruz qalaraq həbs edildi və 26 noyabr 1998-ci ildə Komandanlıq Məhkəməsi onu yeddi ay on beş gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum etdi.
40. 22 sentyabr 1999-cu il tarixli qərarı ilə Hərbi Kassasiya Məhkəməsi 26 noyabr 1998-ci il tarixli hökmü qüvvədə saxladı.
41. Sonuncu ittiham hökmündən sonra təyin olunmuş azadlıqdan məhrum edilmə cəzası istisna olmaqla, ərizəçi yuxarıdakı ittiham hökmlərinin nəticəsində ümumilikdə həbsxanada 701 gün cəza çəkdi. O, gizləndiyinə görə hazırda ittiham hökmünün icrası üçün təhlükəsizlik qüvvələri tərəfindən axtarışdadır. O, daha dərnəkdə fəaliyyət göstərmir və ya hər hansı digər siyasi fəaliyyətlə məşğul olmur. Onun rəsmi ünvanı yoxdur və hakimiyyət orqanları ilə bütün təmasları kəsib. O, nişanlısının evində məskunlaşıb. Ərizəçi onunla qanuni nikaha girə, yaxud ondan olan oğlunu rəsmən qeydə aldıra bilmir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
42. Konstitusiyanın 72-ci maddəsində deyilir:
“Vətənə xidmət hər bir Türkiyə vətəndaşının hüququ və vəzifəsidir. Həmin xidmətin silahlı qüvvələrdə və ya mülki qulluq vasitəsilə yerinə yetirilməsinin və ya yerinə yetirilmiş sayılmasının şərtləri qanunvericiliklə müəyyən edilir”.
43. Hazırda qüvvədə olan hüquq normaları yalnız silahlı qüvvələrdə hərbi xidməti tənzimləyir. Qanunla hər hansı alternativ mülki qulluq nəzərdə tutulmayıb.
44. Hərbi xidmət haqqında Qanunun (17 iyul 1927-ci il tarixli 1111 saylı Qanunun) 1-ci maddəsində deyilir:
“... Türkiyə vətəndaşı olan hər bir kişi hərbi xidməti yerinə yetirilməyə borcludur”.
45. Hərbi xidmət haqqında Qanunun 10-cu maddəsinin 2-ci bəndinə əsasən, çağırışçıların sayıb silahlı qüvvələrin tələbatından artıq olduqda onlara əsas hərbi təlimi keçildikdən sonra vergi ödənişi müqabilində və ya dövlət sektorunda qulluqlarını başa çatdırmaları üçün onların daha qısa müddətə hərbi xidmət keçmələrinə icazə verilə bilər.
46. Hərbi Cəza Məcəlləsində nəzərdə tutulur ki, çağırışçılar hərbi xidmət üçün şəxsi heyətin siyahısına daxil edildikdən sonra təyin olunduqları hərbi hissəyə hesabat verməlidirlər, bunu etməsələr, qanunsuz olaraq xidmətdən yayınmış hesab edilir və Hərbi Cəza Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunurlar. Hər hansı əlavə itaətsizlik aktı “inadkarcasına itaətsizlik” sayılır və Hərbi Cəza Məcəlləsinin 87/1-ci maddəsinin tətbiq dairəsinə düşür.
47. Cinayət Məcəlləsinin 155-ci maddəsinin müvafiq hissəsində deyilir:
“... Hərbi xidmətdən yayınmağa təhrik etmə.
Çağırışçıları hərbi xidmətdən yayınmağa təhrik etmə ... iki aydan iki ilədək müddətə azadlıqdan məhrum edilmə və cərimə cəzası ilə cəzalandırılan hüquq pozuntusudur ... (əvvəlki maddələrdə nəzərdə tutulan hallar istisna olmaqla)...”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
48. Ərizəçi şikayət etdi ki, pasifist və əqidəsinə görə hərbi qulluqdan imtina edən şəxs olaraq əqidəsi ucbatından cinayət təqibinə məruz qalıb və məhkum edilib. Bununla əlaqədar olaraq, o, Konvensiyanın 3, 5, 8 və 9-cu maddələrinə istinad etdi.
A. Tərəflərin arqumentləri
49. Ərizəçi qeyd etdi ki, hər dəfə hərbi formanı geyməkdən imtina edərkən məhkum olunaraq azadlıqdan məhrum edilib. Hər dəfə azad olunarkən nəzarət altında alayına qaytarılıb və sonra yenə də hərbi formanı geyməkdən imtina etdiyinə görə məhkum olunaraq azadlıqdan məhrum edilib. O, bildirdi ki, əqidəsi nəticəsində üzləşdiyi məhkəmə prosesləri silsiləsi və ittiham hökmləri davamlı situasiya şəklini alıb. Ərizəçinin sözlərinə görə, daimi cinayət təqibləri və ittiham hökmləri silsiləsi 9-cu maddəyə zidd olan müdaxiləyə bərabərdir və milli hakimiyyət orqanlarının qarşılarına qoyduqları məqsədlərə mütənasib deyil.
Ərizəçi daha sonra iddia etdi ki, Avropadakı son irəliləyişlər göstərib ki, hərbi xidmətin inkar edilməsi və əqidəyə görə hərbi qulluqdan imtina seçiminin edilməsi indi oturuşmuş hüquqa çevrilmişdir. Avropa Şurasının yeni üzvü olan dövlətlərin prinsipcə hamısı bu hüququ tanıyıblar. Avropa Şurasının Əsas hüquqlar haqqında Xartiyası da əqidəyə görə hərbi qulluqdan imtina hüququnu tanıyıb. O, iddia etdi ki, Türkiyə Avropa Şurasının üzvü olan iyirmi altı dövlət arasında yeganə dövlətdir ki, hərbi qulluq haqqında xüsusi qanun qəbul edib və orada bu hüququ tanımayıb.
50. Hökumət bildirdi ki, 9-cu maddə hazırkı işə tətbiq edilə bilməz. O, iddia etdi ki, Konvensiya orqanlarının oturuşmuş presedent hüququna əsasən, Konvensiya mahiyyət etibarı ilə fərdə əqidəsinə görə hərbi qulluqdan imtina hüququ vermir.
51. İşin mahiyyətinə gəldikdə, Hökumət qeyd etdi ki, daxili qanunvericilikdə hərbi xidməti yerinə yetirmək öhdəliyi Türkiyə vətəndaşı olan bütün kişilərə şamil olunur və əqidə səbəbindən hər hansı istisnaya yol verilmir. O, qeyd etdi ki, ərizəçi hərbi intizam qaydalarını pozaraq hərbi əmrlərə tabe olmamaqda təqsirkar bilinib. Hökumətin bildirdiyinə görə, ərizəçinin ittiham edildiyi hüquq pozuntusu, yəqin ki, çağırışçılar arasında müəyyən narahatlığa, yaxud hətta təfriqəçiliyə səbəb ola bilərdi və həmin pozuntu cinayət cəzasına haqq qazandırırdı. Hökumət daha sonra Hyudens Belçikaya qarşı (ərizə N 24630/94, Komissiyanın 22 may 1995-ci il tarixli qərarı) və Autio Finlandiyaya qarşı (ərizə N 17086/90, Komissiyanın 6 dekabr 1991-ci il tarixli qərarı) işlərə istinad edərək iddia etdi ki, Konvensiyanın 9-cu maddəsi 4-cü maddənin işığında şərh olunmalıdır və əqidəyə görə hərbi qulluqdan imtina hüququ Konvensiya ilə tanınmayan hüquqdur.
B. Məhkəmənin qiymətləndirməsi
52. Ərizənin qəbul edilənliyinə dair qərarında Məhkəmə işin mahiyyətinə baxarkən eyni zamanda 9-cu maddənin tətbiq məsələsinə də baxmağı qərara alıb. Lakin o, hesab edir ki, hazırkı işə aşağıdakı səbəblərə görə Konvensiyanın 3-cü maddəsi əsasında baxılmalıdır.
53. Məhkəmə qeyd edir ki, Tlimmenos Yunanıstana qarşı iş üzrə qərarında ([Böyük Palatanın qərarı], ərizə N 34369/97, b. 43, AİHM 2000‑IV) o, ərizəçinin öncə məhkum edilməsinin və daha sonra hakimiyyət orqanlarının ona peşəsi üzrə işləməyə icazə verməkdən imtina etmələrinin onun 9-cu maddənin 1-ci bəndində nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil edib-etmədiyini araşdırmağı zəruri hesab etməyib. Konkret olaraq, Məhkəmə təsdiq edib ki, 4-cü maddənin 3 (b) bəndində qeyd edilənlərə baxmayaraq, o, həmin işdə əqidəsinə görə məcburi hərbi qulluqdan imtina edənlərə bu cür sanksiyaların tətbiqinin özlüyündə 9-cu maddənin 1-ci bəndi ilə təmin olunan fikir, vicdan və din azadlığı hüququnu pozub-pozmaması məsələsinə baxmalı deyil.
54. Eyni sözlər hazırkı işə də aiddir. Bu iş Konvensiyanın 3-cü maddəsi üzrə ciddi məsələlər qaldırdığına görə, Məhkəmə 9-cu maddənin bu işə tətbiqinin mümkünlüyünü araşdırmaqda davam etməyi zəruri hesab etmir.
55. Konvensiyanın 3-cü maddəsində deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
56. Bu maddə demokratik cəmiyyətin təməl dəyərlərindən birini təsbit edir (bax: Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il tarixli qərar, A seriyaları, c. 161, s. 34, b. 88) və hər hansı istisna nəzərdə tutmur. Bu maddədəki öhdəliklərdən hətta Konvensiyanın 15-ci maddəsi əsasında müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı geri çəkilməyə yol verilmir (bax: Çahal Birləşmiş Krallığa qarşı, 15 noyabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996‑V, s. 1855, b. 79).
57. 3-cü maddənin tətbiq dairəsinə düşmək üçün pis rəftar qəddarlığın minimal səviyyəsinə çatmalıdır. Həmin minimal səviyyənin qiymətləndirilməsi işin bütün hallarından, məsələn, rəftarın davam etdiyi müddətdən və onun fiziki və ya əqli nəticələrindən asılıdır (misal üçün bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 65, b. 162). Bundan başqa, rəftarın 3-cü maddəni pozub-pozmadığı barədə qərar vermək üçün qarşısındakı sübutları qiymətləndirərkən Məhkəmə “əsaslı şübhə yeri qoymayan” sübut standartını qəbul edir. Bu cür sübut faktlara dair kifayət qədər güclü, aydın və uzlaşan nəticələrdən və ya inkarolunmaz analoji ehtimallardan irəli gələ bilər. Bu baxımdan sübutlar əldə edilərkən tərəflərin davranışı nəzərə alınmalıdır (yenə eyni qərara bax, s. 65, b. 161).
58. Rəftarın “qeyri-insani” olması üçün o, digər əlamətlərlə yanaşı, düşünülmüş olmalı, saatlarla tətbiq edilməli, habelə ya faktiki bədən xəsarəti, ya da fiziki və ruhi əzab yetirməlidir (digər qərarlar arasında bax: (Kudla Polşaya qarşı, [Böyük Palatanın qərarı], ərizə N 30210/96, b. 92, AİHM 2000‑XI). Bundan başqa, cəzanın və ya rəftarın 3-cü maddədə nəzərdə tutulan mənada “ləyaqəti alçaldan” olub-olmadığını qiymətləndirərkən Məhkəmə onun məqsədinin sözügedən şəxsi alçaltmaq və ya kiçiltmək olub-olmadığını və doğurduğu nəticələr baxımından fərdə və ya onun şəxsiyyətinə 3-cü maddəyə zidd olan şəkildə zərərli göstərib-göstərmədiyini nəzərə alır (bax: Albert və Lekompt Belçikaya qarşı, 10 fevral 1983-cü il tarixli qərar, A seriyaları, c. 58, s. 13, b. 22). Məhkəmə prosesi ilə əlaqədar olaraq tutulmanın və ya həbsə alınmanın 3-cü maddədə nəzərdə tutulan mənada “ləyaqəti alçaldan” hesab olunması üçün onun doğurduğu alçalma və ya kiçilmə hissi xüsusi səviyyəyə çatmalı və istənilən halda hər bir tutulmaya və ya həbsə xas olan adi alçalma dərəcəsindən fərqli olmalıdır (müvafiq dəyişikliklərlə bax: Raninen Finlandiyaya qarşı 16 dekabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997‑VIII, s. 2821-2822, b. 55). Ərizəçinin həbsdə saxlanma şəraitini qiymətləndirərkən həmin şəraitin nəticələrinin məcmusu nəzərə alınmalıdır (bax: Duqoz Yunanıstana qarşı, ərizə N 40907/98, b. 46, AİHM 2001-II).
59. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin fəlsəfi əqidələrinə görə hərbi forma geyməkdən imtina etdiyi üçün ardıcıl olaraq məhkum edilməsi və davamlı olaraq cinayət təqibinə məruz qalma ilə üzləşməsi, əlbəttə ki, onu alçaldıcı və ya kiçildici duruma salıb. Məhkəmə həmin durumun cinayət işi üzrə məhkumluğa və ya həbsə alınmaya xas olan adi alçalma dərəcəsindən fərqli olub-olmadığı məsələsini nəzərdən keçirməlidir.
60. Məhkəmə hazırkı işdə qeyd edir ki, ərizəçi dəfələrlə cinayət təqibinə məruz qaldığına və ya məhkum olunduğuna baxmayaraq, tətbiq edilmiş cəza onu hərbi xidməti yerinə yetirmək vəzifəsindən azad etməyib. O, hərbi forma geyməkdən imtina etdiyinə görə artıq səkkiz dəfə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib. Hər dəfə cəzasının çəkib azadlığa buraxıldıqdan sonra o, nəzarət altında alayına qaytarılıb və orada hərbi xidməti yerinə yetirməkdən və ya hərbi forma geyməkdən imtina etdiyinə görə yenə də məhkum olunaraq həbsxanaya göndərilib. Üstəlik, o, hərbi xidməti yerinə yetirməkdən imtinasında israrlı olacağı təqdirdə həyatının qalan hissəsini təkrar-təkrar həbsxanaya göndərilmə riski altında yaşamaq məcburiyyətindədir.
61. Məhkəmə bununla bağlı qeyd edir ki, Türkiyə qanunvericiliyində əqidəsinə və ya dini inancına görə hərbi forma geyməkdən imtina edənlər üçün cəzaları tənzimləyən konkret müddəa yoxdur. Belə görünür ki, tətbiq edilə bilən müvafiq normalar Hərbi Cəza Məcəlləsinin hərbi rəisin əmrlərinə tabe olmaqdan imtinanı hüquq pozuntusu hesab edən müddəalarıdır. Bu hüquqi baza əqidəyə görə hərbi xidməti yerinə yetirməkdən imtinadan irəli gələn situasiyaların həlli üçün müvafiq hüquqi vasitələri təmin etməkdən ötrü açıq-aydın yetərli deyil. Ərizəçinin düşdüyü situasiyaya tətbiq edilən ümumi qanunvericiliyin xaraktercə namünasib olması ucbatından ərizəçi daimi cinayət təqibləri və ittiham hökmləri silsiləsi riskinə məruz qalıb və məruz qalmaqda davam edir.
62. Məhkəmə qeyd edir ki, Tlimmenosun işində o, ərizəçinin hərbi forma geyməkdən imtinaya görə artıq həbs cəzasını çəkdiyini qeyd etdikdən sonra bu qənaətə gəlib ki, ikinci sanksiya qismində onun ictimai mühasib peşəsi ilə məşğul olmasına icazə verilməməsi qeyri-mütənasib tədbir idi (bax: Tlimmenosun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 47). Hazırkı işdə ərizəçiyə qarşı çoxsaylı cinayət prosesləri başlanılıb və bunun ardınca cinayət işləri üzrə məhkum edilmələrin, habelə cinayət təqibləri ilə azadlıqdan məhrum edilmələrin mütəmadi olaraq bir-birini əvəz etməsinin, eləcə də onun həyatının qalan hissəsi ərzində cinayət təqibi ilə üzləşəcəyi ehtimalının doğurduğu nəticələrin məcmusu ərizəçinin hərbi xidmətini yerinə yetirməsini təmin etmək məqsədinə mütənasib olmayıb. Onlar daha çox ərizəçinin intellektual şəxsiyyətinə təzyiq göstərmək, ərizəçidə onu alçaldan və kiçildən qorxu, təşviş və acizlik hissi doğurmaq və onun müqavimətini və iradəsini qırmaq məqsədini daşıyıb. Ərizəçinin qəbul etmək məcburiyyətində qaldığı, demək olar ki, “mülki ölümə” bərabər olan gizli həyat demokratik cəmiyyətdəki cəza rejimi ilə bir araya sığmır.
63. Belə vəziyyətdə Məhkəmə hesab edir ki, bütövlükdə bu rəftar, cəzanın ağırlığı və təkrarlanan xarakter daşıması da nəzərə alınmaqla, ərizəçini cinayət işi üzrə məhkumluğa və ya həbsə alınmaya xas olan adi alçalma elementinin hüdudlarını aşan ciddi ağrıya və iztiraba məruz qoyub. Məcmu halında sözügedən aktlar Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan mənada ləyaqəti alçaldan rəftar təşkil edir.
64. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə qərara alır ki, Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.
II. DİGƏR ŞİKAYƏTLƏR
65. Eyni faktlar əsasında ərizəçi daha sonra iddia etdi ki, Konvensiyanın 5, 8 və 9-cu maddələrinin pozuntusu baş verib.
66. Hökumət yuxarıda qeyd edilən şikayətlərlə bağlı irəli sürdüyü arqumentləri təkrarlayaraq hesab etdi ki, bu şikayətlər də rədd edilməlidir.
67. Ərizəçi bu şikayətlərini müdafiə etdi.
68. Şikayətləri araşdırdıqdan sonra Məhkəmə qeyd edir ki, ərizəçinin şikayət etdiyi faktlar praktiki olaraq qərarın əvvəlki hissələrində onun tərəfindən araşdırılmış şikayətlərin kökündə duran faktlarla eynidir.
Buna görə də o, bu fikirdədir ki, Konvensiyanın 5, 8 və 9-cu maddələri üzrə şikayətlər barədə ayrıca qərar çıxarmağa ehtiyac yoxdur.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
69. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
70. Ərizəçi bildirdi ki, Məhkəmə 9-cu maddənin pozulduğunu müəyyən etsə, Hökumətdən tələb olunacaq ki, Nazirlər Komitəsinin R (87) 8 saylı Tövsiyəsinə və Parlament Assambleyasının 1518 (2001) saylı Tövsiyəsinə uyğun olaraq əqidəyə görə hərbi qulluqdan imtinanı tənzimləyən qanunvericilik qəbul etsin, onun məhkumluqlarını ləğv etsin və ona qarşı cinayət prosesinə xitam versin.
71. Ərizəçi iddia etdi ki, bütövlükdə onun məhkum edilməsi və 701 gün müddətinə azadlıqdan məhrum edilməsi ilə, habelə fərari kimi hər an tutulma riski ilə üzləşməsi ilə nəticələnmiş doqquz cinayət təqibi nəticəsində əzaba düçar olub və bununla əlaqədar olaraq məruz qaldığı mənəvi ziyana görə 20.000 (iyirmi min) avro məbləğini tələb etdi.
72. Hökumət hesab etdi ki, ərizəçinin tələb etdiyi məbləğ həddən artıq böyükdür və Məhkəmə pozuntunun baş verdiyi barədə qərar çıxaracağı təqdirdə pozuntunun müəyyən edilməsi faktının özü ziyanın yetərli kompensasiyası olardı.
73. Ərizəçinin tələb etdiyi konkret tədbirlərə gəldikdə, Məhkəmə bir daha bildirir ki, ümumiyyətlə onun qərarları deklarativ xarakter daşıyır və Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulan öhdəliyini yerinə yetirməsi üçün istifadə edilməli olan vasitələri müvafiq dövlətin öz daxili hüquq sistemində seçməsi, Nazirlər Komitəsinin nəzarətinin olması şərti ilə, ilk növbədə həmin dövlətin öz işidir (digər qərarlar arasında bax: Öcalan Türkiyəyə qarşı, [Böyük Palatanın qərarı], ərizə N 46221/99, b. 210, AİHM 2005‑IV).
74. Bundan başqa, Məhkəmə işin bütün hallarını nəzərə alaraq təsdiq edir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və pozuntunun müəyyən edilməsi faktının özü ziyanın kompensasiyası üçün yetərli deyil. O, ədalət prinsipi əsasında qərar çıxararaq, ziyana görə ərizəçiyə 10.00 (on min) avro təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
75. Ərizəçi 7.525,37 avro məbləğinin ekvivalenti olan 5.250 funt sterlinq (GBP) məbləğini tələb edərək bunu belə izah etdi ki, bu məbləğ dörd hissəyə bölünür: 4.000 GBP – onun vəkillərinin qonorarları üçün; 750 GBP – araşdırma xərcləri üçün; və 500 GBP – müxtəlif məsrəflər üçün.
76. Hökumət bildirdi ki, bu tələblər açıq-aydın şişirdilib. O, qeyd etdi ki, ərizəçinin vəkillərinin tələb etdiyi məbləğləri əsaslandıran heç bir sənəd təqdim edilməyib.
77. Məhkəmə ilk öncə qeyd edir ki, ərizəçi vəkili tərəfindən yerinə yetirilmiş işin saatlarının miqdarı barədə tam təfsilatları, yaxud hər hansı xərclərlə və ya qonorarlarla bağlı ödəniş qəbzlərini təqdim etməyib. Buna görə də, Məhkəmə Reqlamentinin 60-cı Qaydasının 2-ci bəndinə uyğun olaraq, Məhkəmə bu tələbi tam təmin edə bilməz. Amma bununla belə, müəyyən qədər çətin olan bu işdə ərizəçini təmsil etmək üçün vəkilləri tərəfindən yerinə yetirilmiş işlərlə bağlı ərizəçinin müəyyən xərclər çəkməsi, yəqin ki, həqiqətdir.
Buna görə də Məhkəmə ərizəçiyə 1.000 avro məbləğini təyin etməyi ağlabatan hesab edir.
C. İcranın gecikdirilməsinə görə faiz
78. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Qərara alır ki, Konvensiyanın 3-cü maddəsi pozulub;
2. Qərara alır ki, ərizəçinin Konvensiyanın 5, 8 və 9-cu maddələri üzrə digər şikayətlərini ayrıca araşdırmağa ehtiyac yoxdur;
3. Qərara alır ki:
a) bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevrildiyi tarixdən sonra üç ay müddətində cavabdeh dövlət ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
i) mənəvi ziyana görə 10.000 (on min) avro – bu məbləğ ödəniş tarixində tətbiq edilən məzənnə üzrə yeni Türkiyə lirəsinə çevrilməlidir;
ii) məhkəmə xərclərinə və digər məsrəflərə görə 1.000 (min) avro – bu məbləğ ödəniş tarixində tətbiq edilən məzənnə üzrə funt sterlinqə çevrilməlidir;
iii) yuxarıdakı məbləğlərdən tutula bilən gər hansı vergi məbləğləri;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
4. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar fransız dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 24 yanvar 2006-cı ildə qərar barədə yazılı məlumat verilmişdir.
J.-P. Kosta (J.-P. Costa)
Sədr
S. Dolle (S. Dollé)
Katib