Avropa İnsan Hüquqları Məhkəməsi

 

 

 

 

 

DÖRDÜNCÜ SEKSİYA

 

 

 

 

 

 

SİORAP (CİORAP) MOLDOVAYA QARŞI məhkəmə işi

 

 

(Ərizə Nº 12066/02)

 

 

QƏRAR

 

 

Strasburq

 

 

19 iyun 2007-ci il

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli düzəlişlər edilə bilər.

 

 

 

 

 


Siorap Moldovaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Seksiya), hakimlər:

ser Nikolas Bratsa (Nicolas Bratza), sədr;

cənab J. Kasadevall (J. Casadevall);

cənab C. Bornello (G. Bonello);

cənab K. Traya (K. Traja);

cənab S. Pavlovski (S. Pavlovschi);

cənab L. Qarlitski (L. Garlicki);

xanım L. Miyoviç (L. Mijović);

habelə Seksiya katibinin müavini xanım F. Aratsidən (F. Aracı) ibarət tərkibdə Palatada iclas keçirərək,

29 may 2007-ci ildə qapalı müşavirə keçirərək,

həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.

 

PROSEDUR

 

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Moldova vətəndaşı cənab Tudor Siorap (“ərizəçi”) tərəfindən 5 dekabr 2001-ci ildə Məhkəməyə təqdim edilmiş Moldova Respublikasına qarşı ərizə (Nº 14437/05) əsasında başlanmışdır.

2. Hüquqi yardımla təmin olunmuş ərizəçini Kişinyovda yerləşən “Vəkillər insan hüquqları uğrunda” adlı qeyri-hökumət təşkilatından olan cənab V. İordaçi təmsil etmişdir. Moldova Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab V. Parloq təmsil etmişdir.

3. Ərizəçi Konvensiyanın 3-cü maddəsi (həbsxanada qeyr-insani şərait və zorla yedizdirilmə), 6-cı maddəsinin 1-ci bəndi (zorla yedizdirilməsi ilə bağlı məhkəməyə müraciət imkanı), 8-ci maddəsi (yazışmalar üzərində senzura, ailəsi ilə təklikdə görüşmək hüququ) və 10-cu maddəsi (ibtidai həbs mərkəzinin daxili qaydaları ilə tanışlıq imkanı) üzrə şikayət etmişdir.

4. Ərizə Məhkəmənin Dördüncü Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 11 sentyabr 2005-ci ildə həmin Seksiyanın Palatası ərizəni qismən qəbul olunmayan elan etmiş və qalan şikayətlər barədə Hökumətə məlumat vermişdir. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin müddəalarına əsasən, o, ərizənin mahiyyətinə onun qəbul edilənliyi məsələsi ilə eyni vaxtda baxmağı qərara almışdır.

 

FAKTLAR

 

I. İŞİN HALLARI

 

5. Ərizəçi 1965-ci ildə anadan olmuşdur və Kişinyovda yaşayır.

6. Tərəflərin iş üzrə təqdim etdikləri faktları aşağıdakı kimi ümumiləşdirmək olar.

7. Ərizəçi azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım təklif edilməsi üzrə ixtisaslaşmış “Sosial Amnistiya” adlı QHT-də çalışırdı. O, iddia edir ki, fəaliyyətləri nəticəsində təqib hədəfinə çevrilib. İki məhkəmə prosesində o, bir sıra ciddi saxtakarlıq cinayətlərində ittiham edilib. Ərizəçi ikinci dərəcəli əlildir və ona “mozaik şizofreniya” diaqnozu qoyulub.

 

1. Həbsdə saxlanma şəraiti

 

8. 23 oktyabr 2000-ci ildə ərizəçi həbs olundu. 6 noyabr 2000-ci ildə o, Ədliyyə Nazirliyinin Kişinyovdakı ibtidai həbs mərkəzinə köçürüldü (o, həm də 3 saylı həbsxana kimi tanınırdı, sonradan adı dəyişdirilərək 13 saylı həbsxana oldu). O, müəyyən müddəti Prunkul həbsxanasının xəstəxanasında keçirdi. O, bir neçə cinayətə görə məhkum olunub, amma qalan ittihamlar üzrə istintaq hələ də davam edir.

9. Ərizəçinin sözlərinə görə, həbsdə saxlanma şəraiti qeyri-insani idi. Konkret olaraq, o, kameralarda həddən artıq adamın olduğunu (bəzən hər 2 kvadrat metrlik yerə 2-3 məhbus düşürdü) qeyd etdi, həmçinin bu faktları da qeyd etdi ki, vərəm kimi yoluxucu xəstəlikləri olan məhbuslar digər məhbuslarla birlikdə saxlanılıb (xüsusən aclıq elan edilən zaman); kameralarda parazit həşəratlar olub; içəridə lazımi ventilyasiya və gün işığı olmayıb; sanitar şərait primitiv vəziyyətdə olub və təbii ehtiyaclar üçün ayrıca otaq olmayıb; səhər saat 7-dən axşam saat 10-a qədər radio uca səslə daim işləyib; habelə verilən qidanın kəmiyyəti az, keyfiyyəti isə pis olub. 27 may 2005-ci ilə qədər elektrik cərəyanı və soyuq su yalnız gündə bir neçə saat verilib. Ərizəçi özünün qida rasionunu təsvir edərkən bildirdi ki, qidası gündə iki dəfə verilən 100 qram sulu sıyıqdan və naharda verilən, əsasən sudan ibarət olan şorbadan ibarət idi, habelə bütün gün üçün əlavə 400 qram çörək verilirdi. Kameralarda həddən artıq adamın olması ilə bağlı şikayətinin təsdiqi olaraq, o, 2 avqust 2001-ci ildə 11 saylı kameraya köçürülməsini misal çəkdi, o, həmin kameranı beş nəfər başqa məhbusla paylaşırdı, baxmayaraq ki, orada yalnız iki çarpayı (koyka) vardı. O, iddia etdi ki, çarpayıların çatışmaması ucbatından döşəmədə yatmalı olub və elektrik işığından gündə yalnız altı saat istifadə etmək mümkün olub. Digər nümunə qismində o, 17a saylı kamerada saxlanmasını göstərdi, orada 12 kvadrat metrlik sahədə 10 nəfər yerləşdirilmişdi.

10. Ərizəçi İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Komitənin (CPT) 2004-cü il üçün hesabatına (aşağıda 47-ci bəndə bax) və 13 saylı həbsxanada saxlanma şəraiti ilə bağlı Ədliyyə Nazirliyinin hesabatına (aşağıda 43-cü bəndə bax) istinad etdi.

11. Ərizəçinin sözlərinə görə, o, həbsdə saxlanma şəraiti ilə bağlı müxtəlif hakimiyyət orqanlarına şikayət edib. Hökumət bu sözləri şübhə alına aldı. Ərizəçi Daxili İşlər Nazirliyinin Penitensiar İdarəsinin və İctimai Asayiş İdarəsinin cavablarını təqdim etdi, həmin cavablarda digər məsələlərlə yanaşı ərizəçinin həbsdə saxlanma şəraitinə də toxunulurdu. Bundan əlavə, o, Hökumətə və 3 saylı həbsxananın müdiriyyətinə etdiyi şikayət ərizələrinin surətlərini təqdim etdi, həmin ərizələrdə o, həbsdə saxlanma şəraitindən şikayət edirdi. 29 dekabr 2003-cü il tarixli məktubunda Penitensiar İdarə razılaşdı ki, 3 saylı həbsxana “mütəmadi olaraq adamla dolu” olur, bu da bitlərin və dəri xəstəliklərinin yayılmasına rəvac verir. Kameralarda parazit həşəratların olması da təsdiq edilirdi, baxmayaraq ki, bu məsələ ilə bağlı məhbuslardan heç bir şikayət alınmamışdı. Həbsxanada geniş dezinfeksiya 2002-2003-cü illərdə aparılıb.

12. Həbsxana müdiriyyətinə 17 fevral 2002-ci il tarixli məktubunda ərizəçi həmin vaxt saxlanıldığı 72-ci saylı kamerada çarpayıların olmamasından şikayətləndi, belə ki, məhbuslar taxta rəflərdə yatmalı olurdular. O, pəncərəni örtən metal təbəqə ucbatından içəriyə məhdud miqdarda gün işığı və təmiz hava daxil olduğunu, habelə içəridə onun yatmasına mane olan güclü qoxu və rütubət olduğunu qeyd etdi. 26 may 2002-ci il tarixli məktubunda ərizəçi on gün müddətinə 7 saylı təkadamlıq kameraya köçürülməsindən şikayətləndi, həmin kamera olduqca rütubətli idi və o, orada vərəmə yoluxacağından qorxurdu. Bundan əlavə, ona üç gün yemək verilməmişdi və kamerada gəmiricilər vardı. Gündüz vaxtı divara doğru qatlanaraq yığılan çarpayıdan savayı içəridə heç bir mebel ləvazimatı yox idi, ərizəçi beton döşəmədə oturmalı olurdu. Kamerada pəncərə yox idi və gündə 5-6 saat elektrik işığı verilirdi, qalan vaxtda o, tam qaranlıqda qalırdı. O, həkimin ona baş çəkməsi və başqa kameraya köçürülməsi üçün müraciət etdi. Görünür, ərizəçi bu iki şikayətinə cavab almayıb və Hökumət onlarla dair şərh verməyib. “Aclıq aksiyasına aid gündəliyində” ərizəçi 2 avqust 2001-ci ildə 11 saylı kameraya köçürüldüyünü və orada daha beş məhbusun olduğunu qeyd edib.

13. Ədliyyə Nazirliyinin 25 noyabr 2005-ci il tarixli məktubuna əsasən, ərizəçi 2, 17a, 53, 70a, 84, 89 və 116 saylı kameralarda saxlanılıb, onların hamısının ölçüsü 8-12 kvadrat metrdir. Həmin kameraların neçə məhbus üçün nəzərdə tutulduğu və orada ərizəçi ilə birlikdə faktiki olaraq neçə məhbusun saxlanıldığı göstərilməyib. Yalnız ölçüsü 10 kvadrat metr olan və ərizəçidən başqa bir məhbusun saxlanıldığı 116 saylı kamera istisna təşkil edib, ərizəçi Məhkəməyə yazılı qeydlərini təqdim edərkən (13 dekabr 2005-ci il) orada saxlanılıb. Ərizəçi ilə eyni (116 saylı) kamerada saxlanılan digər şəxsə baş prokurorluğun 30 noyabr 2005-ci il tarixli məktubunda deyilirdi ki: “həmin kamerada saxlanılan bütün şəxslərin çarpayısı və yataq ləvazimatları var”. Hökumət tərəfindən təqdim edilmiş videoyazı kamerada iki çarpayı (koyka) olduğunu göstərir, onlardan biri tualetin yanında yerləşir. Hökumətin sözlərinə görə, hər bir kamerada daim elektrik enerjisi və soyuq su, habelə təbii işıq olub. Ərizəçi hər həftə çimmək hüququna malik olub. Yemək, o cümlədən “mövcud imkanlardan asılı olaraq” ət və balıq Hökumətin müvafiq təlimatlarına uyğun olaraq verilib. Məhbuslar yerli dükandan ərzaq ala bilərdilər və onların kənardan bağlamalar almasına icazə verilib. Bundan əlavə, ərizəçi acıq elan etməsinin və özünə xəsarət yetirməsinin nəticəsi olaraq bir çox hallarda müxtəlif həkimlərdən müalicə alıb və həbsxananın xəstəxanasında daha yaxşı şəraitdən yararlanıb.

 

2. Məcburi yedizdirilmə

 

a) Ərizəçinin məcburi yedizdirilməsi

 

14. Ərizəçi özünün və ailəsinin hüquqlarının iddia edilən pozuntuları nəticəsində 1 avqust 2001-ci ildə aclıq aksiyasına başladı. İddia etdiyi pozuntularla bağı iki həftə ərzində onunla söhbət etməyə heç bir prokuror gəlmədiyinə görə 14 avqust 2001-ci ildə gecə o, biləklərini kəsdi və özünü yandırdı. O, müalicə olundu və sonradan bir neçə dəfə zorla yedizdirildi. Ərizəçi özünün “aclıq aksiyasına aid gündəliyini” Məhkəməyə təqdim etdi, orada o, zorla yedizdirilmənin tarixlərini və üsullarını, müvafiq dövrdə sağlamlıq durumunu və müxtəlif kameralara köçürülməsini qeyd edib. Ərizəçi yazıb ki, o, mədəyə boru yeritmə vasitəsilə deyil, qidanın venaya yeridilməsi vasitəsilə qidalandırılmasını xahiş edib.

15. Ərizəçinin şikayətindən sonra 13 sentyabr 2001-ci ildə növbətçi həkim ilkin diaqnoz qoydu: “sağ tərəfdə qasıqda əzələdaxili yırtıq (qrıja)” (“hernie intermusculară inghinală din dreapta?”). 14 sentyabr 2001-ci ildə cərrah bu diaqnozu qoydu: “ön divar bağlarının irinləməsi” (“abces de legătură a peretelui anterior?”). Müalicə barədə qərar verildi, amma ərizəçi ondan imtina etdi. O bildirdi ki, 14 sentyabr 2001-ci ildə müalicədən imtina etdikdən sonra bir neçə günlüyə qaranlıq, soyuq və rütubətli, heç bir mebel ləvazimatı olmayan saxlama kamerasına salınıb.

16. 14 avqust 2001-ci il hadisəsindən bir neçə gün sonra ərizəçini müayinə etmiş həbsxana psixiatrı məhkəmədə bəyan etdi ki, ərizəçinin öz hərəkətlərinin nəticələrini tam dərk etdiyini müəyyən edib və ərizəçi onları hüquqlarının pozulmasına qarşı son etiraz tədbiri kimi izah edib. Həkim əlavə etdi ki, ərizəçini ruhi xəstə elan edən akta imza atması üçün ona təzyiq edilib, amma o, bunu etməkdən imtina edib. 2003-cü ilin avqust-sentyabr aylarında ərizəçi ona digər xəstəliklərlə yanaşı “mozaik psixopatiya” diaqnozu qoyulduqdan sonra stasionar müalicə alıb.

17. Ərizəçinin vəkilinə cavabında həbsxana müdiriyyəti təsdiq edib ki, 3 avqust 2001-ci ildə ərizəçi aclıq aksiyasına başlayıb və həmin gün tibbi müayinədən keçib. 15 avqust 2001-ci ildə o, venalarını kəsib və özünü yandırıb, bundan sonra dərhal müalicə olunub. Avqustun 23-də həkim onun sağlamlıq durumunu nisbətən qənaətbəxş hesab edib. Avqustun 24-də həkim ərizəçinin səhhətinin pisləşdiyini müəyyən edib və onun zorla yedizdirilməsi barədə göstəriş verib. O, 28 avqust, 3, 5, 6, 7 və 10 sentyabr 2001-ci ildə ümumilikdə yeddi dəfə zorla yedizdirilib. 14 sentyabr 2001-ci ildə ərizəçi həbsxananın xəstəxanasına köçürülüb və 4 oktyabr 2001-ci ildə aclıq aksiyasına son qoyub. Yedizdirilmə “İbtidai həbs haqqına” Qanunun 33-cü maddəsinin (aşağıda 40-cı bəndə bax) və xüsusi təlimatın (aşağıda 41-ci bəndə bax) əsasında həyata keçirilib. Bu təlimat dərc olunmayıb, amma görünür, ərizəçi onun məzmunundan xəbərdar olub, çünki “aclıq aksiyasına aid gündəliyində” onun adını çəkib. Həbsxana qaydaları da dərc olunmayıb, amma orada zorla yedizdirilmə barədə hər hansı müddəa yer almayıb. 23 dekabr 2003-cü ildə qaydaların surəti müstəsna qaydada ərizəçiyə göndərilib.

18. Hökumət tərəfindən təqdim edilmiş sənədlərə əsasən, ərizəçi 4 və 13 sentyabr 2001-ci ildə məhkəmə dinləmələrinə gətirilib. Ərizəçi “aclıq aksiyasına aid gündəliyində” qeyd edib ki, 4 və 13 sentyabr 2003-cü ildə ona yemək verilməyib, çünki həmin tarixlərdə məhkəməyə aparılıb. Ərizəçinin məcburi yedizdirilməsinə, o cümlədən aparılmış hər hansı tibbi testlərin nəticələrinə aid bütün müvafiq tibbi sənədlərin təqdim edilməsi ilə bağlı Məhkəmənin sorğusuna cavab olaraq Hökumət aşağıdakı sənədləri təqdim etdi. 11 sentyabr 2001-ci ildən sonra ərizəçinin səhhəti ilə bağlı bir neçə növ tibbi müayinə aparılıb, o cümlədən qan və sidik analizləri götürülüb, ürəyinin durumu yoxlanılıb və bəzi başqa müayinələr aparılıb. Növbətçi həkimin ziyarətlərinin qeydiyyat kitabına əsasən, 1-21 avqust 2001-ci ili əhatə edən dövrün əksər hissəsində ərizəçinin səhhəti qənaətbəxş olub. 23 avqust 2001-ci ildə növbətçi həkim ərizəçinin səhhətinin “nisbətən qənaətbəxş” olduğunu müəyyən edib, lakin hesab edib ki, onun səhhəti cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etməsi üçün yararlı deyil, belə ki, o, ümumi zəiflikdən və başgicəllənməsindən şikayətlənib. 24 avqust 2001-ci ildə növbətçi həkim qeyd edib ki, “məcburi yedizdirilmə təlimata uyğun olaraq həyata keçirildi (süd: 800 ml, şəkər: 50 qr.)”. Oxşar qeydlər 28 avqust 2001-ci ildə, habelə 3, 5, 6, 7 və 10 sentyabr 2001-ci ildə də edilib. Bu tarixlərin bəzilərində növbətçi həkim ərizəçinin səhhətinin “nisbətən qənaətbəxş” olduğunu, 5 sentyabr 2001-ci ildə isə “qənaətbəxş” olduğunu qeyd edib. 5-7 sentyabr 2001-ci ildə yedizdirilmiş qidanın xarakteri barədə heç bir qeyd edilməyib.

 

b) Ərizəçinin zorla yedizdirilməsi ilə bağlı məhkəmə prosesi

 

19. 2001-ci ilin oktyabrında ərizəçi zorla yedizdirilməsi ilə və bu prosesin doğurduğu ağrı və alçalma ilə bağlı şikayət verdi. Ərizəçi bu prosesi aşağıdakı kimi təsvir etdi: o, zorla yedizdirilməsinə qarşı fiziki müqavimət göstərməməsinə və sadəcə etiraz forması kimi qida qəbulundan imtina etməsinə baxmayaraq, həmişə əli qandallı saxlanılıb. Həbsxana əməkdaşları onun saçlarını dartaraq, boğazını sıxaraq və ayaqlarının üstünə çıxaraq ağzını açmağa məcbur ediblər və o, ağrıya dözə bilməyərək ağzını açmalı olub. Sonra onun ağzı metal ağızgenişləndirən vasitəsilə açıq vəziyyətdə saxlanılıb. Dili metal maşa vasitəsilə ağzından çıxarılıb və özünün iddia etdiyinə görə, bu hər dəfə onun dilini keyidib və qanadıb. Bərk boru onun mədəsinə qədər içəriyə salınıb və duru hala gətirilmiş qida boru vasitəsilə onun mədəsinə ötürülərək mədəsini qıcıqlandırıb və bəzi hallarda kəskin ağrı yaradıb. Metal alət onun ağzından çıxarılarkən ağzı qanlı olub, o, dilini hiss etməyib və danışmaq iqtidarında olmayıb. Zorla yedizdirilmə üçün istifadə edilmiş alətlər birdəfəlik istifadə üçün nəzərdə tutulmayıb, alətlərdə ağrı və infeksiyanın qarşısını alan müdafiə təbəqəsi zəif olub.

20. Ərizəçinin zorla yedizdirilməsinin şahidi olmuş C.S. tərəfindən məhkəmədə verilmiş şahid ifadəsinə əsasən, ərizəçi zorla yedizdirilməsinə heç vaxt müqavimət göstərməyib və belə hallarda qandallara ehtiyac olmur, lakin bu, məcburi prosedurdur, o, bu proseduru ağrılı, amma həyatın mühafizəsi üçün zəruri hesab edir. Ərizəçini şəxsən zorla yedizdirmiş mütəxəssis B.A. məhkəmədə bəyan etdi ki, bəzən mədəyə daxil edilən qida “təlimata uyğun olmayıb”.

21. Eyni ibtidai həbsə mərkəzində saxlanılan məhbus V.B. məhkəmədə belə ifadə verdi ki, ərizəçi və digər məhbuslar zorla yedizdirildikdən sonra onların üzərində qan görüb. Ərizəçi südlə qidalandırılmasını və ya ona vena daxilinə yeritmə vasitəsilə vitaminlər verilməsini xahiş edib. O, həmçinin 22 aprel və 15 oktyabr 1994-cü il, 19 və 28 iyul, 21 avqust, 31 oktyabr, 24 noyabr və 4 dekabr 1995-ci il tarixlərində aclıq aksiyasına görə 10 gün müddətinə təkadamlıq kameraya salınması barədə qərarların surətlərini təqdim edib. Sonuncu sanksiyada qeyd edilir ki, ərizəçi “qida qəbulundan qəti şəkildə imtina etməkdə davam edir”.

22. 4 noyabr 2001-ci ildə Sentru Rayon Məhkəməsi onun şikayətinə baxmaqdan imtina etdi, çünki şikayət verilərkən prosessual tələblərə əməl olunmamışdı. 18 fevral 2002-ci ildə məhkəmə yenə də eyni əsasa görə onun şikayətinə baxmaqdan imtina etdi. 25 aprel 2002-ci ildə Kişinyov Regional Məhkəməsi bu qərarı ləğv etdi və təkrar dinləmə keçirilməsi barədə qərar çıxararaq hesab etdi ki, həbsdə olan ərizəçi bütün rəsmiyyətlərə tam əməl edə bilməzdi və onun şikayətinin spesifik xarakteri onun işinə mahiyyəti üzrə baxılmasını zəruri edir.

23. 7 noyabr 2002-ci ildə Sentru Rayon Məhkəməsi ərizəçinin tələbini əsassız sayaraq rədd etdi. O, diqqəti zorla yedizdirilmənin qanuniliyinə cəlb etdi və ərizəçinin yeməkdən imtina etməsini həbsxana qaydalarının pozulması kimi tövsif etdi. 30 aprel 2003-cü ildə Kişinyov Regional Məhkəməsi bu qərarı qüvvədə saxladı.

24. 19 aprel 2003-cü ildə Ali Ədalət Məhkəməsi əvvəlki qərarları ləğv etdi və işə bütünlüklə yenidən baxılması barədə qərar çıxardı. Məhkəmə qeyd etdi ki, aşağı məhkəmələr ərizəçinin zorla yedizdirilməsinin tibbi zərurətdən irəli gəlib-gəlmədiyini aydın müəyyən etməyiblər.

25. 9 oktyabr 2003-cü ildə “İbtidai həbs haqqında” Qanunun (bu qanun aclıq elan etmiş məhbusların zorla yedizdirilməsini nəzərdə tuturdu) 33-cü maddəsinə dəyişiklik edilərək məhbusların zorla yedizdirilməsi açıq-aydın qadağan olundu.

26. 15 fevral 2005-ci ildə Sentru Rayon Məhkəməsi ərizəçinin tələblərini əsassız sayaraq rədd etdi. O, müəyyən etdi ki, həmin vaxt tətbiq edilən, yeməkdən imtina edən məhbusların zorla yedizdirilməsini nəzərdə tutan qanunvericilik bu cür məhbusların həyatının müdafiəsi məqsədini daşıyan insan hüquqları üzrə milli və beynəlxalq standartlara ziddir. Ərizəçinin zorla yedizdirilməsi, tibb personalı tərəfindən müəyyən edildiyi kimi, tibbi zərurətdən irəli gəlirdi və onun əllərinin qandallanması və digər məhdudlaşdırıcı tədbirlər onu həyatına və sağlamlığına qarşı təhlükədən müdafiə etmək üçün zəruri idi. Məhkəmə müəyyən etdi ki, onun zorla yedizdirilməyə müqavimət göstərməsini nəzərə alaraq, ona “xüsusi vasitələrin, o cümlədən qandalların” tətbiqi zəruri idi və bu, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərbər deyildi. Məhkəmə C.S., B.A. və ya V.B.-nin şahid ifadələrini (yuxarıda 20-ci və 21-ci bəndlərə bax) nəzərdən keçirmədi.

27. 26 aprel 2005-ci ildə Kişinyov Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayaraq mahiyyət etibarı ilə Sentru Rayon Məhkəməsinin gətirdiyi əsasları təkrar etdi. Məhkəmə aşağı məhkəmə tərəfindən dindirilmiş şahidlərin ərizəçinin işgəncəyə məruz qaldığını inkar etdiklərini və onun tələbini təsdiq edən heç bir sübutun olmadığını qeyd etdi.

28. Ərizəçi Ali Ədalət Məhkəməsinə şikayət edərək digər sübutlarla yanaşı zorla yedizdirilmə nəticəsində sağlamlığına vurulmuş ziyanı, məsələn, dişinin sınmasını və qarın boşluğunun infeksiyasını qeyd etdi. O, həmçinin ödəniş imkanının olmadığını bildirdi və ikinci dərəcəli əlil olduğunu qeyd etdi. Məhkəmə onun şikayətinə baxmaqdan imtina etdi, çünki o, 45 Moldova leyinə (həmin vaxt bu məbləğ 3 avronun ekvivalenti idi) bərabər olan məhkəmə xərclərini ödəməmişdi. O, məhkəmədən xahiş etdi ki, onu həmin rüsumların ödənilməsindən azad etsin, çünki onun heç bir gəlir mənbəyi yox idi və onları ödəmək imkanına malik deyildi. Məhkəmə ona 13 iyun 2005-ci il tarixli məktubla cavab verərək izah etdi ki, onun şikayəti:

“Mülki Prosessual Məcəllənin 436-cı və 437-ci maddələrinin müddəalarına cavab vermir... 438-ci maddənin 2-ci bəndinə əsasən, əgər şikayət 437-ci maddənin müddəalarına cavab vermirsə və ya məhkəmə rüsumu ödənilməyibsə, məhkəmə həmin şikayəti məhkəmənin sədrinin və ya sədr müavininin imzası ilə beş gün ərzində geri qaytarır. Bu əsaslara görə biz çatışmazlıqları aradan qaldırmağınız üçün şikayət ərizəsini sizə qaytarırıq. ...”

 

3. Məhkəməyə müraciət imkanı

 

29. Ərizəçinin zorla yedizdirilməsi ilə bağlı Ali Ədalət Məhkəməsinə verdiyi kassasiya şikayətinə məhkəmə rüsumları ödənilmədiyi üçün həmin məhkəmə tərəfindən baxılmadı (yuxarıda 28-ci bəndə bax).

30. Ərizəçi 2003-cü ildə məhkəmə prosesini uddu və 1.800 Moldova leyi (MDL) aldı. 1 iyul 2005-ci il tarixli qərarla ona 5.000 MDL təyin olundu. Lakin bu qərardan şikayət verildi və ərizəçi 2005-ci ildə həmin məbləğin hər hansı hissəsini ala bilmədi. Ərizəçi həbsdə olduğu müddətdə yardım üçün vəkilə 1.000 MDL ödədi. O, həmçinin Fransa və Birləşmiş Krallığın poçt orqanları tərəfindən itirilmiş məktublara görə kompensasiya (55 avro) aldı.

31. Dövlət hakimiyyəti orqanlarına bir neçə məktubunda o, iddia etdi ki, məhkəmə rüsumları və onun digər məsrəfləri qohumları və ya dostları tərəfindən ödənilib. 25 sentyabr 2003-cü il tarixli məktubunda o, həbsxana müdiriyyətindən xahiş etdi ki, poçt orqanlarından kompensasiyanı alsınlar və onu ərizəçinin vəkilinə göndərsinlər.

32. Ərizəçi məhkəmədə iş qaldıraraq tələb etdi ki, müxtəlif məhkəmə işlərinə başlaya bilməsi üçün Hökuməti onu maliyyə vəsaitləri ilə təmin etməyə məcbur edən məhkəmə qərarı qəbul edilsin. 18 iyun 2004-cü ildə Ali Ədalət Məhkəməsi məhkəmədə iş qaldırmazdan əvvəl mübahisələrin məhkəmədənkənar həlli proseduruna əməl olunmadığına görə bu şikayəti rədd etdi.

 

4. Yazışmalar üzərində senzura

 

33. Ərizəçi daha sonra bir neçə məktubun, o cümlədən parlamentdən (misal üçün 10 oktyabr 2002-ci il tarixli məktub), ədliyyə nazirindən (11 oktyabr 2001-ci il), Konstitusiya Məhkəməsindən (18 sentyabr 2002-ci il), ombudsmandan (23 avqust 2001-ci il), psixiatriya xəstəxanasından (16 aprel 2002-ci il), eləcə də hüquq mühafizə orqanlarından, məsələn, prokurorluqdan (11 iyul 2002-ci il), habelə qeyri-hökumət təşkilatlarından, məsələn, “Beynəlxalq Amnistiya” Təşkilatından (28 iyul 2003-cü il) və “Vəkillər insan hüquqları uğrunda” təşkilatından (10 fevral 2003-cü il) aldığı məktubların surətlərini təqdim etdi. Bu məktubların çoxunun üzərində onların daxil olduğu tarixi və qeydiyyat nömrəsini göstərən həbsxana möhürü vardı. Bəzi hallarda onların üzərində əllə yazılmış “[ərizəçiyə] verilsin” tapşırığı olurdu, yaxud onun adı və kamerasının nömrəsi (o cümlədən 11, 13, 15, 20 və 72 saylı kameralar) qeyd edilirdi. Digər məktublarda yalnız zərfin üzərində möhür olurdu. Məktubların bəziləri həbsxana müdiriyyətinə və ərizəçiyə ünvanlanmışdı, lakin yuxarıda adı çəkilən bütün məktublar yalnız ərizəçiyə ünvanlanmışdı.

 

5. Ərizəçinin qohumları ilə görüşləri

 

34. Ərizəçi bildirdi ki, həbsə alınmasının başlanğıcında ailəsi ilə ilk görüşü istisna olmaqla, ailəsi ilə şüşə arakəsmə arxasında daxili telefondan istifadə etməklə ünsiyyətdə olub. Belə ziyarətlər ayda təxminən iki saatlıq müddətlə məhdudlaşdırılıb və ünsiyyətin məxfiliyi mümkünsüz olub, çünki bu cür görüşlər üçün beş kabinə bir-birinin yanında yerləşdirilib. Hər cür fiziki təmas istisna olunub. Məhkum olunmuş şəxslərə isə şüşə arakəsmənin olmadığı ayrıca görüş otaqlarında daha uzunmüddətli görüş vaxtları verilib. Ərizəçi belə imtiyazlara malik olmayıb, çünki bəzi cinayətlərə görə məhkum olunsa da, digər ittihamlar üzrə istintaqı hələ davam edirdi. O, daha sonra bildirdi ki, uzun müddət

ərzində (bir ilədək) ailəsi ilə görüşməsinə imkan verilməyib.

35. Ərizəçi görüşlər üçün daha yaxşı şəraitin olmasını xahiş etdi. 21 avqust 2003-cü ildə o, sevgilisi və bacısı ilə daha uzunmüddətli görüşlər (əvvəlki bəndə bax) üçün icazə istədi və qeyd etdi ki, barəsindəki ittiham hökmü 28 may 2003-cü ildə qüvvəyə minib. Bu xahiş “İbtidai həbs mərkəzinin nizamnaməsi” əsasında rədd edildi.

36. O, ibtidai həbs mərkəzinin müdiriyyətinə qarşı məhkəmədə iş qaldıraraq daha yaxşı görüş şəraiti yaradılması hüququnu, yəni ziyarətçilərlə şüşə arakəsməsi olmayan ayrıca otaqda uzun müddətə görüşmək hüququnu tələb etdi. Müdiriyyət bildirdi ki, belə görüşlər ibtidai həbs mərkəzində təhlükəsizliyi və nizam-intizamı qorumaq məqsədini daşıyan həbsxana qaydaları ilə qadağandır. 25 dekabr 2003-cü ildə Apellyasiya Məhkəməsi ərizəçinin tələbini rədd etdi.

37. Apellyasiya şikayətində o öz tələbinə daha mütəmadi görüşlər barədə vəsatətini əlavə etdi və belə bir faktı göstərdi ki, o həm məhkum olunub, həm də həbs qətimkan tədbiri əsasında həbsdə saxlanılır. O, uzun müddət ərzində qohumları ilə hər hansı fiziki təmasda olmadığını vurğuladı və onlarla telefonla təmasda ola bilmədiyini nəzərə alaraq fiziki təmasın nə qədər həsrətində olduğunu qeyd etdi. Ərizəçi israrla bildirdi ki, bir çox hallarda qohumları ilə görüşməsi üçün işinə baxan hakimin razılığını alıb, amma həbsxana müdiriyyəti yalnız şüşə kabinədə görüşlərə icazə verib. O, qeyd etdi ki, bəzən şüşə kabinədəki daxili telefon işləməyib və o, qohumlarını onu eşitməsi üçün qışqırmalı olub, bu isə digər kabinələrdəki dörd ailə üçün narahatlıq yaradıb. Ərizəçi Konvensiyanın 8-ci maddəsinə istinad etdi.

38. Ali Ədalət Məhkəməsi 21 aprel 2004-cü il tarixli yekun qərarında mütəmadi görüşlər üçün vəsatətə baxmaqdan imtina etdi, çünki həmin vəsatət birinci instansiya məhkəməsinə verilməmişdi. O, həmçinin daha yaxşı görüş şəraitinin yaradılmasına dair əsas vəsatəti də rədd edərək şüşə arakəsmənin məhbusların təhlükəsizliyi üçün əsaslı tədbir olduğunu bildirdi.

 

B. Müvafiq qeyri-Konvensiya materialları

 

1. Müvafiq daxili qanunvericilik və praktika

 

39. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında deyilir:

 

“Maddə 85. Məhkəmə rüsumlarından azad edilmə

 

1) Aşağıdakılar mülki prosesdə məhkəmə rüsumlarını ödəməkdən azad edilirlər:

a) mülki işdə iddiaçılar;

...

- bədən xəsarəti, yaxud sağlamlıqlarına dəymiş digər ziyan nəticəsində və ya ölüm nəticəsində məruz qaldıqları ziyanın kompensasiyası ilə əlaqədar olaraq;

- cinayətdən irəli gələn kompensasiyası ilə əlaqədar olaraq; ...

4) Maliyyə durumundan asılı olaraq şəxs məhkəmə rüsumlarının ödənilməsindən hakim (məhkəmə) tərəfindən tam və ya qismən azad edilə bilər.

 

Maddə 437. Məhkəməyə verilən ərizənin məzmunu

 

...

2) 85-ci maddənin 4-cü bəndinin və 86-cı maddənin müddəaları tətbiq edilmədiyi hallarda məhkəmə rüsumlarının ödənilməsinin sübutu ərizəyə əlavə olunmalıdır”.

 

40. 27 iyun 1997-ci il tarixli “İbtidai həbs haqqında” Qanunun 9 oktyabr 2003-cü ilədək qüvvədə olmuş müvafiq müddəalarında deyilir:

 

“Maddə 18. Yazışmalar – Şikayətlərin, vəsatətlərin verilməsi və məktubların göndərilməsi

 

...

2) [Məhkəmə araşdırmasını gözlədikləri müddətdə həbsdə saxlanılan şəxslərin] şikayətləri, vəsatətləri və məktubları həbsxana müdiriyyəti tərəfindən senzuraya məruz qalmalıdır. Dövlət prokuroruna ünvanlanan şikayətlər, vəsatətlər və məktublar hər hansı nəzarətə məruz qala bilməz və təqdim edildikdən sonra iyirmi dörd saat müddətində ünvan sahibinə göndərilməlidir.

 

Maddə 19. Görüşlərə icazə verilməsi

 

1) İbtidai həbs mərkəzinin müdiriyyəti məhbusların qohumları ilə və ya digər şəxslərlə görüşlərinə onların işinə baxan şəxsin və ya orqanın yazılı təsdiqi əsasında icazə verir. Adətən ayda bir görüşə icazə verilir. Görüş bir saatdan iki saatadək davam edə bilər.

...

3) İcazəli görüşlər ibtidai həbs mərkəzinin müdiriyyətinin müşahidəsi altında baş tutmalıdır. Bu qaydalar pozulduqda görüşə son verilir.

 

Maddə 33. Zorla yedizdirilmə üsulu

 

1) Qida qəbulundan imtina edən məhbus onun səhhətinə görə cavabdeh olan həkimin yazılı rəyi əsasında zorla yedizdirilməlidir.

2) Aşağıdakılar zorla yedizdirilməlidir:

a) qida qəbulundan israrlı imtina nəticəsində həyatları təhlükə altında olan şəxslər;

...

4) Qida qəbulundan imtina edən şəxs ən azı iki nəfər həbsxana keşikçisinin və ya saxlama müəssisəsi müdiriyyətinin digər nümayəndələrinin iştirakı ilə tibb personalı tərəfindən zorla yedizdirilməlidir. Zərurət olduqda həmin şəxsin hərəkətləri qandallar vasitəsilə məhdudlaşdırılmalı və o, gözətçilər tərəfindən düzgün vəziyyətdə yerləşdirilməlidir.

5) Məhbusun zorla yedizdirilməsi prosedurunun müddəti, qidanın kalori dəyəri, habelə məhbusu yedizdirən şəxsin adı və vəzifəsi məhbusun tibbi sənədlərində göstərilməlidir.

6) Qida qəbulundan imtina edən şəxsin səhhəti yaxşılaşdıqda zorla yedizdirilməyə son verilməlidir. Bu məsələ ilə bağlı ətraflı tibbi rəy tərtib edilməli və tibbi sənədlərdə müvafiq qeydlər aparılmalıdır ...”

 

41. Səhiyyə Nazirliyi tərəfindən 1996-cı ildə və Ədliyyə Nazirliyi tərəfindən 15 avqust 1996-cı ildə qəbul edilən və Baş Prokurorluq tərəfindən koordinasiya olunan “Qida qəbulundan imtina edən şəxslərin həbsxanalarda saxlanılmasına və onların zorla yedizdirilməsi üsuluna dair təlimat”a əsasən qida qəbulundan “əsassız” imtina həbsxana rejiminin pozuntusu sayılır. Bu pozuntunu törətdiyi müəyyən edilən şəxs qida qəbulundan faktiki imtina tarixindən 24 saat ərzində təkadamlıq saxlama kamerasına köçürülür. Həkim qida qəbulundan imtina edən məhbusun fiziki vəziyyəti əsasında onun zorla yedizdirilməsinə ehtiyac olub-olmadığını və zorla yedizdirilmə rejimini müəyyən edir və hər yedizdirilmədən əvvəl ona yeməkdən imtina ilə əlaqədar olan təhlükələri izah edir. Məhbus zorla yedizdirilməsinə müqavimət göstərdikdə, əlləri qandallanaraq iki nəfər həbsxana keşikçisi və ya saxlama müəssisəsi müdiriyyətinin digər nümayəndələri tərəfindən lazımi vəziyyətə gətirilir və ağızgenişləndirən tətbiq edilir. Hər bir zorla yedizdirilmə halı məhbusun tibb tarixçəsində qeydə alınaraq yedizdirilmənin tarixi, qidanın tərkibi və miqdarı göstərilir. Məhbusun səhhəti yaxşılaşdıqda zorla yedizdirilməyə son verilir və tib tarixçəsində bunun səbəbləri göstərilir.

42. 24 oktyabr 2003-cü ildə parlament “2004-2008-ci illər üçün insan hüquqları sahəsində Milli Fəaliyyət Planı” ilə bağlı 415-XV saylı qərar qəbul etdi. Plan 2004-2008-ci illər üçün bir sıra məqsədləri, o cümlədən kameralarda adamların sayının azaldılması da daxil olmaqla həbsdə saxlanma şəraitinin yaxşılaşdırılmasını, tibbi qulluğun yaxşılaşdırılmasını, məhbusların işə cəlb olunmasını və reinteqrasiyasını, eləcə də həbsxana əməkdaşlarının təlimini əhatə edirdi. Planın həyata keçirilməsi ilə bağlı mütəmadi hesabatlar tərtib edilməlidir. 31 dekabr 2003-cü ildə Hökumət “Penitensiar sistemin yenidən təşkili konsepsiyası”na və “Penitensiar sistemin yenidən təşkili konsepsiyasının həyata keçirilməsindən ötrü 2004-2013-cü illər üçün Fəaliyyət Planı”na dair qərar qəbul etdi, bunların hər ikisinin məqsədi, digər məsələlərlə yanaşı, penitensiar müəssisələrdə saxlanma şəraitinin yaxşılaşdırılması idi. Bundan əlavə, 21 aprel 2004-cü ildə Hökumət “Penitensiar sistemə maddi-texniki yardım mərkəzi”nin yaradılmasını təsdiq etdi.

43. Tarixi müəyyən edilməyən gündə Ədliyyə Nazirliyi “Parlamentin 24 oktyabr 2003-cü il tarixli 415-XV saylı qərarı ilə təsdiq edilmiş “2004-2008-ci illər üçün insan hüquqları sahəsində Milli Fəaliyyət Planı”nın 14-cü fəslinin Ədliyyə Nazirliyi tərəfindən yerinə yetirilməsinə dair hesabat” qəbul etdi. 25 noyabr 2005-ci ildə Parlamentin İnsan Hüquqları Komissiyası Milli Fəaliyyət Planının yerinə yetirilməsinə dair hesabat qəbul etdi. Bu hesabatların hər ikisində həbsxana sisteminin yetərincə maliyyələşdirilməməsi və nəticədə Kişinyovdakı 3 saylı həbsxana da daxil olmaqla Moldovadakı ibtidai həbs mərkəzlərində fəaliyyət planının tam yerinə yetirilməməsi, xüsusən kifayət qədərə yerin, qidanın və yataq ləvazimatlarının təmin edilməməsi təsdiq edilirdi. Bu hesabatların birincisində digər məsələlərlə yanaşı qeyd edilirdi ki, “nə qədər ki [Milli Fəaliyyət Planı çərçivəsindəki] məqsədlərə və fəaliyyətlərə zəruri maliyyə dəstəyi yoxdur, ... Parlamentin 24 oktyabr 2003-cü il tarixli 415-XV saylı qərarında göstərilmiş insan hüquqlarına riayət edilməsi yalnız dövlətin xoşməramlı cəhdi olaraq qalacaq və həmin qərarın aqibəti yerinə yetirilməməkdən və ya qismən yerinə yetirilməkdən ibarət olacaq”. 28 dekabr 2005-ci ildə parlament “İşləri məhkəmələrin icraatında olan, məhkəmə araşdırmasını gözlədikləri müddətdə Penitensiar İdarənin 13 saylı saxlama mərkəzində saxlanılan şəxslərin vəziyyətinin xüsusi parlament komissiyası tərəfindən yoxlanılmasının nəticələrinə barədə” 370-XVI saylı qərar qəbul etdi. Qərarda digər məsələlərlə yanaşı müəyyən edildi ki, “Ədliyyə Nazirliyinin həbsxanalarda saxlama şəraitinin təmin edilməsi üzrə fəaliyyəti qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir”.

44. Konvensiyanın 3-cü maddəsi üzrə şikayətlər üçün əlçatan olan hüquqi müdafiə vasitələri ilə bağlı müvafiq daxili qanunvericilik müddəaları Ostrovar Moldovaya qarşı (qərardad, ərizə N 35207/03, 22 mart 2005) və Boytsenko Moldovaya qarşı (ərizə N 41088/05, b. 68-71, 11 iyul 2006) işlərdə qeyd olunub.

45. Məhbusların yazışmaları ilə bağlı yuxarıda 40-cı bənddə göstərilən müddəalardan əlavə bu barədə müvafiq daxili qanunvericilik müddəaları həmçinin Meriakri Moldovaya qarşı (işin siyahıdan çıxarılması barədə qərardad, ərizə N 53487/99, b. 17-24, 1 mart 2005) işdə də qeyd olunub.

Bundan əlavə, Cinayət Prosessual Məcəlləsinin 31-ci maddəsində deyilir:

“1) Şəxsi həyat, mənzil və ya yazışmaların, telefon və teleqraf danışıqlarının və digər əlaqə formalarının toxunulmazlığı hüququnu məhdudlaşdıran əməliyyat-istintaq tədbirləri, habelə qanunla nəzərdə tutulmuş digər tədbirlər istintaq aparan hakimin icazəsi ilə həyata keçirilir. ...”

 

2. İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Komitənin (CPT) hesabatları

 

46. Moldovaya 10-21 iyun 2001-ci il tarixli səfərinə dair hesabatında CPT bildirdi ki (qeyri-rəsmi tərcümə):

“61. Nümayəndə heyəti azadlıqdan məhrum edilmiş şəxslərin ətraf aləmlə təmasları məsələsinə diqqəti cəlb edir. Çoxlu sayda şəxslər qohumları ilə yazışmalarına və görüşlərinə qoyulan qadağadan şikayət ediblər. Belə görünür ki, məhbusların ətraf aləmlə təmasları bütünlüklə polis əməkdaşlarının və (və ya) cəzaçəkmə müəssisəsinin vəzifəli şəxslərinin ixtiyarına buraxılıb və bu məsələdə çox məhdudlaşdırıcı mövqe mövcuddur.

Cinayətlərdə şübhəli bilinən şəxslərə gəldikdə CPT razılaşır ki, istintaqın maraqları naminə müəyyən şəxslərin görüşlərinə həqiqətən bəzi məhdudiyyətlər qoyula bilər. Lakin bu məhdudiyyətlər yalnız işin konkret tələbatları ilə məhdudlaşmalı və mümkün qədər qısa müddət ərzində tətbiq edilməlidir. Heç bir halda məhbusun ailəsi və dostları ilə görüşləri uzun müddətə qadağan oluna bilməz. Sövdələşmə riskinin olduğu hesab edildikdə, yaxşı olar ki, görüşlərə ciddi nəzarət altında icazə verilsin; bu yanaşma həmçinin ailə ilə və yaxın dostlarla yazışmaları da əhatə etməlidir.

...

CPT tövsiyə edir ki, Moldova hakimiyyət orqanları bu sahədəki hüquqi aktları və mövcud praktikanı yuxarıda ifadə edilmiş qeydlərin işığında yenidən nəzərdən keçirsinlər”.

 

47. Moldovaya 20-30 sentyabr 2004-cü il tarixli səfərinə dair hesabatında CPT bildirdi ki (qeyri-rəsmi tərcümə):

“50. CPT-nin nümayəndə heyəti inzibati hüquqpozmalara görə ittiham olunan və məhkum edilən şəxslərə cəzaçəkmə müəssisələrində görüşlər almaq və ətraf aləmlə təmasda olmaq üçün icazənin verilməsindən imtina ilə bağlı həmin şəxslərdən yenə də təkrar şikayətlər eşidir.

CPT bir daha təkrar edir ki (2001-ci il səfərinə dair hesabatın 61-ci bəndinə bax), söhbət məhkəmə araşdırmasını gözləyən şəxslərdən gedirsə, istintaqın maraqları naminə onlardan bəzilərinin görüşlərinə məhdudiyyətlər qoyulması zəruridirsə, bu məhdudiyyətlər vaxt cəhətdən məhdud olmalı və mümkün qədər qısa müddətə tətbiq edilməlidir. Həbsdə saxlanılan şəxsin ailəsi və dostları ilə görüşləri heç bir halda uzun müddətə qadağan olunmamalıdır. Sövdələşmə riskinin olduğu güman edilirsə, yaxşı olar ki, görüşlərə ciddi nəzarət altında icazə verilsin. ...

55. Səfərlər edilmiş penitensiar müəssisələrin çoxunda vəziyyət ölkədəki iqtisadi vəziyyət ucbatından çətin olaraq qalır və nümayəndə heyəti fiziki şərait və həbsdə saxlanma rejimləri nöqteyi-nəzərindən artıq 1998-ci və 2001-ci il səfərlərində müəyyən edilmiş bir sıra problemlərlə yenə qarşılaşıb.

Buna kameralarda həddən artıq adanın olması problemini də əlavə etmək olar, bu problem ciddi olaraq qalır. Faktiki olaraq, səfərlər edilmiş penitensiar müəssisələr tam gücü ilə işləməsə də (Komitənin son səfərindəkinə nisbətən məhbusların sayının hiss olunacaq dərəcədə az olduğu 3 saylı həbsxana buna misal ola bilər), onlar adamla dolu olaraq qalır. Əslində onların məhbus qəbul etmə imkanı hələ də bir məhbusa 2 kvadrat metr sahə düşməsini nəzərdə tutan qeyri-qənaətbəxş qaydaya əsaslanır; praktiki olaraq, çox zaman bu rəqəm hətta daha az olur.

73. Ətraf aləmlə təmas üçün otaqların səviyyəsi arzu olunandan çox aşağıdır. Bağlamalara və məktublara heç bir məhdudiyyət qoyulmasa da, sakinlərin üç ayda cəmi üç saat davam edə bilən qısa görüşlər almaq hüququ var, özü də bu görüşlər çox vaxt praktiki olaraq bir saatadək qısaldılır. Üstəlik, görüşlər məhbusların ziyarətçilərdən barmaqlıqlar vasitəsilə ayrıldığı otaqda sıxıcı mühitdə keçirilir, özü də onların yaxınlığında daim gözətçi dayanır.

79. Kişinyovdakı 3 saylı həbsxanaya sonrakı səfər qənaətbəxş olmayan vəziyyəti aşkara çıxardı. Müşahidə edilən irəliləyiş faktiki olaraq minimal idi və bəzi atüstü təmir işləri ilə məhdudlaşırdı. Ventilyasiya sistemi ilk növbədə vətəndaş cəmiyyətinin (xüsusən QHT-lərin) maliyyə dəstəyi sayəsində təmir olunmuşdu və gündəlik istirahət yerlərinin yaradılması yalnız məhbusların və onların ailələrinin yardımları nəticəsində mümkün olmuşdu.

Kameraların təmiri, bərpası və normal saxlanılması bütünlüklə məhbusların özlərinin və onların ailələrinin öhdəsinə düşür, onlar həmçinin zəruri materialların pulunu da onlar ödəyirlər. Yataq ağlarını və ədyalları da onlar özləri əldə etməlidirlər, cəzaçəkmə müəssisəsi onlara yalnız istifadə edilmiş döşəklər vermək imkanına malikdir.

Ümumiyyətlə, I-II bloklardakı kameraların və tranzit kameralarının böyük əksəriyyəti çox pis vəziyyətdə qalmaqdadır. ...

Nəhayət, kameralarda adamların sayı kəskin şəkildə azaldılsa da, hər kvadrat metrə düşən sakinlərin miqdarı hələ də çox yüksək, hətta demək olar ki, dözülməz səviyyədədir.

83. Azyaşlılar üçün Lipcani islah-tərbiyə koloniyası (həmin koloniyada bu sahədə göstərilmiş səylər qeyd edilməlidir) istisna olmaqla, hər yerdə məhbusların qidasını kəmiyyət və keyfiyyəti böyük narahatlıq mənbəyidir. Nümayəndə heyəti ət və pəhriz məhsullarının olmaması ilə bağlı çoxsaylı şikayətlərlə üzləşib. Nümayəndə heyətinin həm ərzaqla, həm də menyu ilə bağlı gəldiyi nəticələr bu şikayətlərin haqlı olduğunu təsdiq edir. Onun gəldiyi nəticələr bunu da təsdiq etdi ki, müəyyən yerlərdə (3 saylı həbsxanada, ...) məhbuslara verilən ərzaq iyrəndiricidir və faktiki olaraq yeyilməyə yaramır (məsələn, ərzaqda həşəratlar və parazitlər var). Mətbəxlərin ümumi vəziyyətini və primitiv avadanlıqlarını nəzərə alsaq, bu təəccüblü deyil.

Moldovanın hakimiyyət orqanları məhbuslar üçün adekvat qidanı təmin olunmasında həmişə maliyyə çətinliklərinin olduğunu iddia ediblər. Lakin Komitə israrla bildirir ki, bu, dövlətin öhdəsində olan şəxslər üçün dövlət tərəfindən təmin edilməli olan yaşamaq hüququnun fundamental tələbidir və heç nə onu bu vəzifədən azad edə bilməz. ...”

 

3. Avropa Penitensiar Qaydaları

 

48. Nazirlər Komitəsinin üzv dövlətlərə Avropa Penitensiar Qaydalarına dair Rec(2006)2 saylı tövsiyəsinin (Nazirlər Komitəsi tərəfindən 11 yanvar 2006-cı ildə nazirlərin nümayəndələrinin 952-ci iclasında qəbul olunub) müvafiq hissələrində deyilir:

“Ətraf aləmlə təmas

24.1. Məhbusların mümkün qədər tez-tez məktub, telefon danışığı və ya digər əlaqə formaları vasitəsilə ailələri ilə, digər şəxslərlə və kənar təşkilatların nümayəndələri ilə əlaqə saxlamasına və həmin şəxslərlə görüşməsinə imkan verilməlidir.

24.2. Əlaqələr və görüşlər davam edən cinayət istintaqlarının tələbləri üçün, nizam-intizamın, salamatlığın və təhlükəsizliyin qorunması üçün, cinayətlərin qarşısının alınması və cinayət qurbanlarının müdafiəsi üçün zəruri olan məhdudiyyətlərə və müşahidələrə məruz ala bilər, lakin belə məhdudiyyətlər, o cümlədən məhkəmə orqanı tərəfindən təyin edilmiş xüsusi məhdudiyyətlər, qəbul edilən minimal səviyyədə təmaslara imkan verməlidir.

24.3. Milli qanunvericilikdə məhbusların əlaqə saxlamasının məhdudlaşdırılmasına yol verilməyən milli və beynəlxalq qurumlar və vəzifəli şəxslər göstərilməlidir.

24.4. Görüşlərin qaydası elə olmalıdır ki, məhbuslar mümkün qədər normal tərzdə ailə münasibətlərini mühafizə etmək və inkişaf etdirmək imkanına malik olsunlar.

24.5. Həbsxana orqanları ətraf aləmlə adekvat əlaqələrin saxlanılmasında məhbuslara kömək etməli və onları bunun üçün müvafiq şəraitlə təmin etməlidirlər.

...”

 

2. İşin əhatə dairəsi

 

53. Məhkəmə bu ərizənin qəbul edilənliyinə dair 11 oktyabr 2005-ci il tarixli qərarın nəticə hissəsində qeyd edir ki, o, ərizəçinin yuxarıda qeyd edilən şikayətlərinə və iki əlavə şikayətinə, yəni 2001-ci il tarixli məhkəmə proseslərinin ədalətliliyi və mülki məhkəmələrdə ərizəçinin şəxsən iştirak etmək hüququ məsələsinə baxılmasını təxirə salır. Faktiki olaraq, Məhkəmə həmin qərarın 5-ci bəndində müəyyən edib ki, həmin iki şikayət qəbul olunan deyil. Buna görə də onlar barədə məlumat Hökumətə göndərilməyib. Lakin Məhkəmə qeyd edir ki, ərizənin qəbul edilənliyinə dair 11 oktyabr 2005-ci il tarixli qərarının nəticə hissəsində bu iki şikayətə toxunulmasa da, hər halda həmin icraatda bu şikayətlərə baxılıb və onları burada əlavə araşdırmağa ehtiyac yoxdur.

 

I. ŞİKAYƏTLƏRİN QƏBUL EDİLƏNLİYİ

 

54. Ərizəçi şikayət etdi ki, onun 3 saylı həbsxanada saxlanma şəraiti Konvensiyanın 3-cü maddəsinə zidd olan qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabərdir (yuxarıda 9-12-ci bəndlərə bax).

55. Hökumət bununla razılaşmadı və bunun əksini göstərən sübutlara istinad etdi (yuxarıda 13-cü bəndə bax). O, iddia etdi ki, ərizəçi Konvensiyanın 3-cü maddəsi üzrə şikayətlərlə bağlı ixtiyarında olan daxili hüquqi müdafiə vasitələrini tükəndirməyib. O, konkret olaraq Druqalyov Daxili İşlər Nazirliyinə və Maliyyə Nazirliynə qarşı məhkəmə işinə istinad etdi (həmin işə Boytsenkonun işi üzrə yuxarıda adı çəkilən qərarın 68-ci bəndində istinad edilib)

56. Məhkəmə xatırladır ki, ixtiyarında bir neçə daxili hüquqi müdafiə vasitəsi olduqda fərdin birdən artıq vasitəyə əl atması tələb olunmur (misal üçün bax: Eyri İrlandiyaya qarşı, 9 oktyabr 1979-cu il tarixli qərar, A seriyaları, c. 32, s. 12, b. 23).

57. Söhbət iddia edilən pozuntuya dərhal son qoyulması üçün mülki iddia kimi vasitəyə əl atmaqdan getdikdə, Məhkəmə artıq müəyyən edib ki, Hökumətin istinad etdiyi Draqulyovun işi bu cür hüquqi müdafiə vasitəsinin səmərəli olduğuna dair yetərli sübut təşkil etmir (bax: Holomiov Moldovaya qarşı, ərizə N 30649/05, b. 106, 7 noyabr 2006). Ərizəçinin zorla yedizdirilməsi ilə bağlı açıq-aydın Konvensiyanın 3-cü maddəsinə istinad etməklə məhkəmələrə etdiyi şikayət təxminən 4 il müddətində araşdırılıb ki (yuxarıda 19-28-ci bəndlərə bax), bu da Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntusuna dərhal son qoyulmasına nail olmaq üçün mülki iddiaların vaxtında təsir göstərmədiyini bir daha təsdiq edir.

58. Bundan başqa, ərizəçi Penitensiar İdarəyə və ibtidai həbs mərkəzinin müdiriyyətinə həbsdə saxlanma şəraitindən açıq-aydın şikayət etmişdi (yuxarıda 11-ci bəndə bax). Hökumət bu vasitələrin ərizəçi tərəfindən tükəndirilməsi tələb olunan səmərəli vasitələr olmadığına dair hər hansı sübut təqdim etməyib.

Belə olan halda bu şikayət mümkün daxili hüquqi müdafiə vasitələri tükəndirilmədiyinə görə rədd edilə bilməz.

59. Məhkəmə qeyd edir ki, ərizəçinin Konvensiyanın 3, 6, 8 və 10-cu maddələri üzrə şikayətlərində kifayət qədər ciddi faktiki və hüquqi məsələlər qaldırılır ki, onların da həll olunması işə mahiyyəti üzrə baxılmasından asılıdır. Onları qəbul olunmayan elan etmək üçün heç bir əsas müəyyən edilməyib. Buna görə də Məhkəmə bu şikayətləri qəbul olunan elan edir. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiqinə dair qərarına uyğun olaraq (yuxarıda 4-cü bəndə bax), Məhkəmə dərhal şikayətlərə mahiyyəti üzrə baxacaqdır.

 

HÜQUQİ MƏSƏLƏLƏR

 

1. Şikayətlər

 

49. Ərizəçi Konvensiyanın 3-cü maddəsi ilə təmin olunan hüququnun pozulmasından şikayət etdi. 3-cü maddədə deyilir:

“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.

50. O, həmçinin şikayət etdi ki, zorla yedizdirilməsi ilə bağlı şikayətinə baxmaqdan məhkəmə rüsumlarını ödəməməsi səbəbindən məhkəmələrin imtina etməsi nəticəsində Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan hüquqları pozulub. 6-cı maddənin müvafiq hissəsində deyilir:

“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir...”

51. Ərizəçi şikayət etdi ki, yazışmaları üzərində senzura qoyulması və ziyarətçilərlə görüşmək üçün məqbul şəraitin təmin olunmasından imtina edilməsi nəticəsində Konvensiyanın 8-ci maddəsi ilə təmin olunan hüquqları pozulub. 8-ci maddədə deyilir:

“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”.

52. Nəhayət, ərizəçi Konvensiyanın 10-cu maddəsi üzrə şikayət etdi ki, daxili həbsxana qaydaları ilə tanış olmaq imkanına malik olmayıb. 10-cu maddədə deyilir:

“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.

 

II. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

 

A. Həbsdə saxlanma şəraiti

 

60. Ərizəçi şikayət etdi ki, onun 3 saylı həbsxanada saxlanma şəraiti Konvensiyanın 3-cü maddəsinə zidd olan qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabərdir (yuxarıda 9-12-ci bəndlərə bax).

61. Hökumət hesab etdi ki, ərizəçi məqbul şəraitdə saxlanılıb (yuxarıda 13-cü bəndə bax). Onun məruz qaldığı hər hansı mümkün iztirab adətən həbsdə saxlanma ilə bağlı normal iztirab hissinin səviyyəsini aşmayıb.

62. Məhkəmə xatırladır ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən əsas dəyərlərindən birini təsbit edir. O, qurbanın davranışından asılı olmayaraq, işgəncələri, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanı mütləq şəkildə qadağan edir (misal üçün bax: Labita İtaliyaya qarşı, [Böyük Palatanın qərarı], ərizə N 26772/95, b. 119, AİHM 2000-IV). Məhkəmə həmçinin bu qənaətə gəlib ki, “işgəncə” ilə “qeyri-insani və ya ləyaqəti alçaldan rəftar” arasındakı fərq ondan ibarətdir ki, “bilərəkdən törədilən və çox ciddi və amansız iztiraba səbəb olan qeyri-insani rəftara xüsusi “işgəncə” damğası vurulur” (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, b. 167).

Məhkəmə həbsdə saxlanma şəraiti ilə (bax: Sarbanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 75-77, 4 oktyabr 2005) və zorla yedizdirilmə ilə (bax: Nevmerjitski Ukraynaya qarşı, ərizə N 54825/00, b. 79-81, AİHM 2005-II, çıxarışlar) bağlı özünün presedent hüququ ilə bərqərar edilmiş növbəti prinsiplərə istinad edir

63. 3-cü maddənin tətbiq dairəsinə düşmək üçün pis rəftar qəddarlığın minimal səviyyəsinə çatmalıdır. Həmin minimal səviyyənin qiymətləndirilməsi nisbi xarakter daşıyır; o, işin bütün hallarından, məsələn, rəftarın davam etdiyi müddətdən, onun fiziki və ya əqli nəticələrindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (misal üçün bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 65, b. 162).

64. Dövlət şəxsin həbsxanada insan ləyaqətinə hörmət edilən şəraitdə saxlanmasını təmin etməlidir, habelə təmin etməlidir ki, cəza tədbirinin icra tərzi və metodu ona əzab verməsin və ya həbsdə saxlanılmağa xas olan səviyyəni aşan dərəcədə ağır olmasın, habelə həbsdə saxlanmanın praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığı və rifahı lazımi qaydada qorunsun, o cümlədən o, lazımi qaydada tibbi yardımla təmin edilsin (bax: Kudla Polşaya qarşı, [Böyük Palatanın qərarı], ərizə N 30210/96, b. 119, AİHM 2000-XI). Həbsdə saxlanma şəraitini qiymətləndirərkən həmin şəraitin məcmu nəticələri və həbsdə saxlanılma müddəti nəzərə alınmalıdır (bax: Ostrovar Moldovaya qarşı, ərizə N 35207/03, b. 80, 13 sentyabr 2005).

65. Hazırkı işdə ərizəçi ilə birlikdə kamerada saxlanılan şəxslərin sayı, ərizəçiyə ayrılan şəxsi məkanın sahəsi və hətta ərizəçinin saxlanıldığı kameraların nömrələri məsələsində tərələr arasında fikir ayrılığı var. Məhkəmə qeyd edir ki, tərəflər ərizəçinin 17a saylı kamerada saxlanıldığını təsdiq edirlər (yuxarıda 9-cu və 13-cü bəndlərə bax). Ərizəçinin sözlərinə görə, o, on nəfər digər şəxslə orada saxlanılıb. Hökumət bunu şübhə altına almayaraq sadəcə qeyd edib ki, kameranı sahəsi 12 kvadrat metrdir, amma orada saxlanılan məhbusların sayı barəsində təfsilatları bildirməyib. Məhkəmə bu nəticəyə gəlir ki, həmin kamerada hər bir məhbusun üçün 1 kvadrat metrdən azacıq çox sahə olub, bu isə qəbul edilən minimumdan açıq-aydın azdır.

66. Hökumət ərizəçinin 11 saylı kamerada saxlanıldığını şübhə altına alsa da, Məhkəmə qeyd edir ki, ərizəçiyə ünvanlanan məktubların bəzilərini həbsxana müdiriyyəti ərizəçiyə verilmək üçün 11 saylı kameraya göndərib (yuxarıda 33-cü bəndə bax). Ərizəçi həmçinin “aclıq aksiyasına aid gündəliyində” də 11 saylı kameraya köçürüldüyünü qeyd edib (yuxarıda 12-ci bəndə bax). Məhkəmənin fikrincə, işin içərisindəki materiallar yetərincə təsdiq edir ki, ərizəçi 11 saylı kamerada saxlanılıb. Hökumət həmin kameranın ölçüsü və ya orada yerləşdirilən məhbusların sayı ilə bağlı hər hansı təfsilatlar təqdim etməyib. Buna görə də Məhkəmə belə hesab edəcək ki, ərizəçinin hesablamaları düzgündür və ərizəçi aclıq aksiyasında başladıqdan sonra 2 avqust 2001-ci ildə 11 saylı kameraya köçürülərkən orada məhbusların sayı çarpayıların sayından çox olub.

67. Məhkəmə qeyd edir ki, yuxarıdakı nəticələr CPT-nin gəldiyi aşağıdakı nəticələrə uyğundur: 3 saylı həbsxanada məhbusların sayının hiss olunacaq dərəcədə azaldılmasına baxmayaraq, hələ də bir məhbusa hələ də 2 kvadrat metrdən az sahə düşür (yuxarıda 47-ci bəndə bax). O, daha sonra qeyd edir ki, dövlət hakimiyyəti orqanları həmin həbsxanada bəzən həddən artıq adamın olduğunu etiraf ediblər (yuxarıda 11-ci bəndə bax). Məhkəmə Hökumətin bildirdiyi kimi ərizəçinin həbsdə saxlanıldığı beş il ərzində 5 kvadrat metr sahəyə malik olduğuna şübhə ilə yanaşır, belə ki, digər məhbuslar bunun yarısından da az sahəyə malik idilər. O, qeyd edir ki, Hökumətin təqdim etdiyi videogörüntülər çəkiliş anında ərizəçinin saxlanıldığı kameradakı dörd yerin tutumunu göstərir (yuxarıda 13-cü bəndə bax). Məhkəmə artıq müəyyən edib ki, kamerada həddən artıq adamın olması faktının özü, xüsusən bu hal beş il ərzində 3 saylı həbsxanada ibtidai həbsdə saxlanılmış ərizəçinin işində olduğu kimi uzun müddət davam edibsə, Konvensiyanın 3-cü maddəsi üzrə məsələni doğurur (bax: Kalaşnikov Rusiyaya qarşı, ərizə N 47095/99, b. 97, AİHM 2002-VI; və Ostrovar Moldovaya qarşı, ərizə N 35207/03, b. 84, 13 sentyabr 2005).

68. Məhkəmə həmçinin qeyd edir ki, Penitensiar İdarə 29 dekabr 2003-cü il tarixli məktubunda 3 saylı həbsxanada parazit həşəratların olduğunu təsdiq edib (yuxarıda 11-ci bəndə bax). Hökumət nə bu məsələyə dair, nə də ərizəçinin 17 fevral və 26 may 2002-ci il tarixli məktublarında onun 10 gün təkadamlıq kamerada saxlanıldığı müddətdə kamerada rütubətin olması, çarpayıların olmaması, gəmiricilərin olması və gündə 18 saatadək gün işığının və ya elektrik enerjisinin olmaması ilə bağlı bildirdiyi şikayətlərinə dair şərh vermədi (yuxarıda 12-ci bəndə bax). Bütün kameralarda pəncərələrin və ventilyasiya sisteminin olduğu barədə ümumi açıqlama yuxarıda qeyd edilən konkret iddiaları təkzib etmək üçün yetərli deyil.

69. Ona verilən qidanın kəmiyyəti və keyfiyyəti ilə bağlı ərizəçinin şikayəti dövlət hakimiyyəti orqanlarının və CPT-nin gəldiyi nəticələrlə uzlaşır (yuxarıda 43-cü və 47-ci bəndlərə bax). Ostrovar Moldovaya qarşı işdə (yuxarıda istinad edilmiş həmin iş üzrə qərarın 88-ci bəndində) Məhkəmə qismən hazırkı işdəki ərizəçi ilə eyni vaxta eyni həbsxanada saxlanılmış digər bir ərizəçi ilə bağlı oxşar nəticəyə gəlib. Məhkəmə bu günkü gündə həbsxanadakı şəraitin yaxşılaşdığını göstərən videoyazını və digər sübutları təqdirəlayiq hal kimi qeyd etməklə yanaşı, bildirir ki, hər halda ərizəçinin şikayəti 2001-ci ildən sonrakı dövrə aiddir.

70. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə ərizəçinin irəli sürdüyü digər iddiaları nəzərdən keçirməyə ehtiyac görmür, çünki belə hesab edir ki, konkret olaraq kamerada həddən artıq adamın olması, antisanitariya şəraiti və ərzağın kəmiyyət və keyfiyyətinin aşağı olması, habelə ərizəçinin uzun müddət ibtidai həbsdə saxlanılması qeyri-insani rəftara bərabərdir.

71. Buna görə də, ərizəçinin həbsdə saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.

 

B. Zorla yedizdirilmə

 

1. Tərəflərin arqumentləri

 

72. Ərizəçi buna hər hansı tibbi zərurət olmadan zorla yedizdirilməsindən və zorla yedizdirilmənin həyata keçirilmə üsulundan şikayət etdi. O, bildirdi ki, zorla yedizdirilmə cəza xarakteri daşıyırdı və ilk növbədə onu kəskin ağrıya və ləyaqəti alçaldan rəftara məruz qoymaqla onu aclıq etirazını dayandırmağa məcbur etmək məqsədini güdürdü (yuxarıda 14-18-ci bəndlərə bax). Bundan başqa, onun həyata keçirilmə üsulu onu lüzumsuz ağrıya məruz qoymuş, alçaltmış və səhhətinin yetərincə müdafiəsini təmin etməmişdi. Nəticədə onun dişi sınmış və o, qarın boşluğunun infeksiyasına yoluxmuşdu.

73. Hökumət bununla razılaşmadı. Onun bildirdiyinə görə, ərizəçinin zorla yedizdirilməsi açıq-aydın tibbi zərurətə əsaslanıb, ixtisaslı tibb personalı tərəfindən təyin olunaraq həyata keçirilib və qanunla nəzərdə tutulub. Ərizəçinin 24 gün ərzində yeməkdən imtina etməsi onun həyatını real risk altında qoyub və həkimlərin vəzifəsi onu qorumaqdan ibarət idi. Hökumət sözlərinə görə, sağlam şəxsin həyatı 30 günlük aclıqdan sonra təhlükə altına düşür, ərizəçi kimi daha zəif şəxslər isə bu cür riskə daha qısa müddətdə məruz qala bilərlər.

74. Ərizəçinin zorla yedizdirilməsi üsuluna, xüsusən də qandallardan və digər avadanlıqlardan istifadəyə gəldikdə, Hökumət qeyd etdi ki, bu, yalnız ərizəçinin müqaviməti ucbatından zəruri idi həmin vaxt qüvvədə olan qanunvericiliyə və beynəlxalq təşkilatların müxtəlif tövsiyələrinə uyğun olaraq həyata keçirilmişdi. Bundan başqa, ərizəçinin intihar meylli davranışı və ona “mozaik şizofreniya” diaqnozunun qoyulması (yuxarıda 7-ci bəndə bax) məhdudiyyətləri zəruri edən əlavə amillər idi. Nəhayət, ərizəçinin qarın boşluğunun infeksiyaya yoluxmasının zorla yedizdirilmə ilə heç bir əlaqəsi yox idi.

75. Ərizəçi məhkəmədə həbsxana psixiatrının verdiyi ifadəyə istinad etdi, həmin psixiatr 14 avqust 2001-ci il hadisəsindən az sonra onu müayinə etmiş (yuxarıda 16-cı bəndə bax) və anlaqlı şəxs hesab etmişdi.

 

2. Məhkəmənin qiymətləndirməsi

 

76. Məhkəmə qeyd edir ki, özünün keçmiş presedent hüququnda Komissiya bildirib ki, “şəxsin zorla yedizdirilməsi alçaltma elementlərini özündə ehtiva edir ki, bu da müəyyən hallarda Konvensiyanın 3-cü maddəsi ilə qadağan olunan rəftar sayıla bilər. Lakin ... həbsdə saxlanılan şəxs aclıq aksiyası keçirirsə, bu, qaçılmaz olaraq fərdin fiziki toxunulmazlıq hüququ ilə Razılığa gələn Yüksək Tərəfin Konvensiyanın 2-ci maddəsi üzrə pozitiv öhdəliyi arasında münaqişəyə səbəb ola bilər – bu elə münaqişədir ki, Konvensiya onu həll etmir” (bax: X Almaniyaya qarşı, (1984) 7 EHRR 152).

77. Məhkəmə bir daha bildirir ki, təbabətin oturuşmuş prinsipləri nöqteyi-nəzərindən terapevtik zərurətdən irəli gələn tədbir prinsipcə qeyri-insani və ləyaqəti alçaldan sayıla bilməz (bax: Yallo Almaniyaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 54810/00, b. 69, AİHM 2006-...). Eyni sözləri qida qəbulundan bilərəkdən imtina edən konkret məhbusun həyatını xilas etmək məqsədi daşıyan zorla yedizdirilmə haqqında da demək olar. Bununla belə, Konvensiya orqanları tibbi zərurətin mövcudluğunun inandırıcı şəkildə nümayiş etdirildiyinə əmin olmalıdırlar (bax: Hertseqfalvi Avstriyaya qarşı, 24 sentyabr 1992-ci il tarixli qərar, A seriyaları, c. 244, s. 26, b. 83). Bundan başqa Məhkəmə əmin olmalıdır ki, zorla yedizdirilmə qərarı ilə bağlı prosessual təminatlara riayət edilib. Bundan başqa, aclıq aksiyası zamanı ərizəçinin məruz qaldığı zorla yedizdirilmə üsulu Məhkəmənin Konvensiyanın 3-cü maddəsi üzrə presedent hüququnda nəzərdə tutulmuş minimal qəddarlıq səviyyəsini aşmamalıdır (Nevmerjitskinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 94).

 

a) Ərizəçinin zorla yedizdirilməsi üçün tibbi zərurətin mövcudluğu məsələsi barədə

 

78. Məhkəmə qeyd edir ki, ərizəçi ən azı ayda bir dəfə aclıq elan etdiyi 1995-ci ilin ikinci yarısı da daxil olmaqla bir çox hallarda aclıq aksiyası keçirib (yuxarıda 21-ci bəndə bax). Əvvəlki aclıq aksiyaları zamanı nə onun zorla yedizdirilməsinin zəruriliyi, nə də həyatının və sağlamlığının təhlükə altında olduğu bildirilməyib. Bundan başqa, 24 noyabr və 4 dekabr 1995-ci ildə ona iki dəfə 10 gün müddətinə təcridxanaya salınma cəzasının tətbiq edilməsi (o, həmin vaxtda da 3 saylı həbsxanada saxlanılırdı) müdiriyyətin belə bir mövqeyini əks etdirir ki, ərizəçinin həyatı aclıq aksiyası nəticəsində nəinki təhlükə altında olmayıb, hətta onu cəza sanksiyası qismində 20 gün müddətinə normal şəraitə nisbətən daha ağır şəraitdə saxlamaq lazımdır (yuxarıda 21-ci bəndə bax).

79. 1994-1995-ci illərdə ərizəçiyə tətbiq edilmiş sanksiyalar təsdiq edir ki, həbsxana müdiriyyəti aclıq aksiyalarını qaydaların pozuntusu və həbsxana müdiriyyətinə qarşı itaətsizlik aktları sayıb və hesab edib ki, onlar ərizəçinin təkadamlıq kameraya salınması da daxil olmaqla ciddi cavab reaksiyası tələb edir. belə görünür ki, daxili məhkəmələr də ərizəçinin işində eyni rəydə olublar (yuxarıda 23-cü bəndə bax) və ərizəçinin zorla yedizdirilməsi üçün əsas olmuş təlimatda bununla bağlı dəqiq müddəalar olub (yuxarıda 41-ci bəndə bax). Bu cür yanaşma ərizəçinin belə bir iddiasına uyğun gəlir ki, onun zorla yedizdirilməsi həyatını mühafizə etmək məqsədini deyil, onu etirazını davam etdirməkdən çəkindirmək məqsədini daşıyıb.

80. Məhkəmə 3, 5, 6, 7 və 10 sentyabr 2001-ci ildə ərizəçinin durumunun zorla yedizdirilmə tələb edən dərəcədə ciddi hesab edildiyini qəribə hal hesab edir, halbuki eyni zamanda onun səhhətinin 4 və 13 sentyabr 2001-ci ildə məhkəmə dinləməsinə getmək üçün kifayət qədər yararlı olduğu hesab edilmişdi (yuxarıda 18-ci bəndə bax). O, həmçinin qeyd edir ki, yeddi dəfə zorla yedizdirilmə ilə ara verilmiş 24 günlük qida qəbulundan uzunmüddətli imtina nəticəsində zəiflədiyini iddia etdiyinə baxmayaraq, ərizəçinin durumu hər hansı zorla yedizdirilməyə açıq-aydın ehtiyac olmadan növbəti 24 gün ərzində aclıq aksiyasını davam etdirməsinə imkan verilməsi üçün kifayət qədər yararlı sayılıb (yuxarıda 17-ci bəndə bax).

81. Məhkəmə daxili məhkəmələrin gəldiyi belə bir nəticəni qeyd edir ki, ərizəçinin həyatını xilas etməkdən ötrü onun zorla yedizdirilməsi üçün tibbi zərurətin olduğuna dair yetərli sübutlar olub (yuxarıda 26-cı və 27-ci bəndlərə bax). Lakin Məhkəmənin sorğusu əsasında Hökumətin təqdim etdiyi materialları araşdırdıqdan sonra Məhkəmə növbətçi həkimin ərizəçini zorla yedizdirməyə başlamaq barədə qərarının əsasında tibbi testin və ya digər araşdırmanın dayandığına dair hər hansı sübut görmür (yuxarıda 18-ci bəndə bax). Digər tərəfdən, zorla yedizdirmə başa çatdıqdan sonra geniş testlər aparılıb. Əslində zorla yedizdirilmənin başladığını təsdiq edən yeganə nişanə zorla yedizdirilmənin həyata keçirildiyinə və daxilə yeridilmiş qidanın növünə və miqdarına dair 24 avqust 2001-ci il tarixli qeyddən ibarət idi. Zorla yedizdirilmə proseduruna başlamaq barədə qərar heç nə ilə əsaslandırılmamışdı. Bundan başqa, ərizəçinin səhhəti növbətçi həkim tərəfindən “nisbətən qənaətbəxş” və ya hətta “qənaətbəxş” kimi qiymətləndirilmişdi (yuxarıda 18-ci bəndə bax), bu isə həyat üçün zorla yedizdirilmə tələb edəcək qədər təhlükənin olduğuna çətin ki uyğun gəlirdi.

82. Məhkəmə daha sonra qeyd edir ki, “İbtidai həbs haqqında” Qanunun 33-cü maddəsinin 1-ci bəndinə (yuxarıda 40-cı bəndə bax), habelə ərizəçinin zorla yedizdirilməsi üçün əsas olmuş təlimata (yuxarıda 41-ci bəndə bax) uyğun olaraq, həkim zorla yedizdirilməni əsaslandırmalıdır. Amma ərizəçinin işində bu cür əsaslar gətirilməyib. Buradan belə nəticə çıxır ki, ərizəçinin işində bu əsas prosessual təminata riayət edilməyib.

83. Ərizəçinin həyatının və ya sağlamlığının ciddi təhlükədə olduğuna dair tibbi sübutun olmadığını nəzərə alaraq, demək olmaz ki, hakimiyyət orqanları ərizəçini zorla yedizdirilməyə məruz qoyarkən onun üstün maraqları naminə hərəkət ediblər, bu cür zorla yedizdirilmənin özü Konvensiyanın 3-cü maddəsi üzrə məsələləri doğurur (bax: Nevmerjitskinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 96). Bundan başqa, aclıq aksiyasının həbsxana qaydalarını pozduğu barədə həbsxana müdiriyyətinin rəyinin işığında (yuxarıda 78-ci və 79-cu bəndlərə bax) Məhkəmə hesab edir ki, ərizəçinin belə bir iddiasını qəbul etmək üçün yetərincə əsaslar var ki, onun zorla yedizdirilməsi faktiki olaraq onu etirazını davam etdirməkdən çəkindirmək məqsədini daşıyıb.

 

b) Ərizəçinin zorla yedizdirilməsinin üsulu barədə

 

84. Bundan başqa, ərizəçi zorla yedizdirilməsinin həddən artıq ağrılı üsulla həyata keçirilməsindən şikayətləndi, həm də bildirdi ki, bu üsul onu etirazını davam etdirməkdən çəkindirmək və ondan nümunə götürəcək digər şəxslərə də onları nə cür sərt rəftarın gözləyəcəyi barədə xəbərdarlıq etmək məqsədini daşıyıb.

95. Məhkəmə hazırkı işdə zorla yedizdirilmə üsulundan (yuxarıda 19-21-ci bəndlərə bax), o cümlədən inkarolunmaz faktlardan, yəni hər hansı müqavimətin olub-olmamasından asılı olmayaraq ərizəçinin əllərinin məcburi qandallanmasından, ağzını açması üçün onun kəskin ağrıya məruz qoyulmasından və metal maşa ilə dilinin ağzından bayıra çıxarılmasından heyrətlənir. Məhkəmə zorla yedizdirilmədən sonra ərizəçinin geyimində qab gördüyü barədə V.B.-nin daxili məhkəmədə verdiyi inkarolunmaz ifadəni nəzərə alaraq (yuxarıda 21-ci bəndə bax), yuxarıdakı ifadəni doğru hesab edəcəkdir

86. Bundan əlavə, daxili qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prosessual təminatlara (yuxarıda 40-cı və 41-ci bəndlərə bax), məsələn, zorla yedizdirilməyə başlama və onu bitirmə üçün əsasların aydın göstərilməsi, yaxud daxilə yeridilən qidanın tərkibinin və miqdarının qeyd edilməsi tələblərinə əməl olunmayıb və ya qismən əməl olunub (yuxarıda 18-ci bəndə bax).

87. Məhkəmə sonda qeyd edir ki, ərizəçi zorla yedizdirilmə əvəzinə vena daxilinə yeritmə vasitəsilə vitaminlərlə qidalandırılmasını xahiş etmiş və ona zəruri vitaminlərin gətirilməsi üçün ailəsinin yardımını təklif etmişdi (yuxarıda 21-ci bəndə bax). Görünür, o, bu xahişinə cavab almayıb, bu məsələ barəsində nə daxili məhkəmələr, nə də Hökumət şərh bildirməyiblər. Buradan belə nəticə çıxır ki, ərizəçinin açıq-aydın xahişinə baxmayaraq, zorla yedizdirilmənin daha az zorakı alternativi hətta nəzərdən keçirilməyib.

88. Hətta ərizəçinin nə dişinin sınmasının, nə də qarın boşluğunun infeksiyaya yoluxmasının onun zorla yedizdirilməsi ilə əlaqədar olmadığı fərz edilsə belə, Məhkəmə bu qənaətə gəlir ki, zorla yedizdirilmə lüzumsuz ağrıya səbəb olan üsulla və alçaldıcı tərzdə həyata keçirilmişdi.

 

c) Nəticə

 

89. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin təkrar-təkrar zorla yedizdirilməsi əsaslı tibbi səbəblərdən irəli gəlməyib və ərizəçini etirazına son qoymağa məcbur etmək məqsədini daşıyıb, habelə onu zərurət olmadan böyük fiziki ağrıya və alçalmaya məruz qoyan tərzdə həyata keçirilib ki, bunu yalnız işgəncə hesab etmək olar (bax: Nevmerjitskinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 98).

Buna görə də, Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.

 

III. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU

 

90. Ərizəçi şikayət etdi ki, Ali Ədalət Məhkəməsinin onun zorla yedizdirilməsi ilə şikayətinə baxmaqdan imtina etməsi onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunan məhkəməyə müraciət hüququnun pozuntusuna bərabərdir.

91. Hökumət bununla razılaşmadı. O, qeyd etdi ki, ərizəçi məhkəmə rüsumları qismində 45 MDL (təxminə 3 avro) ödəməli idi. Ərizəçi vəkilinə 1.000 MDL ödəmək üçün kifayət qədər vəsaitə malik idi və bir sıra məhkəmə iddialarını udaraq ziyana görə 6.000 MDL almışdı (yuxarıda 60-cı bəndə bax). Bundan əlavə, ərizəçinin işləməsinə və gəlir əldə etməsinə imkan verilmişdi. Məhbusa məxsus olan istənilən pul məbləği onun həbsxanadakı şəxsi hesabına qoyulurdu.

92. Ərizəçi iddia etdi ki, aldığı bütün pulları həbsxanada əlçatmaz olan müalicə növünə və çoxsaylı məhkəmə iddiaları ilə bağlı məhkəmə çəkişmələrinin xərclərinə sərf edib. O, 2005-ci ildə ona təyin olunmuş məbləği (5.000 MDL) almayıb, çünki qərardan şikayət verilmişdi və onun zorla yedizdirilməsi ilə bağlı şikayəti Ali Ədalət Məhkəməsində olarkən həmin iş üzrə icraat hələ başa çatmamışdı. O, ikinci qrup əlildir və vaxtının çoxunu müalicə olunmağa sərf edir, buna görə də həbsxanada iş tapmağa ümid edə bilməzdi. Onun əlillik pensiyasının ödənişi həbsdə olduğun müddətdə dayandırılmışdı və həbsdə olduğu beş il müddətində onun heç bir gəliri yox idi.

93. Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada məhkəməyə müraciət hüququ ilə və konkret olaraq məhkəmə rüsumlarının ödənilməsi tələbi ilə bağlı özünün presedent hüququnda bərqərar edilmiş ümumi prinsiplərə istinad edir (bir çox digər qərarlar arasında bax: Kreuz Polşaya qarşı, ərizə N 28249/95, b. 52-57, AİHM 2001VI; həmin iş üzrə qərardakı sonrakı istinadlara da bax).

94. Məhkəmə qeyd edir ki, müvafiq məhkəmə prosesləri ərizəçinin ziyana görə iddia tələbi ilə bağlı idi. Buna görə də 6-cı maddənin 1-ci bəndinin mülki hüquq barəsindəki müddəaları bu işə tətbiq edilir (bax: Kreuzun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 35).

95. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçinin şikayəti hakimiyyət orqanlarının hərəkətləri ilə ona vurulduğu iddia edilən ziyanla bağlı idi. Mülki Prosessual Məcəllənin (“MPM”, yuxarıda 35-ci bəndə bax) 85-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, o, ödəmə qabiliyyətinin olub-olmadığından asılı olmadan iddiasının xarakteri ilə əlaqədar olaraq məhkəmə rüsumlarını ödəməkdən azad edilməli idi. Məhkəmə qeyd edir ki, ərizəçi məhkəmə rüsumlarını ödəməkdən azad edilməsi üçün bu əsasa aydın şəkildə istinad etməyib. Lakin o həmçinin qeyd edir ki, CPM-in 85-ci maddəsinin 1-ci bəndinin tətbiqi maraqlı tərəfin formal müraciət etməsi barədə tələbdən asılı deyil. Məhkəmə hesab edir ki, ərizəçinin işinə baxmaqdan imtina edərkən daxili məhkəmələr onun məhkəmə rüsumunu ödəməkdən azad edilməsi barədə müraciətində Mülki Prosessual Məcəllənin 437-ci maddəsinə aydın şəkildə istinad edildiyini (öz növbəsində həmin maddədə 85-ci maddəyə istinad edilir) və verilmiş şikayətlərin ciddiliyini (onlar iddia edilən işgəncə barəsində idi) nəzərə alaraq, həmin müraciətə onun şikayətinin xarakterinin işığında da baxmalı idilər (Kişinyov Regional Məhkəməsinin etdiyi kimi).

96. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin məhkəməyə müraciət hüququ rədd edilib. Buna görə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu baş verib.

 

IV. KONVENSİYANIN 8-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

 

A. Yazışmalara qoyulduğu iddia edilən senzura

 

97. Ərizəçi yazışmalarına senzura qoyulduğunu iddia edərək Konvensiyanın 8-ci maddəsi əsasında şikayət etdi.

98. Hökumət bildirdi ki, ərizəçi yazışmalarına heç bir senzura qoyulmayıb, çünki bu, qanuna ziddir. Müstəsna hallarda senzuraya qanunla icazə verildikdə bunun üçün öncə məhkəmənin icazəsi tələb olunur (yuxarıda 45-ci bəndə bax). Yalnız ərizəçinin və həbsxana müdiriyyətinin hər ikisinə ünvanlanan məktublar açılıb və müdiriyyət tərəfindən oxunub. Şəxsən ərizəçiyə ünvanlanmış 580 məktubun heç biri oxunmayıb. Bu iddiasının təsdiqi olaraq Hökumət həbsxanaya daxil olan poçtun qeydiyyatı kitabının bir neçə səhifəsinin surətini təqdim etdi, oradakı qeydlərə əsasən, ərizəçiyə ünvanlanmış bir sıra məktubların üzərinə “möhürlənmişdir” ştampı vurulmuşdu. Bundan əlavə, ərizəçi iki dəfə müvafiq blank formalarını imzalayaraq təsdiq etmişdi ki, həmin iki halda o, məktubları möhürlənmiş zərflərdə alıb. Əlavə olaraq, Hökumət bildirdi ki, ərizəçi tərəfindən təqdim edilmiş möhürlü məktubların bəzilərinin üzərindəki yazılar saxtalaşdırıla bilərdi.

99. Məhkəmənin presedent hüququna əsasən, Məhkəmədən tələb olunur ki, ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə edilib-edilmədiyini, həmin müdaxilənin “qanunla nəzərdə tutulmuş” olub-olmadığını, həmin maddənin ikinci bəndində nəzərdə tutulmuş qanuni məqsədi daşıyıb-daşımadığını və “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını yoxlasın (bir çox qərarlar arasında bax: Messina İtaliyaya qarşı (N 2), ərizə N 25498/94, b. 63, AİHM 2000X; Ostrovar Moldovaya qarşı üzrə yuxarıda adı çəkilən qərar, b. 97). O, bu meyarların hər birini növbə ilə araşdıracaq.

 

1. Ərizəçinin yazışmalarına hörmət hüququna müdaxilə edilmişdimi?

 

100. Məhkəmə qeyd edir ki, 2001-2003-cü illərdə hüquq-mühafizə orqanları, insan hüquqlarının müdafiəsi təşkilatları və hətta psixiatriya xəstəxanası tərəfindən ərizəçiyə göndərilmiş bir sıra məktubların üzərində həbsxana möhürü və ya digər yazılar vardı (yuxarıda 33-cü bəndə bax). O, həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən bütün məktublar təkcə ərizəçiyə ünvanlanmışdı. Məhkəmələrin saxtalaşdırıldığı barədə iddiaya gəldikdə, Məhkəmə qeyd edir ki, Hökumət hansı məktubların saxtalaşdırıldığından şübhələndiyini göstərməyib və bununla bağlı hər hansı sübut təqdim etməyib. Buna görə də Məhkəmənin məktubların həqiqiliyindən şübhələnməsi üçün heç bir əsas yoxdur.

101. Məhkəmə bu qənaətə gəlir ki, Hökumətin arqumentlərinin əksinə olaraq, işin materiallarında aydın sübutlar vardır ki, ərizəçinin yazışmaları həbsxana müdiriyyəti tərəfindən açılıb. Beləliklə, ərizəçinin yazışmalarına hörmət hüququna müdaxilə edilib.

 

2. Müdaxilə “qanunla nəzərdə tutulmuşdumu”?

 

102. Məhkəmə xatırladır ki, “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə dövlətdaxili qanuna əməl olunması zərurəti ilə deyil, həm də həmin qanunun keyfiyyəti ilə bağlıdır (Halford Birləşmiş Krallığa qarşı iş üzrə 25 iyun 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-III, s. 1017, b. 49). Dövlətdaxili qanunda dövlət hakimiyyəti orqanlarına verilən müvafiq səlahiyyətlərin tətbiq dairəsi və üsulu ağlabatan müəyyənliklə göstərilməlidir ki, qanunun aliliyi əsasında demokratik cəmiyyətdə fərdlərin azı minimum dərəcədə müdafiəsi təmin edilsin (Domeniçini İtaliyaya qarşı iş üzrə 15 noyabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-V, s. 1800, b. 33).

103. Məhkəmə qeyd edir ki, 2003-cü ilin dekabrınadək ərizəçiyə digər məsələlərlə yanaşı ərizəçinin yazışmaları ilə rəftarı tənzimləyən həbsxana qaydaları ilə tanış olmaq imkanı verilməyib (yuxarıda 17-ci bəndə bax). Köhnə və yeni qanunvericilik müəyyən hallarda məhbusların yazışmalarını açmağın mümkünlüyünü nəzərdə tutsa da, Məhkəmə qeyd edir ki, ərizəçinin işində qanunla müəyyən olunmuş qaydaya riayət edilməyib. Konkret olaraq, Hökumət yuxarıda qeyd edilən məktublardan hər hansı birinin açılmasına məhkəmə tərəfindən icazə verildiyinə dair hər hansı sübut təqdim etməyib, halbuki bu, yazışmaların açılması üçün zəruri şərt idi (yuxarıda 47-ci və 98-ci bəndlərə bax).

104. Buradan belə nəticə çıxır ki, məhkəmənin icazəsi olmadan ərizəçinin yazışmalarının açılması daxili qanunvericiliyə zidd idi və buna görə də Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan mənada “qanunla nəzərdə tutulmuş” tədbir deyildi. Bu nəticənin işığında Məhkəmə müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını araşdırmağı zəruri saymır.

Beləliklə, ərizəçinin yazışmaları üzərinə senzura qoyulması məsələsində Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verib.

 

B. Ərizəçinin ailəsi ilə görüşməsi üçün məqbul şəraitin təmin olunmadığı barədə iddia

 

105. Ərizəçi həmçinin şikayət etdi ki, qohumları və sevgilisi ilə görüşmək hüququ ciddi şəkildə məhdudlaşdırılıb. Konkret olaraq, ərizəçinin onlarla hər hansı fiziki təmasda olmasına imkan verilməyib və ərizəçi onlarla şüşə arakəsmə arxasından ünsiyyətdə olmaq məcburiyyətində qalıb.

106. Hökumət bildirdi ki, ərizəçinin arvadı ilə hər hansı ailə münasibəti və uşağı yox idi, çünki o, 2002-ci ildən boşanmaq və öz oğlunu himayəsinə götürmək üçün müraciət etmişdi. Onun sevgilisi ilə sevgilisinin uşağı ilə görüşmək barədə, o cümlədən ayrıca otaqda uzun müddətli görüşlər barədə bütün müraciətləri yerinə yetirilmişdi, bunu 2004-cü ildə müxtəlif tarixlərdə həmin görüşlərə verilmiş yazılı icazələr sübut edir. Bundan əlavə, “qısa görüşlər” üçün nəzərdə tutulmuş şüşə kabinələrdəki şüşə arakəsmə təhlükəsizlik səbəblərinə görə zəruri idi və onlar arasında sərbəst ünsiyyətə mane olmurdu.

107. Məhkəmə bir daha təkrar edir ki, Konvensiyanın 5-ci maddəsinin məqsədləri üçün qanuni olan həbsə alınma öz xarakterinə görə şəxsi və ailə həyatının məhdudlaşdırılmasına səbəb olur və məhbusların ətraf aləmlə təmasları üzərində müəyyən nəzarət tədbirlərini tələb edir ki, bu da özlüyündə Konvensiyaya zidd deyil (bax: Van der Ven Niderlanda qarşı, ərizə N 50901/99, AİHM 2003-II). Lakin məhbuslar “azadlıq hüququ istisna olmaqla Konvensiya əsasında təmin olunan bütün təməl hüquq və azadlıqlara malik olmaqda davam edirlər” (Hörst Birləşmiş Krallığa qarşı (N 2), [Böyük Palatanın qərarı], ərizə N 74025/01, b. 69, AİHM 2005-...). Üstəlik, həbsxana orqanlarının məhbusun öz ailə üzvləri ilə təmaslarını qoruyub saxlamaqda ona kömək etməsi məhbusun ailə həyatına hörmət hüququnun mühüm tərkib hissəsini təşkil edir (bax: Messina İtaliyaya qarşı (N 2) iş üzrə yuxarıda adı çəkilən qərar, b. 61). Zəruri təhlükəsizlik tədbirlərinin görülməsi şərti ilə, məhbusların təkcə qohumları ilə deyil, həm də onlarla görüşmək istəyən digər şəxslərlə görüşməsinə imkan verilməlidir (yuxarıda 48-ci bəndə bax). Məhkəmə sonda bir daha təkrar edir ki, “məhbusların azad edildikdən sonra cəmiyyətə təkrar inteqrasiyasını asanlaşdırmaq üçün ətraf aləmlə təmaslarının praktiki cəhətdən mümkün olan dərəcədə mühafizə edilməsi onların həm ailə həyatının, həm də yenidən tərbiyəsinin mühüm hissəsidir və buna, misal üçün, məhbusların dostları ilə görüşməsinə şərait yaratmaqla və dostları ilə və digər şəxslərlə yazışmalarına imkan verməklə nail olmaq olar” (X. Birləşmiş Krallığa qarşı, ərizə N 9054/80, D.R. 30 s. 113). Buradan belə nəticə çıxır ki, ərizəçinin sevgilisi ilə sevgilisinin qızı ilə, habelə öz bacısı ilə görüşləri Konvensiyanın 8-ci maddəsinin müdafiə dairəsinə düşür.

108. Məhkəmə ərizəçi barəsində görülmüş tədbirlərin həmin maddəyə uyğunluğunu adətən tətbiq etdiyi test əsasında yoxlayacaqdır (yuxarıda 99-cu bəndə bax).

 

1. Ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə edilmişdimi?

 

109. Hökumət 2003-cü ildə ayrıca otaqda görüşlərə icazə verildiyi barədə iddiasını təsdiq edən hər hansı sübut təqdim etmədiyi halda ərizəçi öz növbəsində sevgilisi və öz bacısı ilə görüşünə icazə verməkdən əsassız olaraq imtina edildiyinin sübutu qismində bir nümunə təqdim edib (yuxarıda 35-ci bəndə bax).

110. Bundan başqa, ərizəçinin daxili məhkəmələrdə başladığı məhkəmə prosesi zamanı müvafiq hakimiyyət orqanlarının heç biri ərizəçinin ziyarətçiləri ilə ayrıca otaqda görüşməsinə icazə verildiyini bildirməyib. Əksinə, onlar iddia ediblər ki, belə görüşlərə həbsxana qaydalarına əsasən icazə verilmir və şüşə arakəsmə təhlükəsizlik səbəbləri üçün zəruridir, həmin arqument məhkəmələr tərəfindən qəbul edilib (yuxarıda 36-cı bəndə bax).

111. Məhkəmə bu nəticəyə gəlir ki, ən 203-cü ildə ərizəçiyə bacısı və sevgilisi ilə ayrıca otaqda görüşmək imkanı verilməyib və onlar şüşə kabinələrin birində görüşməli olublar, orada onu ziyarətçilərdən şüşə arakəsmə ayırıb. Beləliklə, ərizəçinin ziyarətçilərlə təklikdə görüşmək hüququna müdaxilə baş verib.

 

2. Müdaxilə “qanunla nəzərdə tutulmuşdumu”?

 

112. Məhkəmə qeyd edir ki, Hökumət məhbuslarla onların ziyarətçiləri arasında görüşlər üçün nəzərdə tutulmuş kabinədə şüşə arakəsmə quraşdırılmasının əsası qismində hər hansı hüquqi akta istinad etməyib. “İbtidai həbs haqqında” Qanunun 19-cu maddəsinin 3-cü bəndini bu cür tədbirə icazə verən müddəa hesab etmək olar (yuxarıda 40-cı bəndə bax), həmin bənddə deyilir: “icazəli görüşlər ibtidai həbs mərkəzinin müdiriyyətinin müşahidəsi altında baş tutmalıdır”. Məhkəmə hesab edir ki, müddəa olduqca ümumidir və həbsxana qaydalarında həmin müddəa sadəcə təkrarlanaraq hər hansı əlavə dəqiqləşdirmə göstərilməyib.

113. Belə görünür ki, bu ifadənin mənası barədə təfsilatların yer aldığı hər hansı digər rəsmi akt da yoxdur, bu isə belə düşünməyə əsas verir ki, görüşlər üzərində nəzarətin həyata keçirilməsinin konkret üsulu məsələsində hər bir ibtidai həbs mərkəzinin müdiriyyətinə geniş səlahiyyət verilib. Ərizəçinin şikayətlərini rədd edərkən həbsxana müdiriyyəti 13 saylı həbsxananın nizamnaməsinin 53-cü maddəsinin 4-cü bəndinə istinad edib, bu sənəd Məhkəməyə təqdim edilməyib və daxili məhkəmələrdə onun adı heç vaxt çəkilməyib. Yuxarıda qeyd edilənləri və həbsxana qaydalarının dərc olunmadığını nəzərə alaraq (yuxarıda 17-ci bəndə bax), 13 saylı həbsxananın nizamnaməsini də ictimaiyyət üçün əlçatan olmayan sənəd hesab etmək üçün əsas vardır (əgər həmin sənəd həbsxana qaydaları ilə eyni deyilsə).

114. Yuxarıda faktlar ciddi şəkildə belə düşünməyə əsas verir ki, ərizəçinin hüquqlarına müdaxilə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində əks olunan mənada “qanunla nəzərdə tutulmamışdı”, buna baxmayaraq, Məhkəmə hesab edir ki, o, aşağıdakı nəticələri nəzərə alaraq bu barədə qəti fikir yürütməməlidir.

 

3. Müdaxilə qanuni məqsəd daşıyırdımı?

 

115. Məhkəmə hesab edir ki, ətraf aləmlə təmasları mühafizə etmək üsuluna qoyulan məhdudiyyətlər, o cümlədən şüşə arakəsmə kimi fiziki maneələrin qurulması Konvensiyanın 8-ci maddəsinin ikinci bəndində nəzərdə tutulan mənada ictimai asayişi qorumaqdan və iğtişaşın və ya cinayətin qarşısını almaqdan ibarət qanuni məqsəd daşıya bilər.

 

4. Müdaxilə “demokratik cəmiyyətdə zəruri” idimi?

 

116. Məhkəmə qeyd edir ki, Hökumət ərizəçini ziyarətçilərindən şüşə arakəsmə vasitəsilə ayırmaq tədbirinə haqq qazandırmaq üçün təhlükəsizlik səbəblərinə istinad etdi. Bu, həmçinin daxili məhkəmələrin ərizəçinin şikayətini rədd etməsinin səbəbi idi.

117. Məhkəmə qeyd edir ki, daxili məhkəmələr konkret olaraq ərizəçinin işi üzrə təhlükəsizlik məsələlərinin xarakterini aydınlaşdırmağa heç bir cəhd göstərməyiblər. Məhkəmələr məhbusların və ziyarətçilərin təhlükəsizliyinin mühafizəsinə olan ümumi tələbata əsaslanmaqla kifayətləniblər. Məhkəmə qeyd edir ki, ərizəçi saxtakarlıqda təqsirləndirilib (yuxarıda 7-ci bəndə bax). Hər hansı sövdələşmə, təkrar cinayət törətmə və ya qaçıb gizlənmə riski olmadığına görə əsaslı olaraq belə hesab etmək olar ki, ərizəçinin ziyarətçiləri ilə görüşməsinə icazə verilməsi təhlükəsizliklə bağlı risk yaratmayacaqdı. Bu qənaəti belə bir fakt da möhkəmləndirir ki, 2004-cü ildə bir sıra hallarda ərizəçinin bu cür görüşlərinə icazə verilib (yuxarıda 106-cı bəndə bax) və ərizəçinin şəxsiyyəti və ya 2003-cü ildə mövcud olan müvafiq şərait 2004-cü ildə köklü dəyişikliklərə uğramayıb.

118. Elə hallar ola bilər ki, bu zaman məhbusun əraf aləmlə təmaslarının məhdudlaşdırılması zəruri ola bilər, amma hazırkı işdə belə deyil. hakimiyyət orqanları ərizəçinin təşkil etdiyi hər hansı təhlükə barədə sübut təqdim etməyiblər və sonradan təsdiq ediblər ki, 2004-cü ildə ərizəçinin ziyarətçiləri ilə təkbaşına görüşməsinə mane ola biləcək hər hansı bu cür təhlükə mövcud olmayıb. Məhkəmələrin bu cür görüşlərə icazə verməsi faktı da (yuxarıda 37-ci bəndə bax) bu nəticəni təsdiq edir. Digər tərəfdən, ərizəçinin ziyarətçiləri ilə uzun müddət (ən azı 2003-cü ildə bir il) fiziki təmasda ola bilməməsinin, onlarla yalnız yazışmalar vasitəsilə əlaqə saxlaya və yalnız həbsxanada görüşə bilməsinin (yuxarıda 37-ci bəndə bax), habelə şüşə kabinənin söhbətlərə yaratdığı fiziki maneələrin doğurduğu nəticələr nəzərə alınmayıb (yuxarıda 47-ci bənddə CPT-nin gəldiyi nəticələrə, habelə bir-birinin yanında yerləşdirilmiş beş kabinədə ünsiyyətin məxfiliyinin mümkünsüz olduğu barədə ərizəçinin 105-ci bənddə qeyd edilmiş inkarolunmaz tələblərinə bax). Ərizəçinin hüquqlarına qoyulmuş bu cür hədən artıq sərt məhdudiyyətlərə ehtiyacın olduğu sübut edilmədiyinə görə dövlət hakimiyyəti orqanları 8-ci maddədə qeyd edilən məqsədlərlə ərizəçinin həmin maddədəki hüquqları arasında ədalətli balansı gözləməyiblər.

119. Beləliklə, bu məsələdə də Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verib.

 

V. KONVENSİYANIN 10-cu MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

 

120. Ərizəçi 10-cu maddə üzrə şikayət etdi ki, həbsxana müdiriyyəti onun həbsxana qaydaları ilə tanış olmasına imkan yaratmayıb, bu sənəd ərizəçinin bir sıra hüquqları ilə əlaqədar olduğuna baxmayaraq dərc olunmayıb.

121. Hökumət bununla razılaşmadı və iddia etdi ki, 10-cu maddə bu işə tətbiq edilə bilməz. İstənilən halda, 2003-cü ilin dekabrında həbsxana qaydalarının surəti ərizəçiyə göndərilib və beləliklə də o, bu maddə üzrə hüquqlarının pozulmasının qurbanı deyil.

122. Məhkəmə hesab edir ki, hazırkı işdə o, 10-cu maddənin həbsxana qaydaları kimi məlumatların ərizəçi üçün əlçatan olmasını təmin etməyi hakimiyyət orqanlarından tələb edən maddə kimi şərh edilməsinin mümkünlüyü məsələsi barədə qərar çıxarmalı deyil. Belə məlumatlar ərizəçinin Konvensiyanın 3-cü və 8-ci maddələri ilə təmin edilən hüquqlarının müdafiəsi üçün həyati əhəmiyyətli olduğuna görə hakimiyyət orqanlarının ərizəçiyə həbsxana qaydalarının surətini verməməsi həmin maddələr üzrə şikayətlərə baxılarkən lazımi dərəcədə nəzərə alınıb.

Buna görə də Məhkəmə bu şikayəti ayrıca araşdırmağı zəruri hesab etmir.

 

VI. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ

 

123. Konvensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.

 

A. Ziyan

 

124. Ərizəçi hüquqlarının iddia edilən pozuntuları nəticəsində məruz qaldığı mənəvi ziyana görə 81.800 avro, o cümlədən Konvensiyanın 3-cü maddəsinin pozuntusuna görə 50.000 avro, 6-cı maddəsinin pozuntusuna görə 24.800 avro və 8-ci maddəsinin pozuntusuna görə 7.000 avro tələb etdi. O, Məhkəmənin yuxarıdakı maddələrlə bağlı presedentlərinə istinad etdi.

125. Hökumət bununla razılaşmadı və iddia etdi ki, ərizəçi Konvensiyanın hər hansı maddəsinin pozulduğunu sübuta yetirməyib və mənəvi ziyana dair hər hansı sübut təqdim etməyib. O, hesab etdi ki, ərizəçinin istinad etdiyi presedentlərin bu işə aidiyyəti yoxdur, çünki həmin işlər müxtəlif situasiyalara aiddir və Məhkəmənin həmin işlərdə təyin etdiyi kompensasiya məbləğləri Konvensiyanın bir sıra maddələrinin pozuntusunun müəyyən edildiyini əks etdirir.

126. Məhkəmə xatırladır ki, o, hazırkı işdə ən mühüm pozuntu işgəncə olmaqla Konvensiyanın 3, 6 və 8-ci maddələrinin ciddi pozuntularını müəyyən edib. Məhkəmə ədalət prinsipi əsasında qərar çıxararaq ərizəçiyə mənəvi ziyanın kompensasiyası qismində 20.000 avro təyin edir (bax: Nevmerjitskinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 145; Nevmerjitskinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 155).

 

B. Məhkəmə xərcləri və digər məsrəflər

 

127. Ərizəçi məhkəmə xərclərinə və digər məsrəflərə görə 3.136 avro tələb etdi, bu məbləğin 3.000 avrosunu hüquqi təmsilçiliyin xərcləri təşkil edir. Tələblərini müdafiə etmək üçün o, hüquqi nümayəndəsi ilə bağladığı müqaviləni və onun işə sərf etdiyi saatların təfsilatlı siyahısını təqdim edərək təsdiq etdi ki, nümayəndəsi hər saatı 60 avro olmaqla 50 saat işləyib.

128. Hökumət bu işə 50 saat sərf edildiyinə etiraz etdi və qeyd etdi ki, ərizəçi yalnız şikayət ərizəsi barədə Hökumətə məlumat verildikdən sonra nümayəndə ilə təmsil olunub. Bundan əlavə, tələb olunan məbləğ əsassız dərəcədə yüksəkdir və ərizəçinin onu nümayəndəsinə ödədiyinə dair sübut yoxdur. Üstəlik, həmin nümayəndə qeyri-kommersiya xarakterli qeyri-hökumət təşkilatının üzvü idi və ərizəçi üçün pulsuz işləməli idi.

129. Məhkəmə xatırladır ki, məhkəmə xərclərinin və digər məsrəflərin 41-ci maddəyə əsasən təyin olunan kompensasiya məbləğinə daxil edilməsi üçün həmin xərclər faktiki və zəruri olaraq çəkilməli və miqdarca ağlabatan olmalıdır (misal üçün bax: Ostrovar Moldovaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 121).

130. Hazırkı işdə Məhkəmə ərizəçi tərəfindən təqdim edilmiş təfsilatlı siyahını, yuxarıdakı meyarları, işin mürəkkəbliyini və ərizəçini yalnız məhkəmə işi barədə Hökumətə məlumat verildikdən sonra təmsil etməyə başlamış ərizəçinin vəkilinin gördüyü işi nəzərə alaraq, məhkəmə xərclərinə və digər məsrəflərə görə ərizəçiyə 2.00 avro (hüquqi yardım qismində Avropa Şurasından alınmış 850 avro bu məbləğdən çıxılmalıdır) və bu məbləğdən tutula bilən hər hansı əlavə dəyər vergisi məbləğini təyin edir bax: Nevmerjitskinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 149).

 

C. İcranın gecikdirilməsinə görə faiz

 

131. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

 

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:

 

1. Ərizəni qəbul olunan elan edir;

2. Qərara alır ki, ərizəçinin həbsdə saxlanma şəraiti ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulub;

3. Qərara alır ki, ərizəçinin zorla yedizdirilməsi və bunun həyata keçirilmə üsulu ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulub;

4. Qərara alır ki, ərizəçinin kassasiya şikayətinə məhkəmə rüsumları ödənilmədiyi üçün baxılmaması ilə bağlı Konvensiyanın 6-cı maddəsi pozulub;

5. Qərara alır ki, ərizəçinin yazışmaları üzərində senzura nəticəsində Konvensiyanın 8-ci maddəsi pozulub;

6. Qərara alır ki, ərizəçinin həbsxanada ziyarətçiləri ilə görüşərkən riayət etməli olduğu şərtlər Konvensiyanın 8-ci maddəsini pozub;

7. Qərara alır ki, Konvensiyanın 10-cu maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur;

8. Qərara alır ki:

a) bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevrildiyi tarixdən sonra üç ay müddətində cavabdeh dövlət ərizəçiyə aşağıdakı məbləğləri ödəməli və həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin milli valyutasına çevrilməlidir:

i) 20.000 (iyirmi min) avro – mənəvi ziyana görə;

ii) 1.150 (min yüz əlli) avro – məhkəmə xərclərinə və digər məsrəflərə görə;

iii) yuxarıda qeyd edilən məbləğlərdən tutula bilən hər hansı vergi məbləği.

b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;

9. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.

 

Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 19 iyun 2007-ci ildə qərar barədə yazılı məlumat verilmişdir.

 

Nikolas Bratsa (Nicolas Bratza)

Sədr

 

Fatoş Aratsi (Fatoş Aracı)

Katib müavini