Avropa İnsan Hüquqları Məhkəməsi

 

 

 

ÜÇÜNCÜ SEKSİYA

 

 

 

MEGİ (MAGEE) BİRLƏŞMİŞ KRALLIĞA QARŞI məhkəmə işi

 

 

 

(Ərizə Nº 28135/95)

 

 

QƏRAR

 

 

Strasburq

 

 

6 iyun 2000-ci il

 

 

Qəti qərara çevrilmə tarixi:

 

 

06.09.2000

 

 

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Məhkəmənin seçilmiş qərar və qərardadlar toplusunda özünün yekun formasını alana qədər qərara redaktə xarakterli düzəlişlər edilə bilər.

 


Megi Birləşmiş Krallığa qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü Seksiya), hakimlər:

cənab J.-P. Kosta (J.-P. Costa), sədr;

cənab V. Furmann (W. Fuhrmann);

cənab L. Lukaides (L. Loucaides);

cənab P. Küris (P. Kūris);

ser Nikolas Bratsa (Nicolas Bratza);

xanım H.S. Qreve (H.S. Greve);

cənab K. Traya (K. Traja);

habelə Seksiya katibi S. Dolledən (S. Dollé) ibarət tərkibdə Palatada iclas keçirərək,

14 sentyabr 1999-cu ildə və 16 may 2000-ci ildə qapalı müşavirə keçirərək,

yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.

 

PROSEDUR

 

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) keçmiş 25-ci maddəsinə əsasən İrlandiya vətəndaşı cənab Cerard Megi (“ərizəçi”) tərəfindən 22 may 1992-ci ildə Avropa İnsan Hüquqları Komissiyasına (“Komissiya”) təqdim edilmiş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı ərizə (Nº 28135/95) əsasında başlanmışdır.

2. Hüquqi yardımla təmin edilmiş ərizəçini Belfastda fəaliyyət göstərən vəkillər firması “Madden & Finucane” təmsil etmişdir. Birləşmiş Krallıq Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Xarici İşlər və Birlik İşləri üzrə Nazirliyin əməkdaşı cənab K. Vomersli təmsil etmişdir.

3. Ərizəçi digər məsələlərlə yanaşı iddia etmişdir ki, həbsdə olarkən qəddar rəftara məruz qalıb və onun ədalətli məhkəmə araşdırması hüququ rədd edilib.

4. Ərizə 1 noyabr 1998-ci ildə, Konvensiyanın 11 saylı Protokolu qüvvəyə mindiyi tarixdə Məhkəməyə təqdim edilmişdir (11 saylı Protokolun 5-ci maddəsinin 2-ci bəndi).

5. Ərizə Məhkəmənin Üçüncü Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi).

6. 14 sentyabr 1999-cu il tarixli qərarı ilə Məhkəmə ərizəni qismən qəbul olunan elan etmişdir.[1]

7. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə qeydlərini təqdim etmişlər (59-cu Qaydanın 1-ci bəndi). Palata tərəflərlə məsləhətləşərək şifahi dinləmənin keçirilməsinin tələb olunmadığını qərara aldıqdan sonra (59-cu Qaydanın 2-ci bəndi) tərəflər bir-birinin qeydlərinə yazılı cavablar vermişlər.

 

FAKTLAR

 

I. İŞİN HALLARI

 

8. 16 dekabr 1988-ci ildə səhər tezdən ərizəçi hərbi personala qarşı bomba hücumu ilə əlaqədar olaraq “Terrorizmin qarşısının alınması haqqında” 1984-cü il tarixli Qanunun (“1984-cü il Qanunu”) 12-ci maddəsinə əsasən öz evində həbs edildi. Ərizəçi Kastleri polis bölməsinə gətirildi. O, iddia edir ki, oraya çatan kimi dərhal vəkilini görməyi tələb etdi. Onun vəkillə görüşü “Şimali İrlandiya (Fövqəladə müddəalar) haqqında” 1987-ci il tarixli Qanunun (“1987-ci il Qanunu”) 15-ci maddəsinə əsasən təxirə salındı. Səhər saat 9.15-də həkim ərizəçini müayinə edərək ona məsləhət gördü ki, ertəsi gün səhər gündəlik fəaliyyəti zamanı hər hansı şikayətləri olsa həkimə desin. Ərizəçiyə “Cinayət sübutları (Şimali İrlandiya) haqqında” Qərarın (“1988-ci il Qərarı”) 3-cü maddəsinə uyğun olaraq xəbərdarlıq edildi. Bu yeni qanunvericilik aktı ilə tanış olmayan ərizəçi yenə də vəkillə məsləhətləşməsini tələb etdi və bu tələb də rədd edildi.

9. Elə həmin gün ərizəçi hər biri iki xəfiyyədən ibarət olan iki qrup tərəfindən dindirildi. Bu dindirmələr səhər saat 10.55 ilə gündüz saat 1 arasında, gündüz saat 2 ilə 4 arasında, 4 ilə axşam saat 6 arasında, axşam saat 7.35 ilə 9.30 arasında və 9.30 ilə gecə 12 arasında keçirildi.

10. 17 dekabr 1988-ci ildə səhər saat 8.21-də ərizəçi ötən gün ikinci və üçüncü dindirmələr zamanı qəddar rəftara məruz qalmasından əvvəl gördüyü eyni həkimə şikayət etdi. Həkimin qeydlərində yazdığına görə, ərizəçi iddia edib ki, ikinci və üçüncü dindirmələr zamanı başının arxasına dəfələrlə sillə və yumruq vurulub və bir neçə dəfə qarnına yumruq vurulub. Həkim ərizəçiyə iki həb (ağrıazaldıcı yüngül dərman) verdi və zərurət olduğu təqdirdə həmin dərmandan gündə dörd ədəd yazdı. Bu şikayət əsasında səhər saat 9.15-də polis müfəttişi ərizəçinin kamerasına baş çəkdi və ərizəçinin şikayətlərini qeydə aldı.

11. Bundan sonra ərizəçinin altıncı, yeddinci və səkkizinci dindirmələri səhər saat 9.30 ilə gündüz saat 1 arasında, gündüz saat 2 ilə 4.20 arasında və axşam saat 7.30 ilə gecə 12 arasında keçirildi. Altıncı dindirmə zamanı ərizəçi sükutunu pozdu və bir sıra suallara ətraflı cavab verərək bombanın quraşdırılmasında və basdırılmasında iştirakını etiraf etdi. Yeddinci dindirmə zamanı ərizəçi uzun bir ifadəyə imza atdı, ifadədə bombanın basdırılması və partladılması ilə bağlı sövdələşmədə onun iştirakı geniş təfsilatlarla təsvir edilirdi.

12. 18 dekabr 1988-ci ildə səhər saat 8.28-də ərizəçiyə eyni həkim baş çəkdi və qəddar rəftar barədə hər hansı növbəti iddialarının olub-olmadığını soruşdu, ərizəçi belə iddialarının olmadığını bildirdi. Sonra ərizəçi səhər saat 10 ilə gündüz saat 12.45 arasında başqa bir məsələ barəsində dindirildi. Gündüz saat 1-də ərizəçinin vəkili ilə məsləhətləşməsinə icazə verildi və o, ərizəçinin qəddar rəftar barədə iddialarını qeydə aldı. Vəkil bu şikayətləri polisə təqdim etməməyi qərara aldı. Sonra ərizəçi sonuncu dəfə gündüz saat 2 ilə 5 arasında əsas məsələyə aidiyyəti olmayan bir məsələ barəsində dindirildi. Həmin axşam saat 8.20-də ərizəçini başqa həkim tibbi müayinədən keçirdi, onun qeydlərində göstərilib ki, ərizəçi “həkimlə sonuncu görüşündən bəri qəddar rəftar barədə heç bir iddia” irəli sürməyib. Həkim həmçinin onda heç bir xəsarət əlaməti olmadığını qeyd etdi.

13. 19 dekabr 1988-ci ildə ərizəçi başqa polis bölməsinə aparıldı və orada başqa həkim tərəfindən tibbi müayinədən keçirildi. Həkimin qeydlərində 16 dekabr 1988-ci ildə baş verdiyi deyilən təhqirlər və pis rəftar barədə ərizəçinin təfsilatlı iddiaları göstərilib. Xəsarət barədə hər hansı obyektiv sübut qeydə alınmayıb.

14. 19 dekabr 19888-ci ildə ərizəçi, digər şəxslərlə yanaşı, qətl törətmə məqsədi ilə parlayıcı maddələr saxlamağa, qətl barədə sövdələşməyə və İrlandiya Respublika Ordusuna üzvlüyə görə Belfast Magistrat Məhkəməsində ittiham olundu.

15. 3 mart 1989-cu ildə ərizəçi Krallığın Olster üzrə Polis Qüvvələrinin Şikayətlər və İntizam Bölməsinə öz vəkili vasitəsilə yazılı rəsmi ərizə verərək Kastleri polis bölməsində olarkən iki xəfiyyədən ibarət qrupun ona qarşı qəddar rəftarından şikayət etdi.

16. 17 sentyabr 1990-cı ildə Belfastdakı Krallıq Məhkəməsində andlı iclasçılar olmadan yeganə hakimin qarşısında ərizəçinin və onunla birgə təqsirləndirilən şəxslərin məhkəməsi başladı. Ərizəçi özünü təqsirkar hesab etmədi. İttiham tərəfinin dəlilləri dindirmə zamanı ərizəçinin etdiyi etiraflara, konkret olaraq, onun imzaladığı yazılı ifadələrə əsaslanırdı.

17. 3 oktyabr 19990-cı ildə ittiham tərəfinin ərizəçinin etiraflarına və dindirmə zamanı verdiyi ifadəyə əsaslanan sübutları araşdırılarkən ərizəçi “Şimali İrlandiya (Fövqəladə müddəalar) haqqında” 1978-ci il tarixli Qanunun (sonradan ona dəyişikliklər edildi) 8-ci maddəsinə əsasən məhkəməyə müraciət etdi ki, onun etirafları və dindirmə zamanı verdiyi ifadə ona qarşı qəddar rəftar baş verdiyinə görə qəbul olunmasın. Voir dire (andlıların iştirakı olmadan hüquqi məsələlərə dair arqumentlərə baxılması) proseduruna başlanıldı və ərizəçi ona qarşı rəftarla, xüsusən də Kastleri polis bölməsində olarkən 2, 4 və 6-cı dindirmələr zamanı iki nəfərdən ibarət xəfiyyə qrupunun onunla rəftarı ilə bağlı ifadə verdi. Detektivlərin suallarına onun verdiyi cavabların qeydə alındığı dindirmə protokollarının identifikasiyasında açıq-aydın qüsurlar olduğu barədə ərizəçinin iddiaları ilə bağlı elektrostatik sənəd analizindən (“ESDA”) əldə edilən sübut da qiymətləndirildi. Ərizəçi də daxil olmaqla işə aidiyyəti olan bütün şahidlər, habelə qəddar rəftarda əli olduğu iddia edilən polis əməkdaşları və ərizəçini müayinə etmiş həkimlər ifadə verdilər. Voir dire proseduru 23 oktyabr 1990-cı ildə başa çatdı, birinci instansiya məhkəməsinin hakimi ərizəçinin şikayətini rədd edərək onun etiraflarını və ifadəsini sübut qismində qəbul etdi və bu məsələlərlə bağlı təfsilatlı qərarın hazırlanmasını təxirə saldı.

18. Bundan sonra ərizəçi məhkəmədə ifadə vermədi. Bununla belə, birinci instansiya məhkəməsinin hakimi ərizəçiyə xəbərdarlıq etdi ki, 1988-ci il Qərarının 4-cü maddəsinə uyğun olaraq, onun ifadə verməməsindən onun əleyhinə nəticələr çıxarıla bilər.

19. 21 yanvar 1990-cı ildə birinci instansiya məhkəməsinin hakimi qərar çıxardı.

20. O, öncə voir dire proseduru üzrə qərarını ətraflı şəkildə əsaslandırdı. O, qeyd etdi ki, ərizəçiyə qarşı yeganə sübut onun etirafları və Kastleri polis bölməsində olarkən verdiyi ifadə idi və ona qarşı hər hansı məhkəmə sübutu yox idi. Lakin o, həmçinin qeyd etdi ki, ərizəçinin etirafları və ifadəsi eyni hadisəyə görə ittiham olunmuş (və sonradan məhkum edilmiş) digər şəxslərin verdiyi ifadələrə tam uyğun idi. İşə baxan hakim ərizəçinin qəddar rəftar barədə ifadəsinə verdiyi qiymətin qısa xülasəsini tərtib etdi və bu xülasə sonradan ərizəçinin apellyasiya şikayəti zamanı bu məsələ ilə bağlı onun ifadəsinə verilmiş düzgün qiymət kimi qəbul edildi.

21. Sonra birinci instansiya məhkəməsinin hakimi bu ifadə ilə bağlı şərhini bildirdi. O, digər məsələlərlə yanaşı qeyd etdi ki, ərizəçi 17 dekabr 1988-ci ildə səhər barəsində həkimə şikayət etdiyi iki xəfiyyənin adını göstərməyib və ya onların görünüşünü təsvir etməyə cəhd etməyib; ərizəçi voir dire proseduru zamanı bildirdiyi və onu ən çox qorxutmuş “siqaretlə müalicə” barəsində həmin səhər həkimə heç nə deməyib; ərizəçinin həmin səhər həkimə bildirdiyi qəddar rəftar iddiaları ilə məhkəmədə verdiyi ifadə arasında uyğunsuzluqlar olub; ərizəçinin iddia etdiyi qəddar rəftara dair bircə obyektiv əlamət belə ərizəçini müayinə etmiş həkimlərdən hər hansı biri tərəfindən aşkar olunmayıb; 18 dekabr 1990-cı ildə səhər ərizəçi ötən gün ərzində ən pis rəftara məruz qaldığını iddia etməsinə baxmayaraq, həmin rəftar barədə heç bir şikayət etməyib.

22. Həmin şənbə səhəri müəyyən müddət ərzində növbətçi müfəttiş tərəfindən monitorların ekranlarının müşahidəsi aparılmasa da (monitorlarda dindirmə otaqlarındakı kameraların mərkəzi otağa ötürdüyü görüntülər əks olunur), birinci instansiya məhkəməsinin hakimi müəyyən etdi ki, həmin müddət ərizəçinin öz ifadəsində bildirdiyinə görə həmin gün baş vermiş qəddar rəftarın müddəti ilə üst-üstə düşmür və bu qənaətə gəldi ki, ərizəçinin iddia etdiyi şəkildə qəddar rəftarın ərizəçinin dindirildiyi otaqda kameralar tərəfindən görüntüyə alınmadan baş verdiyini qəbul etmək mümkün deyil. Ərizəçinin ifadələrinə ümumiyyətlə etibar etmək məsələsinə gəldikdə, hakim müəyyən etdi ki, ərizəçi məhkəmədə dəfələrlə yalan danışıb, detektivlər isə ərizəçinin iddialarını qətiyyətlə rədd etmələri ilə əlaqədar olaraq ciddi çarpaz dindirmə aparılmasından qətiyyən çəkinməyiblər. ESDA sübutuna gəldikdə, birinci instansiya məhkəməsinin hakimi müəyyən etdi ki, o, dindirmə protokollarının identifikasiyasında açıq-aydın qüsurlar olduğu barədə ərizəçinin iddiasını təsdiq etmir.

23. Buna görə də, birinci instansiya məhkəməsinin hakimi ərizəçinin qəddar rəftar barədə iddialarını rədd etdi və müəyyən etdi ki, ərizəçinin etiraflarını və Kastleri polis bölməsində olarkən verdiyi ifadəni sübut kimi qəbul etməmək üçün heç bir əsas yoxdur. Ərizəçinin ifadəsinin sübutedici dəyərinə gəldikdə, birinci instansiya məhkəməsinin hakimi müəyyən etdi ki, həmin ifadə ərizəçiyə qarşı bir neçə ittihamın sübutu kimi qiymətləndirilmək üçün yetərincə təfsilatlı ifadə idi və onun həmin ifadə əsasında ərizəçini məhkum etməyə tam hüququ vardı. 11 yanvar 1991-ci ildə ərizəçi iyirmi il müddətinə azadlıqdan məhrum edildi.

24. 8 fevral 1993-cü ildə ərizəçi ittiham hökmünə qarşı apellyasiya şikayəti verərək qəddar rəftar iddiaları ilə və ESDA sübutu ilə bağlı birinci instansiya məhkəməsi hakiminin gəldiyi nəticələrə etiraz etdi, həmin şikayətə Şimali İrlandiya Apellyasiya Məhkəməsi tərəfindən baxıldı. Bu məhkəmə qeyd etdi ki, belə işlərdə cavablandırılmalı olan sual ondan ibarətdir ki, təqsirləndirilən şəxsin qəddar rəftara məruz qalmasına dair ağlabatan ehtimalın olması ilə məhkəmə inanırmı? O, həmçinin qeyd etdi ki, birinci instansiya məhkəməsinin hakimi ərizəçinin verdiyi ifadəni birbaşa dinlədiyinə görə apellyasiya məhkəməsinə nisbətən böyük üstünlüyə malik olub, həm təqsirləndirilən şəxsin, həm də işə aidiyyəti olan polis əməkdaşlarının yalan danışmaq üçün eyni dərəcədə stimulları olub və bir çox amillərə iki və ya daha artıq aspektdən yanaşmaq olar, amma onlara sağlam düşüncə ilə və realistcəsinə nəzər salmaq lazımdır. Ərizəçinin ifadəsini və bununla bağlı birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticələri nəzərdən keçirərək məhkəmə bu qənaətə gəldi ki, ərizəçinin qəddar rəftara məruz qalmadığını əminliklə söyləmək olar və ərizəçi barəsindəki ittiham hökmü etibarsız və ya qeyri-qənaətbəxş olmayıb. Müvafiq olaraq, 16 iyun 1993-cü ildə ərizəçinin apellyasiya şikayəti rədd edildi.

25. 17 dekabr 1993-cü ildə ərizəçinin ittiham hökmünə qarşı verdiyi digər şikayət də rədd edildi.

 

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

 

A. Təqsirləndirilən şəxsin susması faktından onun əleyhinə nəticələr çıxarılmasını tənzimləyən normalar

 

26. “Cinayət sübutları (Şimali İrlandiya) haqqında” Qərarın (“1988-ci il Qərarı”) 3-cü maddəsinin müvafiq hissələrində deyilir:

“Aşağıdakı hallarda təqsirləndirilən şəxsin dindirilərkən, ittiham olunarkən və digər şəraitdə konkret faktları qeyd etməməsindən müvafiq nəticələr çıxarıla bilər:

1) hüquq pozuntusuna görə ona qarşı aparılan hər hansı məhkəmə prosesində verdiyi ifadədə təqsirləndirilən şəxs:

a) hüquq pozuntusunda ittiham edilənə qədər hüquq pozuntusunun törədilib-törədilmədiyini və kim tərəfindən törədildiyini müəyyən etməyə çalışan polis əməkdaşı tərəfindən hər hansı vaxtda dindirilən zaman məhkəmə prosesində özünü müdafiə edərkən istinad etdiyi hər hansı faktı qeyd etməyibsə; yaxud

b) hüquq pozuntusunda ittiham edilərkən və ya həmin pozuntuya görə cinayət təqibinə məruz qala biləcəyi barədə rəsmən məlumatlandırılarkən hər hansı belə faktı qeyd etməyibsə (təqsirləndirilən şəxs dindirilərkən, ittiham olunarkən və ya müvafiq halda məlumatlandırılarkən həmin vaxt mövcud olan şəraitdə həmin faktı qeyd etməsi ondan əsaslı olaraq gözlərinə bilərdisə), 2-ci bəndin müddəaları tətbiq edilir.

2) Bu bəndin müddəalarının tətbiq edildiyi hallarda:

...

c) məhkəmə ... təqsirləndirilən şəxsin ittiham edildiyi hüquq pozuntusunda təqsirkar olub-olmadığını müəyyən edərkən:

i) onun susması faktından məqsədəuyğun görünən hallarda müvafiq nəticələr çıxara bilər;

ii) belə nəticələrin əsasında təqsirləndirilən şəxsin susması faktını araşdırılan məsələ ilə bağlı onun əleyhinə təqdim edilmiş sübutun təsdiqi saya və ya təsdiqinə bərabər hesab edə bilər.

...”

27. 1988-ci il Qərarının 4-cü maddəsinin təqsirləndirilən şəxsin məhkəmədə ifadə verməyə çağırılmasına aid olan müvafiq hissələrində deyilir:

“1) Hüquq pozuntusuna görə şəxsin (azyaşlılardan başqa) məhkəmə araşdırması keçirilərkən aşağıdakı hallar istisna olmaqla 2-7-ci bəndlərin müddəaları tətbiq edilir:

a) təqsirləndirilən şəxsin təqsiri məsələsi araşdırılmırsa; yaxud

b) məhkəmənin fikrincə, təqsirləndirilən şəxsin fiziki və ya mənəvi durumu onun ifadə verməyə çağırılmasını arzuolunmaz edirsə;

- amma öz müdafiəsi üçün ifadə verməyə çağırılmazdan əvvəl təqsirləndirilən şəxs, yaxud onun vəkili və ya məsləhətçisi onun ifadə verəcəyi barədə məhkəməyə məlumat verirsə, 2-ci bənd belə hallara tətbiq edilmir.

2) təqsirləndirilən şəxsi öz müdafiəsi üçün ifadə verməyə çağırmazdan əvvəl məhkəmə:

a) təqsirləndirilən şəxsə deməlidir ki, o, məhkəmə tərəfindən öz müdafiəsi üçün ifadə verməyə çağırılacaq; və

b) ona sadə dildə söyləməlidir ki:

i) ifadə verməyə çağırılarkən and içməkdən imtina edərsə; və

ii) and içdikdən sonra əsaslı səbəb olmadan hər hansı suala cavab verməkdən imtina edərsə bu maddə hansı nəticəni doğuracaq;

- bundan sonra məhkəmə təqsirləndirilən şəxsi ifadə verməyə çağırmalıdır.

3) Təqsirləndirilən şəxs:

a) bu maddəyə uyğun olaraq ifadə vermək üçün məhkəmə tərəfindən çağırıldıqda, yaxud ifadə verəcəyi barədə özü və ya vəkili və ya məsləhətçisi məhkəmə tərəfindən məlumatlandırıldıqda and içməkdən imtina edərsə;

b) and içdikdən sonra əsaslı səbəb olmadan hər hansı suala cavab verməkdən imtina edərsə, 4-cü maddənin müddəaları tətbiq edilir.

4) Məhkəmə və ya andlı iclasçılar təqsirləndirilən şəxsin ittiham edildiyi hüquq pozuntusunda təqsirkar olub-olmadığını müəyyən edərkən:

a) onun susması faktından məqsədəuyğun görünən hallarda müvafiq nəticələr çıxara bilər;

b) belə nəticələrin əsasında təqsirləndirilən şəxsin susması faktını araşdırılan məsələ ilə bağlı onun əleyhinə təqdim edilmiş sübutun təsdiqi saya və ya təsdiqinə bərabər hesab edə bilər”.

 

B. Vəkillə görüşmək imkanını tənzimləyən müddəalar

 

28. Ərizəçinin məhkəmə araşdırması zamanı qüvvədə olan, hüquqi yardım almaq hüququnu tənzimləyən müvafiq müddəalar “Şimali İrlandiya (Fövqəladə müddəalar) haqqında” 1987-ci il tarixli Qanunun (“1987-ci il Qanunu”) 15-ci maddəsində yer alıb, həmin maddənin müvafiq hissələrində deyilir:

“1) Terrorizmə dair müddəalar əsasında həbs edilən və polis həbsxanasında saxlanılan şəxs, əgər bunu tələb edərsə, vəkili ilə təklikdə məsləhətləşmək hüququna malikdir.

2) Hər hansı şəxs 1-ci bəndin şamil olunduğu şəxsə çevrildikdən sonra pariki cəhətdən mümkün qədər tez bir vaxtda 1-ci bənd ilə ona verilən hüquq barədə məlumatlandırılmalıdır.

3) 1-ci bənddə nəzərdə tutulmuş tələb şəxs tərəfindən bildirildikdə, həmin tələb və onun bildirildiyi vaxt yazılı şəkildə qeydə alınmalıdır, şəxsin məhkəmə iclasında olduğu zaman və ya hüquq pozuntusunda ittiham olunarkən həmin tələbi bildirdiyi hallar istisna təşkil edir.

4) Şəxs bu cür tələb irəli sürdükdə pariki cəhətdən mümkün qədər tez bir vaxtda onun vəkili ilə məsləhətləşməsinə icazə verilməlidir, bu maddə əsasında yubanmalara icazə verilən hallar istisna təşkil edir.

...

8) Polis əməkdaşı 1-ci bənddə nəzərdə tutulan tələbə əməl edərkən həmin bəndin həbs edilmiş şəxsə verdiyi hüququn həmin şəxsin istədiyi vaxtda həyata keçirilməsinin yalnız aşağıdakılarla nəticələnə biləcəyini düşünmək üçün əsaslı səbəblər olduqda tələbin yerinə yetirilməsini yubandıra bilər:

...

d) tələbin yerinə yetirilməsi terror aktlarının törədilməsi, hazırlanması və ya təhrik edilməsi barədə məlumatların toplanmasına əngəl törədə bilərsə; yaxud

e) tələbin yerinə yetirilməsi nəticəsində şəxs hər hansı digər şəxsə xəbərdarlıq etməklə:

i) hər hansı terror aktının qarşısının alınmasını; yaxud

ii) terror aktının törədilməsi, hazırlanması və ya təhrik edilməsi ilə bağlı hər hansı şəxsin yaxalanmasının, cinayət təqibinə məruz qalmasının və ya məhkum edilməsinin təmin olunmasını çətinləşdirə bilərsə. ...”

29. Tələbin yerinə yetirilməsinin yubadılmasına ən azı superintendant rütbəsində olan polis əməkdaşı tərəfindən icazə verilə bilər (maddə 15.5.a) və yubadılmanın səbəbi həbs edilmiş şəxsə bildirilməlidir (maddə 15.9.a). Şimali İrlandiyadakı məhkəmələr bu fikirdədirlər ki, 1988-ci il Qərarı 1987-ci il Qanunun 15-ci maddəsindən asılı şəkildə götürülməməlidir, 1988-ci il Qərarı 1987-ci il Qanunundan sonra qüvvəyə minib və həmin sənədi qəbul edərkən parlament 1987-ci il Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hüquqi yardım almaq hüququndan imtinanın 1988-ci il Qərarının 3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin susma faktından onun əleyhinə nəticələr çıxarılmasının qarşısını aldığını bildirmək niyyətində olmayıb.

 

C. İşə aidiyyəti olan digər materiallar

 

30. İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (“CPT”) 1993-cü ilin iyulunda Şimali İrlandiyada həbsdə saxlanma yerlərinə səfərindən sonra dərc etdiyi hesabatında Kastleri Saxlama Mərkəzində saxlanma şəraiti ilə bağlı gəldiyi aşağıdakı nəticələri bildirdi:

“Kastleri Saxlama Mərkəzi Kastleri polis bölməsinin perimetri daxilində cürbəcür yığma binalar toplusunun olduğu yerdə yerləşir. Mərkəzin yaratdığı ümumi təəssürat ondan ibarətdir ki, onun müəyyən təmirə ehtiyacı vardır.

39. Mərkəzdə 39 kamera var, onlardan dördü qadın məhbuslar üçün ayrıca bölmədə yerləşir. Bundan əlavə, 21 dindirmə otağı, vəkillərlə məsləhətləşmək üçün iki otaq, həkim otağı və cinayət hadisəsi yerinin mənzərəsinin bərpası bölməsi vardır (o, “Soco Suite” adlanır).

40. Kameraların ölçüsü 6 kvadrat metrdir və onlar metal çərçivəli çarpayı ilə (döşəklərlə və yataq ağları ilə birlikdə) və stulla təchiz olunublar. İçəridə yetərli süni işıq vardır, habelə işığın gücünü tənzimləyən sistem vardır, ona kamera xaricindən nəzarət edilir. Lakin kameralara təbii işıq düşmür. Bundan başqa, ventilyasiya sistemi, belə görünür ki, olduqca zəif işləyir və müəyyən kameralarda kifayət qədər zəhlətökən səs-küy yaradır. Kameralar yardım çağırışı sistemi üçün yararlı deyil, lakin həbsdə saxlanılan şəxslər olduqda xidməti formalı polis əməkdaşları həmişə kamera blokunda növbədə olurlar. Tualet və duş otaqları yaxınlıqda yerləşir və səfər zamanı kifayət qədər təmiz vəziyyətdə idilər; həmin otaqlara girişlə bağlı məhbuslardan heç bir şikayət eşidilmədi.

41. Dindirmə otaqları kameraların qonşuluğundakı 13 otaqdan və ayrıca binadakı 8 otaqdan ibarətdir. Kameraların qonşuluğundakı dindirmə otaqlarının ölçüsü 6 kvadrat metrdir və onlar stolla, üç stulla və divara quraşdırılmış iki kamera ilə təchiz olunublar. ... Kameralar kimi onlara da təbii işıq düşmür. Digər 8 səkkiz dindirmə otağı buna oxşar tərzdə təchiz olunub, lakin onlar xeyli genişdir və içəriyə təbii işıq düşür.

42. Əsas kamera blokuna (və dindirmə otaqları blokuna) xaricdən nəzər saldıqda görmək olar ki, pəncərələr nazik təbəqə ilə örtülüb, onların hər birinin bir tayında içəriyə təmiz hava daxil olmasına imkan verən aralıq düzəldilib, amma kameralara və otaqlara təbii işıq daxil olmur. Pəncələri örtən bu təbəqələrin hansı məqsədi daşıdığını soruşduqda növbətçi polis əməkdaşı bildirdi ki, onlar “təhlükəsizlik məqsədləri” üçün quraşdırılıb.

43. CPT artıq belə bir fikir ifadə edib ki, polis kameralarına, yaxşı olar ki, təbii işıq düşsün. Bu, tutulmuş şəxslərin uzun müddət həbsdə saxlanıla biləcəyi Kastleri kimi yerlərdə xüsusilə arzuolunandır. Bundan başqa, kameralarda təbii işığın olmaması təəssüfləndirici haldır, xüsusən nəzərə alsaq ki, Kastleridə dindirmə otaqlarımın çoxuna təbii işıq düşmür. Bundan əlavə, idman qurğularının olmadığını nəzərə alsaq (44-cü bəndə bax), belə qənaətə gəlmək olar ki, Kastleridə həbsdə saxlanılan şəxs nəticə etibarı ilə bir neçə günlüyə və ya daha artıq müddətə təbii işıqdan məhrum ola bilər (vəkillə məsləhətləşməyə sərf olunan müddət yeganə istisnadır).

CPT -nin rəyinə görə, belə vəziyyət qəbuledilməzdir. Komitə əlavə etmək istərdi ki, qanuni təhlükəsizlik tələbatlarına xələl gətirmədən məhbusların təbii işıqla təmin olunması üçün vasitələr tapıla biləcəyinə inanır.

44. Polis əməkdaşları nümayəndə heyətinə dedilər ki, Kastleridə həbsdə saxlanılan şəxslər üçün heç bir idman qurğusu yoxdur (nə bayırda, nə də içəridə). Bu, tutulmuş şəxslərin yeddi günədək saxlanıla biləcəyi həmin müəssisənin daha bir ciddi qüsurudur.

45. Xülasə, Kastleri Saxlama Mərkəzində mövcud olan real saxlanma şəraiti onu tutulmuş şəxslərin uzun müddət saxlanılması üçün münasib olmayan yerə çevirir. Məhbusların təbii işıqla təmin olunmasındakı çatışmazlıqlar və idman qurğularının olmaması əsas nöqsanlardır, amma zəif ventilyasiya sistemini və yarıuçuq dar otaqları da qeyd etmək lazımdır. Bütün bu amillər açıq-aydın klaustrofobiya mühitinin yaranmasına şərait yaradır.

CPT yuxarıdakı qeydləri nəzərə alaraq Kastleri Saxlama Mərkəzindəki saxlanma şəraitinin yubadılmadan əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını tövsiyə edir. Bu cür yaxşılaşma mümkün olmadığı təqdirdə Saxlama Mərkəzi daha yaxşı saxlanma şəraitinin olduğu başqa bir yerə köçürülməlidir.

...

109. ... Hətta açıq-aydın qəddar rəftar əlamətləri olmasa belə, saxlama mərkəzində saxlanılma ən arzuolunmaz təəssürat yarada bilər (bəlkə də bu bilərəkdən belə edilib). Real həbsdə saxlanma şəraiti (xüsusən Kastleridə) pisdir və polis tərəfindən həbs edilmiş şəxslərin müəyyən təməl hüquqlarına mühüm məhdudiyyətlər qoyulur və ya ən azı qoyula bilər (konkret olaraq, ətraf aləmlə təmas imkanları bütün həbsdə saxlanma müddətində ciddi şəkildə məhdudlaşdırılır və vəkillə görüşmək hüququna müxtəlif məhdudiyyətlər qoyula bilər). Bütün bunlara intensiv və uzunmüddətli xarakter daşıyan dindirmə prosesini də əlavə etmək lazımdır. Məcmu halında bu amillərin məqsədi saxlama mərkəzində saxlanılan şəxsi əhəmiyyətli dərəcədə psixoloji təzyiq altında saxlamaqdan ibarətdir. CPT bununla bağlı qeyd etməlidir ki, onun fikrincə, məhbusun iradəsini qırmaq üçün onun bu dərəcədə təzyiqə məruz qoyulması qeyri-insani rəftara bərabərdir”.

31. 10 dekabr 1999-cu ildə rəsmən elan edildi ki, Kastleri Saxlama Mərkəzi 1999-cu il dekabrın sonunda bağlanılacaq.

 

HÜQUQİ MƏSƏLƏLƏR

 

I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 3 (c) BƏNDİ İLƏ BİRLİKDƏ GÖTÜRÜLMƏKLƏ 6-cı MADDƏNİN 1-ci BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU

 

32. Ərizəçi iddia etdi ki, o, ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilib, bu isə Konvensiyanın 6-cı maddəsinin 3 (c) bəndi ilə birlikdə götürülməklə 6-cı maddənin 1-ci bəndinin pozuntusudur, həmin maddənin müvafiq müddəalarında deyilir:

“1. Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir. ...

...

3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:

...

c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək;

...”

33. Ərizəçi şikayət etdi ki, “Cinayət sübutları (Şimali İrlandiya) haqqında” 1988-ci il tarixli Qərara (“1988-ci il Qərarı”) əsasən, təqsirləndirilən şəxsin həbsdə olduğu müddətdə polisin suallarına cavab verməməsindən onun əleyhinə nəticələr çıxarıla bilər. Lakin təqsirləndirilən şəxsin dindirmədə vəkilin iştirakını tələb etmək hüququ yoxdur, baxmayaraq ki, Qərar özünə qarşı ifadə verməyə məcbur edilməyə şərait yaradır. Ərizəçi iddia etdi ki, müdafiə tərəfinin hüquqları üçün Qərarın doğurduğu nəticələr yalnız vəkilin hüquqi yardımının köməyi ilə lazımi qaydada başa düşülə və qiymətləndirilə bilər, xüsusən ona görə ki, tutulmuş şəxsin susmaq qərarı həbsdə saxlanılma müddətində yenidən nəzərdən keçirilə bilər. Bununla bağlı ərizəçi bildirdi ki, təqsirləndirilən şəxsin qarşısında qoyulan sualların xarakteri yeni sübutların işığında təkamülə uğraya, bununla da onun davamlı olaraq hüquqi məsləhətlə təmin olunması qəti zərurətə çevrilə bilər.

34. Ərizəçi iddia etdi ki, hər hansı hüquqi məsləhət almazdan əvvəl özünə qarşı ifadə verməyə məcbur edilib və yalnız polis ondan etiraflarının yer aldığı imzalamış ifadə aldıqdan sonra vəkili ilə məsləhətləşməsinə icazə verilib. Ərizəçi bildirdi ki, Məhkəmənin Con Mürrey Birləşmiş Krallığa qarşı iş üzrə 8 fevral 1996-cı il tarixli qərarı (Qərar və qərardadlar toplusu 1996-I) belə bir mülahizə üçün mötəbər mənbə idi ki, polis tərəfindən dindirilmənin ilkin mərhələlərində onun vəkili ilə görüşməsinə və sualları cavablandırıb-cavablandırmamaq barədə məlumatlı seçim etməsinə imkan verilməli idi. Ərizəçi vurğuladı ki, əleyhinə çoxsaylı sübutların mövcud olduğu şikayətçi Con Mürreydən fərqli olaraq, onun etiraflarının yer aldığı mübahisəli ifadə məhkəmə araşdırmasında ona qarşı yeganə sübut təşkil edib və onun məhkum edilməsi üçün yeganə əsas olub. Əgər o sussaydı, işdə sübut olmadığına görə bütün suallar cavabsız qalacaqdı.

35. Ərizəçi vurğuladı ki, həbsə alınmasının birinci günündə susmaq hüququnu həyata keçirmək istədiyini aydın şəkildə bildirdiyinə baxmayaraq, ətraf aləmdən təcrid olunmuş halda sıxıcı və dəhşətli halda mühitdə saxlanılmasına və bir-birini əvəzləyən təcrübəli müstəntiq qrupları tərəfindən uzunmüddətli intensiv dindirmələrə məruz qalmasına lazımi diqqət yetirilməlidir. Ərizəçi digər sənədlərlə yanaşı, İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin 19 noyabr 1994-cü il tarixli hesabatına, Saxlama Mərkəzləri üzrə Müstəqil Komissarın 1993-cü və 1996-cı illər arasında dərc etdirdiyi hesabatlara, habelə Birləşmiş Millətlər Təşkilatının İşgəncələr Əleyhinə Komitəsinin 17 noyabr 1995-ci il tarixli hesabatında yer alan rəy və tövsiyələrinə istinadən iddia etdi ki, Kastleri polis bölməsindəki saxlama rejimi susmaq istəyən məhbusun iradəsini qırmaq məqsədi daşıyan məcburetməyə əsaslanırdı və beynəlxalq insan hüquqları normalarına zidd idi. Ərizəçinin bildirdiyinə görə, yetirincə sübutlara əsaslanan müstəqil dəlillər vardır ki, onlar bilərəkdən yürüdülən bu strategiyanın məhbusları vəkillərlə görüşmək hüququndan məhrum etmək, xüsusən dindirmə zamanı onlara özlərinə qarşı ifadə vermələri üçün psixoloji təzyiq göstərmək məqsədi daşıdığını təsdiq edir.

36. Hökumət yuxarıda adı çəkilən Con Mürreyin işi üzrə qərara istinadən bildirdi ki, Con Mürreydən fərqli olaraq ərizəçi susmaq hüququnu həyata keçirməklə sonradan məhkəmə araşdırmasında öz müdafiəsi üçün istinad edə biləcəyi faktları qeyd etmək arasında seçim etmək variantı ilə üzləşməyib. Hökumət belə bir faktı önə çəkdi ki, ərizəçi dindirmə zamanı bir sıra etiraflar edib və dindirilərkən deyə biləcəyi, amma demədiyi hər hansı faktları məhkəmə araşdırmasında bildirməyib. Məhkəmə araşdırmasında onun susması faktından 1988-ci il Qərarına uyğun olaraq ona qarşı hər hansı nəticə çıxarılmayıb. Buna görə də, ərizəçi belə bir iddia irəli sürə bilməzdi ki, o, 3-cü maddədə nəzərdə tutulmuş xəbərdarlığın təsiri altında Məhkəmənin Con Mürreyin işi üzrə qərarında “fundamental dilemma” adlandırdığı tələyə düşmüşdü və bu dilemma yalnız hüquqi məsləhət əsasında həll oluna bilərdi. Yeganə seçim həqiqəti söyləməkdən və ya söyləməməkdən ibarət idi. Hökumət iddia etdi ki, bu seçimin edilməsi üçün hüquqi yardımla təmin olunma barədə hər hansı tələb Konvensiyanın 6-cı maddəsində yoxdur.

37. Hökumətin bildirdiyinə görə, bu işdə real sual ondan ibarət idi ki, ərizəçi 16 dekabr 1988-ci ilin səhəri ilə etiraflarını eyməyə başladığı 17 dekabr 1988-ci ilin səhəri arasında vəkillə görüşmək imkanından məhrum olduğuna baxmayaraq, ədalətli məhkəmə araşdırması ilə təmin olunmuşdumu? Onun saxlama mərkəzində ətraf aləmdən təcrid olunmuş halda saxlanılması məxsusi olaraq terrorizmdə şübhəli bilinənləri dindirmək üçün istifadə edilən üsul idi və onun Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş hüquqi yardım almaq hüququ kimi müstəqil hüquq barədə tələb irəli sürməsinə səbəb ola bilməzdi. Hətta ərizəçi xüsusən etiraflarının yer aldığı ifadəni verənə qədər intensiv dindirilsə belə, bu dövrdə onun məruz qaldığı dindirmələrə onun məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirən dindirmələr kimi baxıla bilməzdi. Üstəlik, ərizəçi doqquz saat yarımlıq gecə fasiləsindən sonra 6-cı dindirmədə etiraflarını etməyə başlamış və tibbi müayinədən keçmişdi, Hökumət bundan başqa həm də vurğuladı ki, ərizəçinin etiraflarını və imzalanmış ifadəsini qəbul olunmayan hesab edib-etməmək məsələsinin həlli üçün tam, uzunmüddətli və çəkişmə xarakterli voir dire proseduru keçirilmişdi. Birinci instansiya məhkəməsinin hakimi sübutlar əsasında açıq-aydın müəyyən etdi ki, ərizəçi qəddar rəftar barədə yalan danışıb, əslində Katleri polis bölməsindəki dindirmə prosesində onunla ədalətlə və düzgün rəftar edilib və onun etirafları düzgün, etibarlı və könüllü olub.

38. Məhkəmə ilk öncə qeyd edir ki, ümumiyyətlə 1988-ci il Qərarının 3-cü maddəsi əsasında susma faktından ərizəçinin əleyhinə nəticələr çıxarılmasının Konvensiyanın 6-cı maddəsində yer alan ədalətli məhkəmə araşdırması tələblərinə uyğunluğu barədə fikir bildirmək tələb olunmur. Yuxarıda adı çəkilən Con Mürreyin işinə gəldikdə, Məhkəmə hazırkı işin konkret faktlarına nəzər salmaqla kifayətlənəcək. O, bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin hakiminin 1988-ci il Qərarının 3-cü maddəsi əsasında öz qiymətləndirmə sərbəstliyini tətbiq etməsi tələb olunmurdu, çünki ərizəçi həbsdə olarkən terrorizm cinayətlərində əli olduğunu polisə etiraf etmişdi. Məhkəmə daha sonra qeyd etmək istərdi ki, ərizəçi voir dire prosedurundan sonra ifadə vermək seçimini etməsə də, bundan onun əleyhinə heç bir nəticə çıxarılmamışdı. Buna görə də ərizəçinin susması faktı daxili məhkəmələrdə müzakirə predmeti deyildi, baxmayaraq ki, birinci instansiya məhkəməsinin hakimi ərizəçinin ifadə verməməsinin nəticələri ilə bağlı ona sözgəlişi xəbərdarlıq etmişdi.

39. Məhkəmə razılaşır ki, təqsirləndirilən şəxsə 1988-ci il Qərarının 3-cü maddəsi əsasında xəbərdarlıq edilməsi sonuncunu dindirmənin əvvəlində dilemma qarşısında qoya bilər. Bir tərəfdən, o, susma variantını seçsə, Qərarın müddəalarına uyğun olaraq bundan onun əleyhinə nəticələr çıxarıla bilər. Digər tərəfdən, təqsirləndirilən şəxs dindirmənin gedişində susmasına son qoymaq seçimini edirsə, ona qarşı qaçılmaz nəticələr çıxarılacağı ehtimalını aradan qaldırmadan öz müdafiəsinə xələl gətirmək riskinə girmiş olur. Belə vəziyyətdə ədalətlilik anlayışı artıq polis tərəfindən dindirilmənin ilkin mərhələlərində ərizəçinin vəkil yardımından yararlanmasını tələb edir (bax: Con Mürreyin işi üzrə yuxarıda adı çəkilən qərar, s. 55, b. 66). Cənab Mürreydən fərqli olaraq ərizəçi susmasına son qoymaq variantını seçdi. Bu qərarından əvvəl onun susması faktından onun əleyhinə heç bir nəticə çıxarılmamışdı və Məhkəmə ərizəçinin etiraflar etməyə başladığı altıncı dindirmədən əvvəl hər hansı mərhələdə vəkili ilə məsləhətləşməsinə icazə verildiyi təqdirdə ərizəçinin susub-susmayacağı barədə ehtimallar yürüdə bilməz.

40. Məhkəmə hesab edir ki, ərizəçinin işində qaldırılan başlıca məsələ onun hüquqi məsləhətdən yararlanmadan özünə qarşı ifadə verməsi üçün məcburiyyət mühitinin yaradıldığı barədə ərizəçinin şikayətindən ibarətdir. O, şikayətə bu kontekstdə baxacaq.

41. Məhkəmə xatırladır ki, söhbət cinayət məsələlərindən gedirsə, hətta 6-cı maddənin başlıca məqsədi “hər hansı cinayət ittihamının” səlahiyyətli “məhkəmə” vasitəsilə ədalətli araşdırılmasını təmin etmək olsa belə, buradan heç də belə nəticə çıxmır ki, 6-cı maddə məhkəməyə qədərki icraata tətbiq edilmir. Belə ki, 6-cı maddə, xüsusən onun 3-cü bəndi, ilkin mərhələdə onun müddəalarına riayət edilməməsi ucbatından məhkəmə araşdırmasının ədalətliliyinə kifayət qədər ciddi xələl gətirilə bilərsə, iş məhkəməyə göndərilənə qədər aktual ola bilər (bax: İmbrioşia İsveçrəyə qarşı iş üzrə 24 noyabr 1993-cü il tarixli qərar, A seriyaları, c. 275, s. 13, b. 36). 6-cı maddənin 1-ci və 3 (c) bəndlərinin ibtidai istintaq zamanı tətbiq edilmə forması müvafiq prosesin konkret xüsusiyyətlərindən və işin hallarından asılıdır. Con Mürreyin işi üzrə qərarında Məhkəmə həmçinin qeyd edib ki, 6-cı maddə adətən təqsirləndirilən şəxsin artıq polis dindirməsinin ilkin mərhələlərində vəkil yardımından yararlanmasını tələb etsə də, Konvensiyada açıq şəkildə əks olunmayan bu hüquq ağlabatan məhdudiyyətə məruz qala bilər. Hər bir işdə sual ondan ibarətdir ki, bütövlükdə prosesin işığında bu məhdudiyyət təqsirləndirilən şəxsi ədalətli məhkəmə araşdırması hüququndan məhrum edirmi (bax: Con Mürreyin işi üzrə yuxarıda adı çəkilən qərar, s. 54-55, b. 63)?

42. Məhkəmə qeyd edir ki, ərizəçi Kastleri polis bölməsinə gətirildikdən sonra vəkili ilə görüşməsi barədə konkret tələb irəli sürüb. Lakin onun vəkili ilə görüşməsini ləngitmək barədə qərar çıxarılıb və o, 16 dekabr 1988-ci ildə səhər saat 10.55-dən 18 dekabr 1988-ci ildə gündüz saat 12.45-dək qırx səkkiz saatdan artıq müddət ərzində hüququ yardım almadan dindirilib. O, ordu personalını bombalamaq üçün sövdələşməyə girdiyini 17 dekabr 1988-ci ildə səhər saat 9.30-da etiraf etməyə başlayıb. O, 17 dekabr 1988-ci ildə gündüz saat 1-də başlamış yeddinci dindirmədə etiraf ifadəsini imzalayıb. Ərizəçi son nəticədə 17 dekabr 1988-ci ildə gündüz saat 1-də vəkili ilə görüşə bilib.

43. Məhkəmə qeyd edir ki, ərizəçi etiraflarını edənə qədər arada müəyyən fasilələr olmaqla beş dəfə uzunmüddətli dindirmələrə məruz qalıb. O, iki dəfə, o cümlədən etiraflar etməyə başladığı mühüm dindirmədən əvvəl həkim tərəfindən müayinə olunub. Həkimlə təmasları istisna olmaqla ərizəçi növbə ilə işləyən təcrübəli polis əməkdaşları tərəfindən həyata keçirilən dindirmələr silsiləsi arasındakı fasilələrdə ətraf aləmdən təcrid olunmuş halda saxlanılıb. Ərizəçinin bütün bu müddətdə faktiki olaraq tənha vəziyyətdə qapalı yerdə saxlanıldığı barədə söylədiklərinə şübhə etmək üçün heç bir əsas yoxdur. Məhkəmə İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (“CPT”) Kastleri Saxlama Mərkəzi ilə bağlı rəy və tövsiyələrini nəzərdən keçirdi (yuxarıda 30-cu bəndə bax). O, qeyd edir ki, CPT-nin Mərkəzə qarşı ünvanlanmış tənqidi digər ictimai sənədlərdə də öz əksini tapıb (yuxarıda 35-ci bəndə bax). Ərizəçinin sərt şəraitdə həbsdə saxlanılması və ətraf aləmlə təmasdan məhrum edilməsi psixoloji məcburiyyət niyyətini güdür və onun həbsdə saxlanılma müddətinin əvvəlində nümayiş etdirə biləcəyi susma əzmini qırmaq məqsədini daşıyırdı. Bu mülahizələri nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, məxsusi olaraq ərizəçinin iradəsini tükəndirmək və onu dindirənlərə etiraflar etməyə məcbur etmək üçün düşünülmüş təhdidedici mühiti balanslaşdırmaqdan ötrü dindirmənin ilkin mərhələlərində ərizəçiyə vəkillə görüşmək imkan verilməli idi, bu, prosedurun ədalətliliyi məsələsi üçün lazım idi. Daxili məhkəmənin ərizəçinin susmasından 1988-ci il Qərarının 3-cü maddəsi əsasında onun əleyhinə nəticələr çıxarıb-çıxarmamasından asılı olmayaraq, inkar etmək olmaz ki, 3-cü maddədə əsasında ərizəçiyə edilmiş xəbərdarlıq həbsdə saxlanıldığı ilk günlərdə amansız dindirmələr silsiləsi qarşısında onun əlverişsiz vəziyyətini daha da əlverişsiz edirdi.

44. Məhkəmənin fikrincə, vəkillə görüşmək imkanından bu qədər uzun müddət ərzində və müdafiə tərəfinin hüquqlarına sonradan düzəldilməsi mümkün olmayan dərəcədə xələl gətirilən bir şəraitdə məhrum edilmə, bu məhrum edilməyə nə ilə haqq qazandırılırsa-qazandırılsın, təqsirləndirilən şəxsin 6-cı maddədə nəzərdə tutulmuş hüquqlarına ziddir (müvafiq dəyişikliklərlə bax: Con Mürreyin işi üzrə yuxarıda adı çəkilən qərar, s. 55, b. 66).

45. Daxili məhkəmə həqiqətən faktlar əsasında müəyyən etdi ki, ərizəçi qəddar rəftara məruz qalmayıb və ərizəçidən alınmış etiraf könüllü olub. Məhkəmə bu rəyi şübhə altına almır. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, ərizəçi qırx səkkiz saatdan artıq müddət ərzində hüquqi yardım almaq imkanından məhrum edilib və həbsdə saxlanıldığı ilk qırx səkkiz saatın sonunda öz əleyhinə verdiyi ifadələr ittiham tərəfinin ona qarşı arqumentləri üçün əsas baza olub və onun məhkum edilməsi üçün əsas olub.

46. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, vəkil yardımından məhrum edilmə məsələsində Konvensiyanın 6-cı maddəsinin 3 (c) bəndi ilə birlikdə götürülməklə 6-cı maddənin 1-ci bəndinin pozuntusu baş verib.

 

II. KONVENSİYANIN 6-cı MADDƏSİ İLƏ BİRLİKDƏ GÖTÜRÜLMƏKLƏ 14-cü MADDƏNİN İDDİA EDİLƏN POZUNTUSU

 

47. Ərizəçi şikayət etdi ki, milli mənşəyinə və (və ya) milli azlığa mənsubluğuna görə ona qarşı ayrı-seçkilik edilib. Konvensiyanın 14-cü maddəsinin müvafiq hissələrində deyilir:

“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli ... mənşə, milli azlıqlara mənsubiyyət ... və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”.

48. Ərizəçi bildirdi ki, İngiltərədə və Uelsdə terrorizmin qarşısının alınmasına dair qanunvericilik əsasında tutulan və həbsdə saxlanılan şübhəli şəxslər dərhal vəkillər görüşmək imkanına malik olmalıdırlar və dindirmədə onun iştirakı hüququna malikdirlər. Bundan əlavə, Şimali İrlandiyada 1988-ci il Qərarına əsaslanan mövqedən fərqli olaraq, həmin vaxt İngiltərədə və Uelsdə tutulmuş şəxsin susmasından onun əleyhinə nəticələr çıxarmaq olmazdı.

49. Hökumət ərizəçinin iddiasının əksinə olaraq qeyd etdi ki, sözügedən vaxtda adı çəkilən hər iki ərazidə terrorizmin qarşısının alınmasına dair qanunvericilik vəkillə görüşün məhdud sayda əsaslara görə qırx səkkiz saatadək ləngidilməsinə imkan verirdi. Bundan başqa, vəkil İngiltərədə və Uelsdə vəkillə görüşün ləngidildiyi müddətdə vəkilin dindirmədə iştirakına icazə verilmirdi. Ərizəçinin şikayəti konkret dövrə aid olduğuna görə, belə qənaətə gəlmək olar ki, həmin vaxt İngiltərədə və Uelsdə bu məsələyə dair mövqe və praktika Şimali İrlandiyada olduğu kimi idi. İstənilən halda, ərizəçinin istinad etdiyi fərqlər hər hansı şəxsi xarakteristikaya və ya statusa deyil, coğrafi məkana əsaslanırdı.

50. Məhkəmə xatırladır ki, Konvensiyanın 14-cü maddəsi Konvensiya ilə və onun Protokolları ilə tanınan hüquq və azadlıqların həyata keçirilməsində analoji vəziyyətdə olan şəxslərlə ayrı-seçkiliyə əsaslanan fərqli rəftara qarşı müdafiəni təmin edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Birləşmiş Krallığın tərkib hissələrində konkret sahələrə aid qanunvericiliyə heç də həmişə vahid yanaşma mövcud olmur. Fərdin qanunvericilikdən irəli gələn hüququ ilə bağlı tələb ortaya qoymasının mümkün olub-olmaması, müvafiq olaraq, sözügedən qanunvericiliyin coğrafi əhatə dairəsindən və fərdin həmin vaxt olduğu yerdən asılıdır. Məhkəmənin fikrincə, ərizəçinin istinad etdiyi məsələlərə dair İngiltərə və Uels qanunvericiliyi ilə 1988-ci il Qərarı arasında həbs edilmiş şübhəli şəxslərə qarşı rəftar məsələsində fərqə gəldikdə, bu fərq milli mənşə və ya milli azlıqlara mənsubluq kimi şəxsi xarakteristikalar baxımından deyil, şəxsin tutularaq həbs edildiyi coğrafi məkan baxımından izah edilməlidir. Bu, coğrafi fərqlərin, habelə obyektiv və ağlabatan xarakter daşıyan xüsusiyyətlərin qanunvericilikdə nəzərə almasına imkan verir. Hazırkı işdə bu cür fərq Konvensiyanın 14-cü maddəsində nəzərdə tutulan mənada ayrı-seçkilik xarakter daşıyan rəftara bərabər deyil.

51. Yuxarıda qeyd edilən səbəblərə görə Məhkəmə bu nəticəyə gəlir ki, Konvensiyanın 6-cı maddəsi ilə birlikdə götürülməklə 14-cü maddənin pozuntusu baş verməyib.

 

III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ

 

52. Konvensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.

 

A. Ziyan

 

53. Ərizəçi azadlığını real olaraq itirdiyinə və həbsxanaya salındığına, o cümlədən həbsdə saxlanıldığı müddətdə gəlirlərini itirdiyinə görə, eləcə də Konvensiyanın 6-cı maddəsinə zidd olaraq yanlış məhkum edilməsindən irəli gələn iztirab və sarsıntıya görə kompensasiya tələb etdi.

54. Hökumət bildirdi ki, Məhkəmə Konvensiyanın pozulduğunu müəyyən edərsə, bu nəticənin özü əvəzin ədalətli ödənilməsini təşkil etmiş olar.

55. Məhkəmə dindirmənin əvvəlində ərizəçinin vəkillə görüşmək imkanına malik olduğu təqdirdə ərizəçinin məhkəmə araşdırmasının nəticəsinin necə ola biləcəyi barədə ehtimallar yürüdə bilməz. O, Hökumətlə razılaşır ki, Konvensiyanın pozulduğunun müəyyən edilməsi faktının özü 41-ci maddənin məqsədləri üçün əvəzin ədalətli ödənilməsini təşkil edir.

 

B. Məhkəmə xərcləri və digər məsrəflər

 

56. Ərizəçi məhkəmə xərclərinə və digər məsrəflərə görə 52.426 funt sterlinq (GBP) tələb etdi (əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla). Bu məbləğ ərizəçinin iş üzərində işləmiş iki vəkilinin (25.000 GBP) və hüquq məsləhətçilərinin (27.426 GBP) qonorarlarından ibarətdir.

57. Hökumət bildirdi ki, bu məbləğ həddən artıq yüksəkdir və bilavasitə şikayətin xarakterinə uyğun deyil. Onun bildirdiyinə görə, ərizəçinin hüquq məsləhətçilərinin iddia etdiyi saatların miqdarı ağlabatan deyil və işin xüsusi “diqqət və davranış” tələb etməsi barədə onların iddiası şişirdilib. O, daha sonra belə bir faktı qeyd etdi ki, ərizəçinin vəkili nə işə sərf etdiyi vaxta dair hər hansı təfsilatları, nə də iş saatlarının tarifini təqdim etməyib. Hökumət hesab etdi ki, işin halları baxımından 5.000 GBP ağlabatan məbləğ təşkil edər, həmçinin nəzərə almaq lazımdır ki, Məhkəmə ərizəçinin şikayətlərinin çoxunu qəbul olunmayan elan edib.

58. Məhkəmə ədalət prinsipi əsasında qərar çıxararaq və onun tərəfindən ərizəçinin şikayətləri əsasında pozuntunun müəyyən edilməsi faktının yalnız vəkillə görüşmək hüququndan məhrum edilmə ilə əlaqədar olduğunu nəzərə alaraq, ərizəçiyə 5.000 GBP təyin edir, bu məbləğlərdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə edilməli və hüquqi yardım qismində ərizəçinin Avropa Şurasından aldığı məbləğ həmin məbləğdən çıxılmalıdır.

 

C. İcranın gecikdirilməsinə görə faiz

 

59. Məhkəmədə olan məlumata görə bu qərar çıxarılan tarixdə Birləşmiş Krallıqda tətbiq edilən, qanunla müəyyən olunmuş faiz dərəcəsi illik 7,5% təşkil edir.

 

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:

 

1. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 3 (c) bəndi ilə birlikdə götürülməklə 6-cı maddənin 1-ci bəndi pozulub;

2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsi ilə birlikdə götürülməklə 14-cü maddə pozulmayıb;

3. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 3 (c) bəndi ilə birlikdə götürülməklə 6-cı maddənin 1-ci bəndinin pozuntusunun müəyyən edilməsi ərizəçinin məruz qaldığı ziyanın əvəzinin ödənilməsini təşkil edir;

4. Qərara alır ki:

a) bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevrildiyi tarixdən sonra üç ay müddətində cavabdeh dövlət ərizəçiyə məhkəmə xərclərinə və digər məsrəflərə görə 10.000 (on min) avro ödəməlidir, bu məbləğlərdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə edilməli və hüquqi yardım qismində ərizəçinin Avropa Şurasından aldığı 4.100 (dörd min yüz) fransız frankı həmin məbləğdən çıxılmalıdır;

b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər ərizəçiyə illik 7,5%-ə bərabər olan adi faiz dərəcəsi ödənilməlidir;

5. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.

 

Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 6 iyun 2000-ci ildə qərar barədə yazılı məlumat verilmişdir.

 

J.-P. Kosta (J.-P. Costa)

Sədr

 

S. Dolle (S. Dollé)

Katib

 


[1] Katibin qeydi. Məhkəmənin qərarını Katiblikdən əldə etmək olar.